Məfkurə irsimizin yorulmaz tədqiqatçısı

post-img

Azər Turan – 60

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş  redaktoru Azər Turanın 60 illik yubileyi qeyd edilib.

Yubiley mərasimini Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Mətbuat Şurasının sədri, şair-publisist Rəşad Məcid açaraq Azər Turanı müstəqilliyimizin yetirdiyi ədəbi simalardan biri, fədakar ədəbiyyatşünas, istiqlal irsimizin yorulmaz araşdırıcısı, çağdaş ədəbi prosesin fəal təşkilatçılarından biri kimi dəyərləndirdi. Aparıcı yubilyarın çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verdi, ədəbiyyatımızda və mədəniyyətimizdə Azər Turanın təşviqedici rolundan danışdı.     

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli  Elmlər Akademiyasının  Prezidenti, akademik İsa Həbibbəyli, Xalq yazıçıları Çingiz Abdullayev və Kamal Abdulla, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, akademiklər Teymur Kərimli, Muxtar İmanov və Nizami Cəfərov, filologiya elmləri doktoru Elnarə Akimova və başqaları Azər Turanın yaradıcılığının  ideya-məfkurəvi və estetik önəmindən söhbət açdılar. 

Qeyd edildi ki, akademik Bəkir Nəbiyevin elmi rəhbərliyi ilə “Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları” mövzusunda dissertasiya müdafiə etmiş Azər Turan “Hüseyn Cavid” və “Qızıl kəlmə” mükafatları laureatıdır. Alim türk   düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini davamlı tədqiq edir. Mahmud Kaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Cəmaləddin Əfqani, Yusif Akçura, Mehmet Akif Ərsoy, Yahya Kamal, Fuad Köprülü, Nihal Atsız, Rıza Nur, Zəki Vəlidi, Bəkir Çobanzadə, Cənab Şəhabəddin, Əhməd Haşim, Nəcib Fazil, Nazim Hikmət, Orxan Vəli, Edip Cansevər, Cahit Sıtkı, Camal Süreya, Çingiz Dağcı, Çingiz Aytmatov və başqaları haqqında silsilə yazıları Azər Turana Azərbaycanda və xarici ölkələrdə geniş elmi rəğbət qazandırıb. Yubilyar 30-a qədər maraqlı kitabın müəllifidir, bir neçə filmin ssenarisini yazıb. Alim-publisist kimi İstanbul, Ankara, Moskva, Tbilisi, Almatı və Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib. Onun baş redaktorluğu dövründə “Ədəbiyyat” qəzetinin fəaliyyəti əsaslı surətdə canlanıb, nəşrin nüfuzu və ədəbi-mədəni həyata təsiri yüksəlib.

Sonda Azər Turan çıxış edərək bu günün onun həyatında mühüm məqamlardan biri olduğunu qeyd etdi və tədbirə qatılan hər kəsə minnətdarlığını bildirdi.

Ə.ƏLİYEV 
XQ

 

Son xəbərlər