Avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası ilk dəfə Sərsəngdə start götürüb

post-img

Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının ilk günü Sərsəng su anbarında baş tutub. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq avarçəkmə yarışlarının keçirilməsinin qürurverici olduğunu bildirib. Nazir qeyd edib ki, ilk dəfə Sərsəngdə keçirilən “Prezident Kuboku 2026” beynəlxalq reqatası Qarabağda idman ruhunun yenidən canlanmasına töhfə verir. Ardıcıl 5-ci ildir bu yarışların Qarabağda keçirildiyini vurğulayan Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb.

Ardınca akademik, kayak, kanoe, draqon və yelkən qayıqlarında idmançıların su paradı təşkil olunub. 20-yə yaxın iştirakçı ölkənin bayraqlarını daşıyan skuterlər Sərsəng su anbarında dövrə vurublar. Azərbaycan Respublikasının bayrağı Sərsəng su anbarının səmasında helikopter vasitəsilə dalğalandırılıb.

Mərasimin bədii hissə ilə davam edib. Xalq çalğı alətlərində folklor musiqi nümunələri ifa olunub, milli rəqslər nümayiş etdirilib.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və paradı sabah Mingəçevir şəhərində baş tutacaq. Beynəlxalq reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel-1may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yürüşləri keçiriləcək və qaliblər müəyyənləşəcək. Yarışda 20-dək ölkədən 100-dən çox idmançı iştirak edir.

Qabil YUSİFOĞLU

 XQ























İdman