Son 45 gündə 4 milyon manat dəyərində narkotik vasitələr dövriyyədən çıxarıb

post-img

Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması  istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə Bakı və respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlanılıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri  –  Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan  48 kiloqram  tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar  keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri Cəlilabad rayon sakini Sudef  Xəlilov saxlanılıb. Onun üzərindən,  avtomobilindən  və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb  saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər