Azərbaycan–Ermənistan: qarşılıqlı etimadın təsiri ilə sülhə doğru

post-img

Birgə açıqlamaya baxışın doqquz aspekti 

Gözlənilən idimi? Xeyr! Söhbət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasından gedir. Ancaq Günəş doğmadan nələr doğar, – deyiblər. Gün isə obrazlı desək, axşam saatlarında doğdu. Deməli, “gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır” deyimi bu məqamda aktuallığını itirdi. Əlbəttə, aktuallığını itirən təkcə bu deyim olmadı. Hazırda Bakı-İrəvan münasibətləri baxımından gərgin kimi görünən durumdan da əsər-əlamət qalmayıb. Yəni, aktuallığını itirən həm də gərginlikdir. 

Ümumən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının müştərək açıqlamasına bəzi aspektdən nəzər salmaq mümkündür. Əlbəttə, birinci aspekt elə gözlənilməzliyin özüdür. İlk baxışdan hər şeyin pisə, daha doğrusu, qeyri-müəyyənliyə doğru getdiyi bir vaxtda, birdən-birə hər iki dövlət özlərinin ali təmsilçiliyi səviyyəsində sülh niyyətini ifadə edir. Özü də nəinki ifadə edir, bunu konkret jestlərdə göstərir. Jestlər nədən ibarətdir, diqqətə çatdıracağıq...

İkinci aspekt. Azərbaycanın və Ermənistanın dövlət qurumlarının birgə açıqlaması tarixdə yaşanmış bir ilkdir. Ümid edək ki, gələcəkdə belə ilklər davamlı olacaq. Davamlılıq yaşadığımız Cənubi Qafqaz akvatoriyasında sülh və əmin-amanlığın təminatı baxımından vacibdir. 

Üçüncü aspekt. Həqiqətən də hazırda regionda sülh üçün yaxşı fürsət yaranıb. Əlamətdar haldır ki, həm Azərbaycan, həm də Ermənistan bu fürsəti dəyərləndirməyin zəruriliyini qəbul edir. Heç şübhəsiz, bu qəbuletmənin səmimiyyət üzərində qurulması sülh şəraitindəki əməkdaşlığın və birgə fəaliyyətin inkişaf düsturunu və xalqların rifahını doğuracaq amil rolunda çıxış edəcəkdir. Əlbəttə ki, hər iki tərəf səmimiyyətə sadiq qalacaqları təqdirdə. 

Dördüncü aspekt. Məlum olduğu kimi, Azərbaycan–Ermənistan sülh prosesində hər zaman vasitəçilər olub. Lakin əvvəl yaxın keçmişdəki formula əsaslansaq, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda, sonra, yəni 44 günlük müharibədən ötən müddətdəki nizamlamada həmin vasitəçilər böyük ölçüdə heç nəyi həll etməyiblər. Bir qayda olaraq, vasitəçilik dalana dirənib. Çünki bu institut özünü Cənubi Qafqaz üzrə qlobal maraqların təsirindən sığortalaya bilməyib. İndiki birgə açıqlama isə sülhə vasitəçilərsiz nail olmanın vurğulanması baxımından müstəsna əhəmiyyətə malikdir. 

Beşinci aspekt. Burada Azərbaycanın və Ermənistanın bir-birinin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini açıqlamaları üzərində dayanaq. Mövcud məqama söykənmək təhdid və təhlükə gözləntilərindən uzaqlaşmaq deməkdir. Bu isə gələcək qarşılıqlı münasibətlərin hərəkətverici trayektoriyasını həm müəyyənləşdirir, həm də inam və etibar mühiti yaradır. 

Altıncı aspekt. “Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Respublikası baş naziri aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub”. Əslində, bu cür ifadəolunma da az öncə diqqətə çatdırdığımızın davamı kimi qiymətləndirilə bilər. Başlıca cəhət isə tərəflərin etimad quruculuğunu ayrıca seqment kimi götürmələridir. Belə yanaşma, bir masada əyləşməklə bağlı ənənəvi psixoloji gərginliyi aradan qaldırır. Bu isə o deməkdir ki, masa real danışıqlar və söhbətlər üçün olacaq. 

Yedinci aspekt. Növbə haqqında söz açdığımız jestlərə gəldi. Yəni, sülh naminə konkret jestlərə nəzər salınması vacibdir. Azərbaycan 32 erməni, Ermənistan 2 azərbaycanlı hərbçini azad edib. Mövcud xüsusda vurğulanmalı başlıca prosesdə məqam humanizm prinsipinin rəhbər tutulmasıdır. Əlbəttə, gələcək qarşılıqlı fəaliyyətin və sülh quruculuğunun da bu prinsipə əsaslanması mütləqdir. Güman edirik ki, tərəflər məsələnin mahiyyətinə ciddi şəkildə önəm verirlər və qarşıdakı müddətdə də məsələyə tam ciddi yanaşacaqlar.

Səkkizinci aspekt. Hər halda, bu da tarixdə bir ilkdir. Söhbət birgə açıqlamada yer almış Ermənistan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsindən gedir. “Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”. Və Azərbaycan naminə Bakı və İrəvanın birgə çağırışı. “Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcəklər”. Azərbaycanın və Ermənistanın müəyyən beynəlxalq diskussiya auditoriyasına ünvanlanmış müştərək səslənişinin özü də tarixdə ayrıca bir ilkdir. 

Doqquzuncu aspekt. Əlbəttə, birgə açıqlamadakı ən böyük müştərək çağırış ifadəsi Cənubi Qafqaz regionu və sülhlə bağlıdır. Beynəlxalq ictimaiyyət iki ölkə arasında etimadın yaradılmasına töhfə verəcək, regona müsbət təsir göstərəcək səyləri dəstəkləməyə çağırılır. Məsələnin belə qoyuluşu da son dərəcə vacibdir. Əslində bu yanaşma özlüyündə Azərbaycan və Ermənistan münasibətlərini beynəlxalq maraqların inhisarından çıxarmağa xidmət edir. Deməli, Bakının və İrəvanın qarşıdakı əlavə etimad quruculuğu tədbirləri Cənubi Qafqaz müstəvisində hansısa manipulyasiyalara yol verilməməsi üçün immunitet qazanmalıdır. Yəni, beynəlxalq birliyin hər iki ölkəyə dəstəyində də səmimiyyət başlıca faktor kimi götürülməlidir. 

Sonda onu da deyək ki, daha bir əsas məqam tərəflərin qaşıdakı müddətdə sülh sazişinin imzalanması naminə həyata keçirəcəyi tədbirlərdir. Bu tədbirlər nə qədər tez olsa, bir o qədər vacibdir. Hələlik kağız üzərində olan səmimiyyət və xoş məram ifadəsi sanki bir dəmirdir. Dəmiri isə isti-isti döymək şərtdir. Ümid edək ki, bu şərt ödənəcək. 

 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət