Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Məclisi giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, gündəliyə İcraiyyə Komitəsinin və Aparatın 2023-cü ilin II yarımilliyi üçün iş planı, 2024-cü ildə üzv təşkilatlarda hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsi, Məclisin tərkibində dəyişiklik edilməsi, Gənclər Şurasının yeni heyətinin və sədrinin təsdiq edilməsi, digər cari və təşkilati məsələlər daxil edilib.
Qeyd edilən məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb. İcraiyyə Komitəsinin qərarı ilə Gənclər Şurasının yeni tərkibi təsdiq edilib və Qara Ağayev sədr seçilib. Digər məsələlər də səsə qoyularaq müvafiq qərar qəbul edilib.
Sonda Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik texnikası kimi məsələlər üzrə qayda və normalara əməl edilməsini tövsiyə edib. AHİK sədri müraciətlərin dərindən araşdırılması, şəhid ailələrinin və qazilərin problemlərinə həssaslıqla yanaşılması, eləcə də işçilərin istirahəti, müalicəsinin təşkili və sağlamlığının qorunması ilə bağlı tapşırıqlar verib.
“Xalq qəzeti”

