Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Ermənilərin Dağlıq Qarabağı işğal etməsi ilə heç cür barışmadığı üçün hərbçi olub torpaqlarımızı qorumaq onun başlıca məramı olub. Buna görə də həqiqi hərbi xidmətdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
Ali hərbi təhsil alan Əfqan Abdurahmanov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində də təcrübə keçərək bir zabit kimi peşakarlıq səviyyəsini yüksəldib, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnib. Sonra Gəncədəki “N” saylı hərbi hissədə xidmətə başlayıb.
Ömür-gün dostu Rəqinə xanım deyir ki, Əfqan məzuniyyətdə olanda da xidməti işindən ayrılmır, hərbçi dostları ilə zəngləşir, vəziyyətlə maraqlanır, hər biri ilə hal-əhval tuturdu. Qulluq etdiyi müddətdə Türkiyə, Çexiya və Çində təşkil olunan beynəlxalq səviyyəli kurslara, hərbi təlimlərə həvəslə qatılırdı. Təsadüfi deyil ki, 2-ci dərəcəli “Qüsürsuz xidmətə görə” medalı ilə təltif edilmişdi.
Məlum Aprel döyüşlərində ön cəbhədə olanlardan biri də Əfqan Abdurahmanov idi. Dostu – polkovnik Murad Mirzəyevin ölümü ona çox pis təsir etsə də, ümumilikdə ermənilərə əməlli-başlı dərs verilməsinə sevinirdi. Lələtəpənin, Cocuq Mərcanlı, Gülüstan kəndlərinin düşməndən təmizlənməsi, Qazaxlar və Madagiz istiqamətində yolların ələ keçirilməsi onu şair Məmməd İsmayılın “Bu yolların son ucunda – Qələbə!” misrası qədər qanadlandırmışdı.
Vətən müharibəsi başlananda böyük ruh yüksəkliyi ilə ön xəttə yollanan polkovnik-leytenant Əfqan Abdurahmanov ilk tapşırıq olaraq Murov dağı silsiləsindəki zirvələrdən birinin alınmasına rəhbərlik edir. Əməliyyat keçirilən zaman hərbiçilərimiz qatı sis-dümana düşür. Duman o qədər sıx olur ki, bir addım irəlini görmək olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir yanlış addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması demək idi. Odur ki, əsgərlərinə deyir: “Sıraya düzülün, öndə mən gedəcəyəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin”.
Əfqan Abdurahmanovun relyefi düzgün qiymətləndirməsi, ən çətin anda doğru qərar verə bilmək bacarığı sayəsində hərbçilərimiz sağ-salamat döyüş mövqeyinə çıxır, Murovun əlçatmaz zirvəsinin alınmasında qəhrəmanlıq göstərir və oraya Azərbaycan bayrağını sancırlar. Bu fakt ordumuzda psixoloji baxımdan özünəinam hissini daha da gücləndirən amillərdən biri olub.
Hərbi-taktiki baxımdan isə Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən mühüm əhəmiyyətli Vardenis–Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Əldə edilən hərbi üstünlük nəticəsində Ermənistandan əlavə hərbi yüklərin Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısı alınıb. Əməliyyatın uğurlu keçməsində Əfqan Abdurəhmanov və onun döyüşçülərinin aşkar hünəri idi.
Daha sonra Suqovuşana kimi olan kəndlər azad edildi. Suqovuşana çatmazdan əvvəl cəsur polkovnikin dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşıb. Amma Allahın lütfü, hərbçilərin peşəkarcasına çevik hərəkətləri, cəsarətlə risk etmələri onların xilasına səbəb olub.
Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı Qlobus yüksəkliyində şəhadətə ucalıb. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Sağlığında və ölümündən sonra onun təltifləri çox olub. Bu sırada ən başda “Vətən Müharibəsi Qəhrəmanı” medalı və əbədilik şərəfli adı durur.
Ə.DOSTƏLİ
XQ