Ölkəmizin xarici ticarət şəbəkəsi genişlənir

post-img

Azərbaycanın dinamik iqtisadi inkişafının təmin olunması, rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi, xüsusən də ölkəmizdə yaradılmış əlverişli biznes mühiti ticarət tərəfdaşlarımızın sayının getdikcə artmasına səbəb olur. 

Bu ilin 5 ayında Azərbaycan Res­publikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə Azərbaycan dünyanın 106 ölkəsinə məhsul ixrac edib. Bununla yanaşı, 175 ölkədən müxtəlif növ mallar idxal olunub. Dövlət Statistika Komitə­sinin məlumatına görə, gömrük orqanla­rında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılma­mış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-may ayla­rında ölkəmizin xarici ticarət dövriyyəsi 19 milyard 602,3 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-may ay­ları ilə müqayisədə xarici ticarət dövriy­yəsi faktiki qiymətlərlə 8,2 faiz azalsa da, real ifadədə 2,3 faiz artıb. 

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 12 milyard 763,6 milyon dolları və ya 65,1 faizi ixracın, 6 mil­yard 838,7 milyon dolları və ya 34,9 faizi isə idxalın payına düşüb. Bunun da nəticəsində Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard 924,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. Yanvar-may aylarında idxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında Azər­baycanın xarici ticarət dövriyyəsində əldə olunmuş uğurları müsbət məqam kimi dəyərləndirərək deyib: “Bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət–yəni, profisiti çox böyük sə­viyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin bi­rinci altı ayında bizim profisitimiz, təq­ribən, 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çata­cağıq”. Dövlətimizin başçısı, həmçinin ölkəmizdə makroiqtisadi sabitliyin tə­min edilməsinin xarici ticarət dövriy­yəsinin və tərəfdaşlarımızın sayının art­masına müsbət təsir göstərdiyini diqqətə çatdırıb. 

Dövlət Statistika Komitəsi ölkəmi­zin əsas xarici ticarət tərəfdaşlarının da adlarını açıqlayıb. Belə ki, yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 33,1 faizi İtaliya, 15,6 faizi Türkiyə, 7,8 faizi Rusiya, 4,6 fai­zi Çin, 3,4 faizi Almaniya, hər biri 3,1 faiz olmaqla Hindistan və Yunanıstan, 3 faizi İspaniya, 2,8 faizi İsrail, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Gür­cüstan, Türkmənistan və Rumıniya, 1,5 faizi Fransa, 1,2 faizi İrlandiya, 0,9 faizi İran, hər biri 0,8 faiz olmaqla Qazaxıs­tan, ABŞ və Avstriya, 10,6 faizi isə digər ölkələrlə aparılmış idxal-ixrac əməliy­yatlarının payına düşüb. 

Bu dövrdə Azərbaycanın ixrac əməliyyatlarının yarısından bir qədər az hissəsi (46 faiz) İtaliyanın payına dü­şüb. Bununla yanaşı, ilin ilk 5 ayında ölkəmizdən Türkiyə, Yunanıstan, İspa­niya, İsrail, Hindistan, Rusiya, Çexiya, Almaniya, Gürcüstan, Rumıniya, Avst­riya, Bolqarıstan, Xorvatiya, İndonezi­ya, Sinqapur, Vyetnam, Fransa və digər ölkələrə də müxtəlif növ məhsullar ixrac olunub. Bununla belə, mövcud ixrac əməliyyatları ölkəmizin iqtisadi potensi­alını tam əks etdirmir. Məhz buna görə də son illər Azərbaycan özünün ticarət tərəfdaşları ilə bu sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətin­də səylərini artırır. Bu baxımdan dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də hökumətlərarası iqtisadi komissiyaların birgə iclasları xüsusi əhəmiyyət kəsb edir.

Hesabat dövründə Azərbaycanın idxal əməliyyatları apardığı ölkələrin sı­rasında birinci yer Rusiyaya (19,3 faiz) məxsus olub. İlk üçlüyü Çin (14,7 faiz) və Türkiyə (14,1 faiz) tamamlayıb. Bu­nunla yanaşı, göstərilən dövrdə ölkəmiz Almaniya, Türkmənistan, Fransa, İran, ABŞ, İtaliya, Yaponiya, Koreya, Qa­zaxıstan, Belarus, Birləşmiş Krallıq, Uk­rayna, Braziliya, Polşa və digər ölkələr­dən də məhsullar idxal edib. 

Ölkəmizdə davam etdirilən çevik iqtisadi islahatlar, iqtisadiyyatın şaxələn­dirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər, eləcə də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi poten­sialının hərəkətə gətirilməsi qeyri-neft sektoruna bir dinamizm, inkişaf gətirib. Məhz bunun nəticəsidir ki, son illər Azər­baycanda qeyri-neft məhsullarının isteh­salında artım müşahidə edilir. Bu da ixra­cın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasına səbəb olur. 

Dövlət Statistika Komitəsinin mə­lumatında qeyd olunur ki, bu ilin ilk 5 ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqa­yisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 18,3 faiz artaraq 1 milyard 465,8 milyon dollar təşkil edib. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft məhsulları ixrac edən ölkələ­rin siyahısında isə ilk yerdə 31,7 faizlə qardaş Türkiyə qərarlaşıb. Sonrakı yerlər Rusiya (27,6 faiz), Gürcüstan (11 faiz), İsveçrə (3,6 faiz) və Qazaxıstana (3,3 faiz) aid olub. Bununla yanaşı, hesabat dövründə ölkəmizdən Türkmənistan, Ukrayna, İtaliya, Birləşmiş Ərəb Əmir­likləri, Özbəkistan, Belçika, Rumıniya, Çin və Almaniyaya da qeyri-neft məh­sulları ixrac olunub.

2023-cü ilin yanvar-may aylarında təzə meyvə, təzə tərəvəz, kartof, şəkər, meyvə və tərəvəz şirələri, meyvə və tərəvəz konservləri, təbii üzüm şərabla­rı və üzüm suslosu, marqarin, qida üçün yararlı digər qarışıqlar, polipropilen, polietilen, emal olunmamış alüminium, qara metallardan borular və sement klin­kerlərin ixracında artım qeydə alınıb. Bununla belə, çay, tütün, bitki yağları, pambıq lifi, mineral gübrələr, pambıq ip­liyi, qara metallardan çubuqlar, bentonit gili və qara metallardan yarımfabrikatla­rın ixracı isə əksinə, azalıb.

Əvvəlki ilin 5 ayı ilə müqayisədə ölkəmiz xaricdən buğda, unlu qənnadı məmulatları, şokolad və şokolad məh­sulları, quş əti və onun əlavə məhsulları, mal əti, siqaretlər, minik avtomobilləri, müxtəlif dərman vasitələri, polad pro­katı, hesablama maşınları, blok və qur­ğuları, qara metallardan borular, rezin şinlər, sintetik yuyucu vasitələr, yük av­tomobilləri, polietilen, mebellər, mine­ral gübrələr, qara metallardan çubuqlar, paltaryuyan maşınlar, polipropilen, qara metallardan künclüklər və məişət soyu­ducularının idxalını artırıb. Bitki yağları, xam şəkər, təzə meyvə, kərə yağı, digər süd yağları və pastaları çay, kartof, təzə tərəvəz, məişət kondisionerləri, avtobus­lar və sement idxalında isə azalma qeydə alınıb.

 

Mirbağır YAQUBZADƏ, 

“Xalq qəzeti”

İqtisadiyyat