Elin yarı olan Elyar

post-img

Şərəfli ölümündən sonra “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülən hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Arif oğlu Vəliyevdir. Cismən həyatda olmasa da, əfsanəvi döyüşçü kimi yaddaşlarda məskən salıb, həzin xatirələrdə yaşayır.

2-ci Qarabağ savaşı başlananda Elyar Vəliyev artıq 10 illik təcrübəyə malik hərbçi idi. Odur ki, ölümün gözünə dik baxır, qisas hissi ilə elə hey irəliyə can atırdı. Yarıdırdı da. Cəbrayıl, Hadrut, Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunələri göstərdi. Təsadüfi deyildi ki, cəsur döyüşçüyə “Canavar” ləqəbi verilmişdi.

Elin yarı olan Elyar yaralanmış döyüş dostlarının xilası üçün, sözün əsl mənasında, özünü odlara atıb. Çünki onların dəyərini yaxşı bilirdi. Elyar və silahdaşları Vətən müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, erməni əsgərlərini əsir götürüblər. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli erməni zabitlərini, eləcə də “KamAZ” dolu quldur silahlıları cəhənnəmə vasil ediblər. Elyar qorxmadan düşmən qərargahına girib və erməni polkovniki ilə əlbəyaxa olaraq, onu gəbərdə bilib.

...Bir ara dostlarının gözünə görünmədiyi üçün ondan yana narahat olurlar. Bir də görürlər ki, budur, gəldi. Əlində də düşmən tərəfindən qənimət kimi götürdüyü 40 tapança. Hamı çaşıb qalır. Axı, tapança sırf zabitlərə aid silahdır. Deməli, düşmənin 40 zabiti “tərksilah” edilib.

...Oktyabrın 17-də, Elyarın ad günündə səngərdə olan hərbçilərimiz qəfildən bir erməni əsgərinin qaçdığını görürlər. Elyar cəld ayağa qalxaraq onun ardınca düşür. Bir az keçdikdən sonra görürlər ki, üstü-başı toz içində, əlində bıçaq və “ratsiya” geri qayıdır. Yeniyetmə çağlarında əlbəyaxa döyüş növü ilə məşğul olması müharibədə də, beləcə, dəfələrlə onun karına gəlib.

Həmin hadisədən 2 gün sonra Şuşadan 14 kilometr aralıda, Edilli-Qırmızı Bazar istiqamətində qanlı döyüşlər olub. Elyargil güllələri qurtarana qədər vuruşublar. O gün snayper gülləsi ilə ürəyindən ağır yaralanan Elyar son dəfə canından artıq sevdiyi Vətən torpağını qucaqlayıb.

Əfsanəvi xüsusi təyinatlı Elyar Vəliyev 1991-ci ildə Qobustan rayonunun Sədəfli kəndində anadan olub. O da, kiçik qardaşı da hərbçi olmağı arzulayıb və istəyinə nail olaraq Vətən qulluğuna yollanıb və qohum-əqrabanın, el-obanın başını daim uca edib.

Qobustan Gənclər evində onun açıq kitab şəklində olan monumenti diqqət çəkir. Elə bilirik ki, Elyar bu kitaba əbədiyyət sətirlərini qızıl qanı ilə özü yazıb. Qəhrəmanın örnək həyatı elin, obanın, millətin şöhrət tacıdır.

O, 5 övlad, o cümlədən üçəmlər atası idi. Elyarın ruhu onlardan nigaran deyil. Ona əyandır ki, balaları dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Tam əminik ki, Elyarın və bütün şəhidlərimizin övladları atalarının qalib etdiyi bu Vətəndə rahat şəkildə böyüyüb boya-başa çatacaq və onların ruhlarını şad edəcəklər.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat