XİN: görüşlər, danışıqlar

post-img

Dekabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının  Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycanın AŞ-ya üzv olmasından ötən müddət ərzində insan hüquqlarının qorunması, qanunun aliliyi və demokratiyanın inkişafı sahələri üzrə təşkilatla yaxından əməkdaşlıq etdiyini, aidiyyəti üzrə bir sıra konvensiyalara qoşulduğunu, habelə müxtəlif birgə proqramların həyata keçirildiyini məmnunluqla qeyd edib.

Azərbaycan ilə AŞ arasında mövcud fəaliyyət planı üzrə görülən işlərdən bəhs edən tərəflər xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, medianın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın səmərəli nəticələr verdiyini bildiriblər.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, bu fəaliyyətə və vətəndaşlarımızın təhlükəsizliyinə hədə olan mina təhdidi, Qarabağ bölgəsindəki erməni sakinlərin reinteqrasiyası barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs edən nazir Ceyhun Bayramov, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğunun bu qəbildən olan ən böyük təhdidlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə, sözügedən antiterror tədbirlərinin görülməsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinin qarşısında duran maneələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Antiterror tədbirlərindən sonra bölgəyə səfər edən Avropa Şurası daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində irəli sürülən iddiaların əksinə, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının müşahidə olunmadığı vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı olub. 

Telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri barədə qarşı tərəfə məlumat verib. Bu ilin sentyabrında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

 

XQ



Son xəbərlər