Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi - Albaniyanın ATA, Bolqarıstanın BTA və Filippinin PNA informasiya agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Valbona Zhupa, BTA-nın baş direktoru Kiril Volçev, PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblar.
Müqavilələr gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.
Xatırladaq ki, AZƏRTAC və BTA agentliyi arasında əməkdaşlığa dair ilk sənəd 2004-cü ildə, ATA agentliyi ilə isə 2006-cı ildə imzalanıb. Filippinin PNA informasiya agentliyi ilə ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlanır.
***
Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycanın “ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi ARB telekanalının icraçı direktoru Radik İsmayılov və Qırğızıstanın Milli Teleradio Korporasiyasının direktor müavini Ulanbek Satiyev imzalayıblar.
Razılaşma gündəlik xəbər mübadiləsini, əməkdaşların qarşılıqlı səfərlərinin təşkilini, birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.
“Xalq qəzeti”


