USAİD üçün “qara gün”: saxta demokratlardan “No-War”çularadək

post-img

Yaxud ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “rəngli inqilab” planlarına sözardı

Qərbin, o cümlədən ABŞ-ın dünyanın müxtəlif bölgələrində inqilablar gerçəkləşdirməsi təcrübəsi çağdaş dünyamızın acı reallığıdır. Bu reallıq insan hüquqlarının, söz və ifadə azadlığının müdafiəsi qiyafəsinə bürünərək, müstəqil dövlətlərin daxili işlərinə qarışmaq niyyətinin gerçəkləşdirilməsini rəhbər tutur. Hazırda Gürcüstanda baş verən proseslər isə mövzu barədə söz açmaq üçün ciddi əsas yaradır. Elə isə qonşu ölkədə nələrin yaşandığına diqqət yetirməklə mövzumuza keçid alaq. 

Sual olunur: Gürcüstan parlamen­tinin sədri Şalva Papuaşvilinin “qara gün” məntiqi nədən irəli gəlib? Hər hal­da, cənab Papuaşvilinin söylədikləri, kifayət qədər, incə məqamların vurğu­lanmasıdır. Məsələn, o deyir ki, USAID, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi nəyə görə Amerika xalqının pullarının başqa ölkədə iğtişaşları yaratmaq, zo­rakı qruplar hazırlamaq üçün getdiyinə izahat gətirməlidir. Yəni, spiker izahatın olmamasını “qara gün” adlandırır. An­caq məsələ ondadır ki, Amerikada belə günlərə öyrəncəlidirlər. Ola bilər, Şalva Papuaşvilinin söylədiklərinə heç əhə­miyyət də vermirlər.

Göründüyü kimi, Gürcüstan parla­menti sədrinin iddiası ciddidir. Daha ciddi olan onun bu fikirlərindən sonra ölkənin Dövlət Təhlükəsizliyi Xidməti­nin fəaliyyətə keçməsidir. Xidmət bəyan edib ki, USAID proqramı çərçivəsin­də Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nü­mayəndələri Gürcüstana gələrək, hö­kumətin devrilməsi prosesində həlledici rol oynayacaq mülki fəallar üçün təlim keçiblər. Dövlət qurumu konkret sübut­lar da təqdim edib ki, həmin sübutların, eləcə də ayrı-ayrı detalların üzərində dayanmağa ehtiyac duymuruq. Başlıca məqam Gürcüstana təlim keçmək üçün gələn şəxslərin 2003-cü ildə ölkədə baş vermiş inqilabi hadisələrlə əlaqəli olma­larının vurğulanmasıdır. Daha vacibi isə onların müxtəlif illərdə Serbiyada, Ukraynada və digər ölkələrdə analoji proseslərlə bağlılıqlarıdır. Deməli, indiki durumda CANVAS təşkilatı Serbiyada­kı inqilabçı “Otpor”un, Gürcüstandakı “Kmara”nın oxşarıdır. Yeri gəlmişkən, bildirək ki, Gürcüstan DTX iki həftə əv­vəl də bildirmişdi ki, ölkədə qarşıdakı müddətdə, konkret olaraq oktyabr-de­kabr aylarında hakimiyyət dəyişikliyi planlaşdırılır və nəzərdə tutulanların, eyni zamanda zorakı üsullarla həyata keçirilməsinə hazırlıq gedir. 

***

Əlbəttə, Gürcüstanda yaşananlar aysberqin görünən tərəfidir. Əvvəldə də vurğuladığımız kimi, Birləşmiş Ştatların müxtəlif təşkilatlar vasitəsilə müstəqil ölkələrin daxili işlərinə qarışmasına, eləcə də siyasi proseslərə müdaxilə­sinə dair nümunələr az deyil. Ancaq indi Gürcüstan müstəvisində yaşanan­lar onu göstərir ki, ABŞ özünün keçmiş­dəki ampluasına sadiqdir. 

Bəli, USAİD-in adı həmişə siyasi proseslərə açıq müdaxilə, hakimiy­yət çevrilişlərinə cəhd və sair bu sa­yaq məsələlərdə hallanıb. Təşkilatın 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırdığı məlumdur. Bu yerdə onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin alt qolu kimi yara­dıldığını da vurğulamaq yerinə düşər. 

***

Azərbaycana gəldikdə, bildirək ki, ümumən USAİD, NED, həmçinin Frid­rix Nauman, Marşall fondları, İREX və digər bu kimi qurumlar ölkəmizdə si­yasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə məqsədilə öz şəbəkələrini formalaşdırmağa çalışıblar. Yəni, bu gün Gürcüstanın üzləşdiyi problemlər bizə yad deyil. Ancaq onların ölkəmiz­dəki “işləri” heç də rəvan getməyib. Qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan Qərbin bir çox destruktiv institutlarının “planlarının” boşa çıxdığı ölkədir və bunun səbəbi həm xalq – ha­kimiyyət vəhdətinin mövcudluğunda, həm də idarəçilik sisteminin çevikliyin­dədir. Təbii ki, ilk növbədə, birinci amili vurğulamaq lazımdır. 

Bəli, bir qayda olaraq, rəngli inqilab­lar ssenarisi xalq – iqtidar vəhdətinin zəif, xüsusən sosial təminatların aşağı olduğu yerlərdə gerçəkləşməkdədir. Əlbəttə, Liviyada Qəzzafi hakimiyyə­tinin devrilməsi ilə müşayiət edilən hadisələrə nəzərən, bunun əksinin ya­şandığı halların mövcudluğunu da deyə bilərik. Hesab edirik ki, bu zaman vur­ğuladığımız ikinci amilin aktuallığı mey­dana çıxır. Yəni, idarəçilikdə səriştənin çatışmazlığı, monolitliyin olmaması, istər-istəməz, boşluqlar yaradır... 

