Prezident İlham Əliyev iyulun 11-də cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki çıxışında ölkəmizin xarici dövlət borcunun idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daim diqqətdə saxlanıldığını, bunun nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib.
Ölkə rəhbəri daha sonra deyib: “Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun, təxminən, 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci 6 ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir”. Belə bir mühüm uğur isə təsadüfən əldə olunmayıb. Bu, son 20 ildə iqtisadiyyatın 3 dəfədən çox artması, valyuta ehtiyatlarının 65 milyard dollara çatması, ümumi daxili məhsulun nominal həcminin 22 dəfə artaraq 133,8 milyard manata yüksəlməsi, əhalinin gəlirlərinin 13,7 dəfə çoxalması kimi əhəmiyyətli göstəricilər sayəsində reallaşıb.
Ümumiyyətlə, həmin dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı olan ölkəsi kimi tanınıb, müstəqil dövlətimiz özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətraf dövlətlərin iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Ötən illər ərzində iqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli şəkildə yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb.
Bu müddətdə regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib. Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib.
İndiki bu cür sosial-iqtisadi şərait və dövlətimizin başçısının uğurlu siyasəti isə təbii ki, xarici dövlət borcunun səmərəli idarə edilməsinə əlverişli şərait yaradıb. Maliyyə Nazirliyinin məlumatına görə, hökumət 2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1005,0 milyon manat məbləğində xərclər nəzərdə tutub.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən, hazırda yuxarıda vurğulandığı kimi, birbaşa xarici dövlət borcunun səviyyəsi ümumi daxili məhsuldan 10 dəfə azdır.
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla aprelin 1-nə 4368,7 milyon manat təşkil edib.
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı haqqında danışarkən, bir mühüm məqamı xüsusi qeyd etmək istərdim. Belə ki, adı çəkilən sənəddə istifadə olunan bir sıra makroiqtisadi göstəricilər, o cümlədən, ümumi daxili məhsul və manatın ABŞ dollarına qarşı məzənnə göstəriciləri ortamüddətli dövr üçün (2022–2025) qəbul edilmiş makrofiskal çərçivəyə əsaslanır.
Eyni zamanda, sözügedən strategiyada dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji məqsədlərə çatmaq üçün bir sıra prioritet tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onlar sırasında 2022–2025-ci illər üzrə dövlət borcunun ümumi daxili məhsula nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 20 faizdən aşağı səviyyədə saxlanılması diqqət çəkir. Eyni zamanda, xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulur və yenilənən strategiya həmin məqsədə çatmaq üçün 2025-ci ilədək gerçəkləşdiriləcək tədbirləri əhatə edir.
Bu məqamda Maliyyə Nazirliyinin məlumatına əsaslanaraq qeyd edək ki, 2022–2025-ci illər üzrə yenilənən strategiyada ortamüddətli dövr ərzində dövlət büdcəsi qarşısında makroiqtisadi sabitliyə xələl gətirilməməsi, büdcənin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, habelə tədiyə balansının tarazlığının pozulmasının qarşısının alınması, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyinin qorunması, düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq layihələrinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi kimi bir sıra çağırışlar meydana gəlib. Elə buna görə də göstərilən illər üzrə yenilənən strategiya çərçivəsində xarici dövlət borcunun ümumi daxili məhsulda payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Azərbaycan həyata keçirilən uzaqgörən siyasət nəticəsində xarici dövlət borcu ilə əlaqədar davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bunun əsas səbəblərindən biri xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilməsidir.
Son illər xarici dövlət borcunun əhəmiyyətli şəkildə azaldılaraq 6,7 milyard dollar səviyyəsinə nail olunması və bu göstəricinin ümumi daxili məhsulun təxminən 10 faizini təşkil etməsi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın icrasının diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, “Fitch Ratings” kimi nüfuzlu beynəlxalq agentlik ölkəmizin xarici valyutada uzunmüddətli emitent defolt reytinqini müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib. Reytinq ölkəmizin çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənib.
Azərbaycanın xarici dövlət borcunun davamlı olaraq azaldılması dövlətin beynəlxalq maliyyə institutlarından asılılığının minimuma enməsinə gətirib çıxarıb. Xarici borc əsasən dövlət istiqraz emissiyası vasitəsilə aşağı salınıb.
Respublikamızda istiqraz bazarı isə son illər sürətlə inkişaf etməkdədir və dövlətin bazarı stimullaşdırmaq üçün atdığı əhəmiyyətli addımlar əhalinin vəsaitlərini bu yöndə investisiya etməsinə imkan yaradır. Xarici dövlət borcunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması da dövlət istiqrazları bazarına müsbət təsir göstərir. Fiziki şəxslərin bank depozitlərinin faiz gəlirlərinin vergiyə cəlb olunması isə əmanətçiləri bu bazara yatırım etməyə həvəsləndirir. Çünki dövlət istiqrazlarının faiz gəlirləri vergidən azaddır. Bank əmanətinə alternativ maliyyə aləti olan istiqrazların bir çox üstün konturları da var. Bank əmanəti vaxtından əvvəl götürülən zaman yığılan faizlər əmanətçiyə verilmir, lakin dövlət istiqrazlarına vəsaitini yerləşdirən əmanətçilər pullarını istədikləri vaxt yığılan vəsaitlə birlikdə geri götürə bilirlər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”