Madər Əliəsgər oğlu Musayev

post-img

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məc­lisinin deputatı Madər Əliəsgər oğlu Musayev 2023-cü il iyulun 14-də öm­rünün 76-cı ilində vəfat etmişdir. 

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975–1982-ci illərdə Moskva Koope­rativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fa­kültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başla­yan Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ti­carətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı ol­mayaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibət­də həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qa­zanmışdır. 

Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbay­can Respublikası Ali Sovetinin və I–VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbay­can Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi­nin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiy­yətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Madər Musayevin xidmətləri təqdirəlayiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmaqla parla­mentlərarası qarşılıqlı əməkdaşlığın inki­şafına töhfələr vermişdir.

Madər Musayev milli dövlətçiliyə sə­daqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçi­ciləri arasında həqiqi nüfuz sahibi olmuş­dur. Xeyriyyəçilik fəaliyyəti onun ali insa­ni keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.

Madər Musayevin ölkəmizin icti­mai-siyasi həyatında fəal iştirakı daim lazımınca qiymətləndirilmiş və o, uzun­müddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” və 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xid­mətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu Musa­yevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV, Mehriban ƏLİYEVA, 

Əli ƏSƏDOV, Sahibə QAFAROVA,

Samir NURİYEV, Eldar ƏZİZOV, 

Ədalət VƏLİYEV, Əhliman ƏMİRASLANOV,

Ziyafət ƏSGƏROV, Hicran HÜSEYNOVA,

Eldar İBRAHİMOV, Eldar QULİYEV,

Ağalar VƏLİYEV

Son xəbərlər