Dünya nəhəngi “Maersk” Azərbaycanı seçib

post-img

Danimarkanın logistika şirkətinin yeni marşrutu ölkəmizdən keçəcək

Hələ keçən ilin may ayında Danimarkanın “Maersk” logistika şirkətinin mətbuat xidməti Asiyanı Mərkəzi Asiya vasitəsilə Avropaya birləşdirməklə Azərbaycandan keçən yeni dəmiryol və dəniz marşrutu hazırladığı barədə məlumat yaymışdı. Açıqlamada marşrutun hazırlıqlarına həmin ilin mart ayından başlanıldığı və ilk reysin aprel ayında Çindən yola düşəcəyi bildirilirdi. 

Xatırladaq ki, həmin vaxt nəzər­də tutulduğu kimi, marşrut fəaliyyətə başlayaraq, konteynerlər Çinlə Qa­zaxıstan sərhədindəki Horqos yaşa­yış məntəqəsini keçərək dəmir yolu ilə Aktau stansiyasına, daha sonra isə dəniz yolu ilə Azərbaycana çatıdırılmış və buradan Gürcüstanın Poti limanına, həmçinin fider gəmisi ilə Konstantsaya (Rumıniya) yola salınmışdı. Beləliklə, yük adıçəkilən ölkədən dəmir yolu va­sitəsilə Avropa dövlətləri ərazisindən keçməklə müxtəlif məntəqələrə çatdı­rılmışdı.

Şübhəsiz ki, o vaxtdan, təxminən, bir il ərzində dünyanın ən böyük logis­tika şirkəti uğurla sınaqdan keçirdiyi bu logistika infrastrukturunun mükəmməl həddə gətirilməsi məqsədilə müəyyən layihələr reallaşdırıb və bu günlərdə marşrutun Azərbaycan vasitəsilə ABŞ və Avropanı Mərkəzi Asiya ilə birləşdir­diyini elan edib.

Yeri gəlmişkən, “Maersk” 80 min nəfərə yaxın işçi heyəti olan, baş ofisi Kopenhagendə yerləşən və 135-dən çox ölkədə törəmə qurumları yerləşən Danimarka şirkətidir. Bu böyük nəq­liyyat-logistika müəssisəsi konteyner daşımalarında dünya lideridir və qlobal bazarın, təxminən, 20 faizinə nəzarət edir. Şirkət, həmçinin dünyanın bir çox ölkələrində neft və qaz hasilatı, o cümlədən yüzlərlə tankerdən ibarət öz donanmasından istifadə etməklə “qara qızıl”ın nəqli ilə məşğuldur.

“Maersk”in mətbuat xidmətinin bir neçə gün bundan əvvəl yaydığı mə­lumata əsasən, şirkət Azərbaycan vasitəsilə dünyanın aparıcı istehsalçı ölkələrini cəlbedici Asiya bazarları ilə birləşdirəcək yeni nəqliyyat həlləri­ni artıq hazırladığını fəxrlə bildirib və sözügedən bu nəqliyyat həllinin Uzaq Şərq, Aralıq dənizi və Avropa ölkələri­ni Mərkəzi Asiya bazarları ilə mükəm­məl şəkildə qovuşduracağını əminliklə diqqətə çatdırıb. Mətbuat xidmətinin xəbərində daha sonra vurğulanıb: “Yeni marşrut xətti layihəsi dəniz və dəmir yolu nəqliyyatı üçün kompleks intermo­dal həlldir və yük daşımaları, xüsusilə, istehlak malları və texnologiyasının Mərkəzi Asiyada davamlı şəkildə ge­nişlənən istehlak bazarlarının səmərə­liliyinin artırılmasını şərtləndirir. Bu yeni fərdiləşdirilmiş həll, ilk növbədə, Qazaxıstan və Özbəkistana yönəldilsə də, Türkmənistan, Tacikistan və Qır­ğızıstan kimi qonşu ölkələrdə gələcək logistika təklifləri üçün əsas amil olaraq mühüm önəm daşıyır”.

