İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans

post-img

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə öncə qonaqlar mövzu ilə əlaqədar hazırlanan videoçarxa bax­mış, daha sonra Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxun­muşdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götü­rülmüş vətəndaşlarla əlaqədar Döv­lət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq konfransın iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətinə toxunmuş, mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkmişdir. Dövləti­mizin başçısının əsir-girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daima xüsusi həssaslıqla yanaşdığını bildirən Komissiya sədri Birinci Qara­bağ müharibəsində itkin düşmüş 3890 nəfər vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində son illərdə gö­rülmüş işlər barədə ətraflı məlumat ver­miş, 2021-ci ilin fevral ayından başlaya­raq, həmin şəxslərə aid olması ehtimal edilən məzar yerlərində aşkar edilən meyit qalıqlarının eyniləşdirilməsinin in­tensiv şəkildə həyata keçirildiyini demiş­dir. O, Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin tərkibində yaradılmış və ən müasir avadanlıqlarla təchiz edil­miş genetik laboratoriyada meyit qalıq­larının eyniləşdirilməsi imkanlarından geniş söhbət açaraq, komissiyanın fəa­liyyətinə və itkin vətəndaşlarımızın tale­yinin müəyyən edilməsi işinə göstərdiyi dəstəyə və diqqətə görə ölkə başçısına dərin təşəkkürünü ifadə etmişdir.

Vurğulanmışdır ki, son günlər ərzin­də eyniləşdirilməsi aparılan və ictima­iyyətə açıqlanan 15 nəfərdən başqa, Dövlət Komissiyasının səyləri və gö­rülən təxirəsalınmaz tədbirlərlə konfrans ərəfəsində 1-i mülki şəxs və 9-u hərbçi olmaqla, 10 nəfər vətəndaşımızın meyit qalıqları eyniləşdirilmişdir. Xidmət rəisi Əli Nağıyev onların sırasından “Azər­baycanın Milli Qəhrəmanı”, vaxtilə təh­lükəsizlik orqanlarının əməkdaşı olmuş, Birinci Qarabağ müharibəsində böyük igidlik və şücaət göstərmiş, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüş Riad Əhmədo­vun müəyyən olunmasının ciddi ictimai hadisə olduğunu xüsusilə qeyd etmişdir.

Dövlət Komissiyasının sədri Ermə­nistanın qeyri-konstruktiv və humaniz­mə zidd addımlarından əl çəkməklə dəqiq mina xəritələrini və məzar yerlə­ri barədə məlumatları təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın axtarışı pro­sesinin daha sürətlə aparıla biləcəyin­dən də danışmışdır. Əli Nağıyev rəsmi Yerevanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırmış və bildirmişdir ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə və xeyli müddətdir davam edən humani­tar böhranın aradan qaldırılmasına sə­bəb olardı.

Komissiya sədri bəzi erməni ideoloq­ların azərbaycanlılarla ermənilərin birgə yaşamasının qeyri-mümkünlüyünə dair fikirlərinə də münasibət bildirmiş, mo­noetnik Ermənistandan fərqli olaraq çoxmillətli və çoxkonfessiyalı Azərbay­canda bütün xalqların nümayəndələri ilə yanaşı, ermənilərin də daim sülh və rifah içində yaşadığını nəzərə çatdırmış, ölkəmizin erməni əhalisini azərbaycan­lılarla birgəyaşayış mühitini formalaşdır­mağa dəvət etmişdir.

Çıxışının sonunda Əli Nağıyev beynəlxalq konsfransın itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması məsələsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu söyləmiş, tədbirdə iştirak edən müvafiq sahə üzrə ixtisas­laşmış alim və mütəxəssislərin öz bilik və təcrübələri ilə bölüşdükləri üçün onla­ra minnətdarlığını çatdırmış, gələcəkdə görüləcək işlər sayəsində itkin düşmüş digər vətəndaşlarımızın da taleyinə tez­liklə aydınlıq gələcəyinə, bu işdə Dövlət Komissiyasının beynəlxalq humanitar təşkilatlarla birgə fəaliyyətinin daha nə­ticəyönümlü olacağına inandığını, itkin­lərin tapılması məqsədilə qarşıya qoyul­muş vəzifələrin bundan sonra da bütün mümkün imkanlar səfərbər olunmaqla lazımi səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirmişdir.