***

USAİD-dən danışırıqsa, bu qurum Azərbaycanda 1991-ci ildən fəaliyyət­dədir və demək olmaz ki, qarşıdurma və gərginlik yaratmağa cəhd göstər­məyib. Onun gerçəkləşdirdiyi layihələr pafoslu təqdimatlarında göstərildiyi kimi, heç də vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyib. Yəni, quru­mun faydalı məramı istisnadır. Əksinə, müxtəlif təşəbbüslərini təhlil edərkən belə qənaət formalaşıb ki, USAİD-in layihələrinin leytmotivini siyasi proses­lərə müdaxilə, qarışıqlıq yaratmaq, ma­nipulyasiya etmək təşkil edib. 

Manipulyasiyadan söz düşmüşkən, Qərb institutlarının bu baxımdan daha çox üstünlük verdikləri sahə media­dır. Onların məhz media müstəvisində hərəkətə keçərək, söz və ifadə azad­lıqlarından sui-istifadə yolu tutduqları aşkardır. Nəticə etibarilə müxtəlif dövr-lərdə sahəyə aidiyyəti olmayan şəxs­lərin cəmiyyətə peşəkar jurnalist adı ilə sırındığı məlumdur. Halbuki, həmin şəxslərin qələmə aldıqları, fakt adı ilə çəkib göstərdikləri, böyük ölçüdə, şər və böhtandan, şəxsi həyata müdaxilə hallarından başqa heç nə olmayıb. 

...Belələrinin jurnalist araşdırması şəklində ortaya qoyduqları məhsulla­rın, əslində, lokal mənafelərin icrasına hesablandığı aşkar həqiqətdir. Hər hal­da, onlar özlərinə yatırılan sərmayəni doğrultmağa çalışıblar. Sərmayəyə gəldikdə, deyək ki, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inki­şafı” üçün 2,4 milyon dollar məbləğində vəsait ayırmışdı. Onu da bildirək ki, bu vəsait qrant şəklində idi. Qrant müsa­biqəsi isə qısa zamanda, qeyri-şəffaf formada keçirilmiş, müsabiqəyə qu­rumun ölkəmizdəki “rezidentlərinin” münasib bildiyi media orqanları bu­raxılmışdı. Əlbəttə, USAİD-in elə tələb­ləri var ki, onları yerinə yetirmək üçün gərək “inanılmış” şəxslər müəyyənləş­sin. Hər adama maliyyəni etibar etmək mümkün deyil. Amerikalılar belə düşü­nürlər və bu zaman qrant monopoliya­sına ehtiyac duyulur. Deməli, media və QHT şəbəkəsi formalaşdırmaq zərurəti meydana çıxıb. 

Şəbəkəni isə USAİD-lə yanaşı, ABŞ Milli Demokratiya İstitutu (NDİ) adlandı­rılan qurum da reallaşdırıb. Yeri gəlmiş­kən, adını sonuncu çəkdiyimiz təşkila­tın Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsinin öz bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylaması faktdır. Axı, şəbəkə üzvlərinin “yemlənməsi” mütləqdir. 

Söhbət ki, “yemlənmədən” düşdü, bir məqamı xüsusi vurğulamağa ehti­yac var. USAİD vaxtilə Azərbaycanda işlədiyi təşkilat və hərəkatlara maliyyə­ni məhz Gürcüstan üzərindən ötürüb. Deməli, gərək bu ölkənin hökuməti belə yarıtmaz halları zamanında diqqətdə saxlayaydı. İndi çanax onun öz başında çatlamaqdadır. 

***

Qeyd etdiyimiz kimi, Azərbaycanda xalq – hakimiyyət vəhdəti USAİD və onun kimi təşkilatların qol-qanad açma­larına imkan tanımır. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra bu vəhdət daha da güclüdür. Deməli, belə qurum­ların cəmiyyətə təsir imkanları, ayrı-ayrı təbəqələri ələ almaq, kimlərisə vasitəyə çevirmək şansları azdır. Ancaq onlar “fəaliyyətlərinə” ara vermirlər. Maraq­lı cəhət isə odur ki, bu dirəniş əzmi getdikcə primitiv xarakter almaqdadır. Məsələn, indi USAİD-çilər “No-War”­çular deyilən lokal qrupu dövriyyəyə salaraq, Azərbaycan cəmiyyətində müharibə əleyhinə çağırışlar səsləndi­rirlər. Əlbəttə, heç bir xalq, o cümlədən Azərbaycan xalqı müharibə arzulamır. Ancaq, bu, heç də o demək deyil ki, ölkəmiz öz haqları uğrunda mübarizə aparmamalıdır. USAİD-in “No-War”çu­larına qalsa, gərək Vətən müharibə­si ilə ərazi bütövlüyümüzü, antiterror tədbirləri ilə suverenliyimizi bərpa et­məməli idik. Yəni, onların təbliğatları buna söykənib. Bunun isə həm də er­məni dəyirmanına su tökmək olduğunu hər birimiz çox yaxşı dərk edirik. 

Ümumən, cəmiyyətimiz USAİD və digər təşkilatların Azərbaycana hansı təlimatlarla gəldiklərini gözəl bilirik. Bu bilgi isə kifayət qədər, ciddi immunitet və əminlikdir. Əminik ki, Azərbaycanda heç bir anti-milli resursların işə düşmə­si, mövcud sahədə möhtəkərlik istəkləri reallıqla səsləşməyəcəkdir. 

R.ƏVƏZ
XQ

Siyasət