Hazırda nüfuzlu nəqliyyat-logistika şirkəti “Maersk” adıçəkilən marşrutun əhatə dairəsini genişləndirir və yükləri ABŞ və Uzaq Şərqdən Azərbaycan­dan keçirməklə Orta Asiya bazarları­na daşıyır. Şirkətin yaydığı məlumata əsasən, Gürcüstanın Poti limanı “Ma­ersk”in qlobal okean şəbəkəsi ilə əsas əlaqədir. Bu limandan yüklər asanlıqla dəmir yolu ilə Bakıya çatdırılır.

Onu da deyək ki, “Maersk” sözüge­dən marşrutun səmərəliliyi məqsədilə ötən bir il ərzində Çin və Avropanı bir­ləşdirən yenilənmiş dəmir yolu servisini işə salıb. Yükdaşımaların Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya əraziləri ilə həyata keçiriləcəyi planlaş­dırılıb. 

Mütəxəssislərin bildirdiklərinə görə, bu marşrutun ünvana çatdırılması, təx­minən, 40 gün çəkir. Konteynerlər Çin və Qazaxıstan sərhədindəki Xorqos məntəqəsini keçdikdən sonra dəmir yolu ilə Qazaxıstanın Aktau stansiya­sına çatdırılır və oradan Bakıya ge­dən barjalara yenidən yüklənir. Eyni zamanda, yüklər paytaxt Bakıdan də­mir yolu ilə Poti limanına, Gürcüstanın “APM Terminals Poti” operatorunun terminalına çatdırılır, oradan Rumıni­yanın Konstansa limanına gedən gə­milərə yüklənir və daha sonra isə dəmir yolu ilə Avropanın müxtəlif məntəqələ­rinə daşınır.

Qeyd edək ki, “Maersk” müəllifi ol­duğu marşrutun səmərəliliyini artırmaq məqsədilə Gürcüstan, Azərbaycan, Özbəkistan və Qazaxıstanda xüsusi avtomobil parkı vasitəsilə əlaqələr ya­radıb. Çinin “Juyan” nəqliyyat–logistika şirkəti də Qazaxıstan və Azərbaycan üzərindən Avropaya ilk konteyner qa­tarını yola salıb. Eyni zamanda, “Ma­ersk”in tabe qurumu olan “Moller-Ma­ersk” də Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Av­ropanı Çinə birləşdirən marşrut üzrə yenilənən dəmir yolu yükdaşıma xid­mətinə başladığını elan edib. 

“Maersk” şirkətinin məlumatında deyiir: “Nəqliyyat həlli bütün əməliy­yat prosesinin monitorinqinə və idarə edilməsinə cavabdeh olan xüsusi idarəetmə qülləsi komandası tərəfin­dən dəstəklənir. Bu komanda yüklərin idarə edilməsinə rasional və əlaqələn­dirilmiş yanaşmanı təmin edir, real vaxt yeniləmələrini reallaşdırır və yol boyu yarana biləcək potensial problemlərin həllni gerçəkləşdirir”. 

Sonda bir məqamı da xatırlatmaq istərdik. Bu gün mövcud şərait Rusi­yanı da öz ixrac-idxal yükləri üçün al­ternativ marşrutlar axtarmağa vadar edir. Bu marşrutlar arasında ölkəmizin ərazisi şübhəsiz ki, daha sərfəli və cəl­bedicidir. Çünki Azərbaycan artıq bey­nəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cə­nub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanınır. Ölkəmizin tərəfdaşları ilə birlikdə bu nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini tə­min etmək üçün praktik işlər görülür. Hökumət tərəfindən dəhlizlərin inkişa­fına mühüm vəsait ayrılması, respubli­kamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmi­rinin aparılması bunun bariz ifadəsidir. 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) Assosiasiyası hazırda Sinqapurla bir­likdə Orta Dəhlizin rəqəmsallaşması konsepsiyasını yaradır. Adıçəkilən as­sosiasiyanın baş katibi Haydar Abdike­rimovun mediaya bildirdiyinə görə, bu gün dəhlizin detalizasiyası üzrə işlər görülür və Sinqapur, Bolqarıstan və Litva kimi ölkələrin bu marşruta qoşu­lacağı gözlənilir. 

XQ

Son xəbərlər