Sonra konfrans sözügedən sahədə əldə olunan nailiyyətlər və həllini göz­ləyən problemlər, itkin düşmüş şəxslər­lə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlət­lərin qarşılıqlı əlaqələrinin gücləndiril­məsi vasitələri, itkin düşmüş şəxslərə aid meyit qalıqlarının yerinin müəyyən edilməsində müasir texnologiyaların tətbiqi, ölkələrarası təcrübə mübadilə­si, hökumətlərlə itkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mövzula­rında panel müzakirələrlə və çıxışlarla davam etmişdir.

***

Sonra konfrans işini sessiyalarla da­vam etdirib. 

“İtkin düşmüş şəxslərlə bağlı möv­cud beynəlxalq çərçivə və silahlı mü­naqişə tərəfləri olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi vasitələri” mövzusunda birinci sessiyada Meksika­dan olan müstəqil ekspert Kristofer Bal­linas Valdes moderatorluq edib. 

İclasda əsas məruzəçi qismində çıxış edən Azərbaycanın xarici işlər na­zirinin müavini Fariz Rzayev bildirib ki, ölkəmiz 30 ildir itkin düşən şəxslərin tale­yinin müəyyənləşdirilməsi problemindən əziyyət çəkir. “Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan ya­yınır”, – deyən nazir müavini insanların qeyri-qanuni şəkildə girov götürülməsini insan hüquqlarına zidd addım adlandı­rıb. Mina problemi məsələsinə toxunan F.Rzayev bununla bağlı ölkələr arasında məlumat mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhkəmə koordinatoru xanım Elif Gün­çenin moderatorluq etdiyi “İtkin düşmüş şəxslərin problemi ilə bağlı irəliləyişlər və problemlər, o cümlədən məhkəmə eks­pertizasından və digər inkişaf etməkdə olan texnologiyalardan istifadə etməklə itkin düşmüş şəxslərin qalıqlarının yeri­nin effektiv müəyyən edilməsi” mövzu­sunda ikinci sessiyada çıxış edən Azər­baycan Respublikası Baş prokurorunun müavini–hərbi prokuror Xanlar Vəliyev bildirib ki, işğaldan azad olunmuş əra­zilərdə aşkarlanmış kütləvi məzarlıqlar­dan, ümumilikdə, ən azı, 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb.

Həmçinin bildirilib ki, dəfələrlə mü­raciət olunmasına baxmayaraq, Ermə­nistan kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən qəsdən yayınır. 

Konfransda Beynəlxalq Münasibət­lərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluq etdiyi “Təsirə məruz qalan ölkələrin nümayən­dələrinin iştirakı ilə təcrübə mübadiləsi” mövzusunda üçüncü sessiyada Bolqa­rıstanın və Xorvatiyanın sabiq prezi­dentləri Rosen Plevneliyev və İvo Yosi­poviçin videomüraciətləri dinlənilib.

İclasda çıxış edən Azərbaycan Res­publikası Əsir və itkin düşmüş, girov gö­türülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, təxirəsalın­maz tədbirlər nəticəsində mütəxəssislə­rimiz tərəfindən itkin düşmüş 25 nəfərin identifikasiyası mümkün olub. Onlardan 15 nəfəri barədə cari ilin avqust ayında ictimaiyyətə məlumat verilmişdi. Daha 10 nəfərinin şəxsiyyəti müəyyənləşdi­rilib. Onlardan 9-u hərbçi, 1-i isə mülki şəxsdir. 

“Hökumətlər və itkin düşmüş şəxslə­rin ailələri arasında əməkdaşlıq” mövzu­sunda sonuncu – dördüncü sessiyada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Şaban Şayev moderator­luq edib. İclasda Azərbaycandan, Bos­niya və Herseqovinadan olan ailələrin üzvləri çıxış edib, İtkin düşmüş şəxslər ilə iş üzrə cavabdeh Peru hökuməti nü­mayəndəsinin və İtkin düşmüş şəxslər üzrə hökumətə məsləhətçı qismində çıxış edən Kolumbiya ailə assosiasiyası nümayəndəsinin videomüraciətləri din­lənilib. 

Konfransın bağlanış mərasimində əvvəlcə yekun Bəyannamə qəbul edilib. 

XQ

Son xəbərlər