Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin foyesində Ulu Öndərə həsr olunan fotoşəkillərdən ibarət sərgi təşkil edilib.
Deputatlar və Ali Məclisin məsul əməkdaşları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş və dahi şəxsiyyətin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşadığı, Ali Məclisin deputatı və Sədri işlədiyi dövrlərdə siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük yerə malikdir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi və suverenliyi üçün qəbul edilmiş böyük tarixi qərarlardan - 70 ildən sonra üçrəngli bayrağımızın ilk dəfə Naxçıvanda qaldırılması və muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılmasından, eləcə də Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməməsinin tarixi əhəmiyyətindən danışan Azər Zeynalov 1990-cı illərin əvvəllərində dahi şəxsiyyətin Naxçıvanda olması, fəaliyyət göstərməsi və naxçıvanlıların da Ulu Öndərin ətrafında sıx birləşməsi nəticəsində muxtar respublikanın işğaldan qurtulduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə Ümummilli Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb, iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilib. 1993-cü il iyun ayının əvvəllərində hakimiyyət böhranı bütün ölkəni cənginə almışdı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək, 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin gündən etibarən Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Beləliklə, tarix üçün qısa zaman ərzində Azərbaycan mühüm nailiyyətlər qazandı. Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyev yolu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.