Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır. Belə ki, iyunun 29-da müxtəlif ölkələrin 32 qeyri-hökumət təşkilatı tərəfindən imzalanmış bəyanatı dəstəkləyənlərin sayı artıq 70-ə yaxındır. Deməli, beynəlxalq ictimaiyyət də Ermənistanın qlobal ekoloji fəlakət törədə biləcəyindən narahatdır.
Bəyanatda vurğulanır ki, Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodu irimiqyaslı metallurgiya zavodunun yaradılması ilə İrəvan beynəlxalq səviyyədə qəbul edilmiş standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə məhəl qoymadığını açıq şəkildə nümayiş etdirir.
Diqqətə çatdırılır ki, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Halbuki həmin sənədə uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir. Eyni zamanda, belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər.
Bütün bunlar nəzərə alınaraq, QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi və BMT-nin Zərərli Maddələr və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi müvafiq beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırırlar. Bildirilir ki, Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.
Bəyanatda, həmçinin Amerika Birləşmiş Ştatlarına bu riskləri qəbul etməyə və Arazdəyəndə adı çəkilən metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırış yer alır.