Moldovanın Avropa seçimi yenidən qalib gəldi

post-img

Moldovada parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası 100 faiz bülletenləri hesablayıb və son rəqəmlər ümumi mənzərəni dəyişməyib. Yeni parlamentdə üç siyasi partiya və iki blok təmsil olunacaq.

Moldavada keçirilən prezident seçkilərində hakim “Fəaliyyət və Həmrəylik” Partiyası 50,2 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb.

İkinci nəticəni 24,17 faizlə sosialistlər, kommunistlər və “Moldovanın Gələcəyi” Partiyasını birləşdirən Patriotik Blok göstərib. Parlamentdə “Alternativ” bloku (7,96 faiz), “Bizim Partiya” (6,20 faiz) və “Evdə Demokratiya” Partiyası (5,62 faiz) yer alacaq. Seçici fəallığı 52 faiz təşkil edib.

Prezident Maya Sandu seçkidən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, nəticələr yalnız ayrı-ayrı siyasi qüvvələrin deyil, bütövlükdə, ölkənin uğurudur. Onun sözlərinə görə, seçkilər cəmiyyətin birliyini nümayiş etdirdi və Moldova xalqı təzyiq və təsir cəhdlərinə boyun əymədən gələcəyini qorumaq əzmini göstərdi. Sandu qeyd edib ki, əsas məqsəd bütün vətəndaşlar üçün sabit, təhlükəsiz və rifahlı gələcək yaratmaqdır və bu hədəfə çatmaq üçün ən qısa yol Avropa istiqamətidir.

Dövlət başçısı seçki kampaniyası dövründə xarici təsir cəhdlərinin müşahidə edildiyini, lakin institutların və cəmiyyətin daha dayanıqlı olduğunu vurğulayıb. Onun fikrincə, qarşıdakı mərhələdə əsas vəzifə məhkəmə sisteminin islahatı, qanunun aliliyinin təmin edilməsi və seçki prosesində səs alqısı hallarının tamamilə aradan qaldırılması olacaq. Siyasi partiyaların maliyyələşməsində şəffaflıq və dezinformasiya ilə mübarizə də prioritet istiqamətlər kimi göstərilib.

Seçkilərin nəticələri Moldovanın Avropa inteqrasiyası kursunun möhkəmləndiyini təsdiqləyir. Hakim partiyanın parlamentdə çoxluq qazanması bu siyasətin davam etdirilməsinə imkan yaradır. Eyni zamanda, digər siyasi blokların təmsilçiliyi ölkə daxilində siyasi balansın saxlanılmasına şərait yaradır. Analitiklər hesab edirlər ki, bu seçkilər təkcə daxili siyasi sabitliyin deyil, həm də Moldova ilə region ölkələri, o cümlədən Avropa İttifaqı və Rusiya arasındakı münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək.

S.ELAY
XQ

Dünya