Xoşbəxt Bağı oğlu Yusifzadə

post-img

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-pre­zidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri dokto­ru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyab­rın 3-də ömrünün 94-cü ilində vəfat etmişdir. 

Xoşbəxt Yusifzadə 1930-cu il yan­varın 14-də Bakı şəhərinin Pirşağı kən­dində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdır. 

Xoşbəxt Yusifzadə 1960-cı ildə ge­ologiya-mineralogiya elmləri üzrə na­mizədlik, 1987-ci ildə doktorluq disser­tasiyaları müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiya­sının həqiqi üzvü seçilmişdir. 

Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İns­titutunun Bakı filialında mühəndis-ge­oloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək “Dənizneft” Birliyində geoloji şöbə rəisinin müavini və “Az­neft” İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki “Neft Daşla­rı” Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963–1970-ci illərdə “Başdəniz­neft” İdarəsində şöbə rəisi, 1970–1992-ciillərdə isə “Xəzərdənizneft” Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 

Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından “Azərineft” Dövlət Konserni­nin birinci vitse-prezidenti olmuş, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vit­se-prezident və birinci vitse-prezident və­zifələrini tutmuşdur.

Akademik Xoşbəxt Yusifzadə Azər­baycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilmişdir. Həmin yataqların kəşfi ölkəmizin neft strategiya­sının milli mənafelərə uyğun gerçəkləş­dirilməsində mühüm əhəmiyyət kəsb et­mişdir. Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul və­zifələrdə çalışarkən öz təşkilatçılıq baca­rığı ilə ahəngdar şəkildə birləşdirirdi. 

Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problem­lərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləş­dirilməsi sahəsində fundamental araşdır­maların müəllifi kimi tanınmışdır. Onun elmlə istehsalatın sıx bağlılığını əyani tə­cəssüm etdirən tədqiqatları Xəzər dəni­zinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi me­todların tətbiqində xüsusi rol oynamışdır. Xoşbəxt Yusifzadənin apardığı tədqiqat­ların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapmışdır. Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirmiş, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğ­ruldaraq, ona həmkarları arasında nüfuz qazandırmışdır. 

Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyə­ti daim yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatla­rı – “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. 

Görkəmli neftçi-alim və geoloq, səmi­mi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. 

Allah rəhmət eləsin! 

 

İlham ƏLİYEV,

Mehriban ƏLİYEVA,

Əli ƏSƏDOV,

Sahibə QAFAROVA,

Samir NURİYEV,

Eldar ƏZİZOV ,

Şahmar MÖVSÜMOV,

Fərəh ƏLİYEVA,

Mikayıl CABBAROV ,

Pərviz ŞAHBAZOV,

Emin ƏMRULLAYEV,

Rövşən NƏCƏF,

İsa HƏBİBBƏYLİ,

Akif ƏLİZADƏ ,

İbrahim QULİYEV

Son xəbərlər