AMEA Naxçıvan Bölməsində “Molla Nəsrəddin–120” mövzusunda respublika elmi konfransı keçirilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və AMEA Naxçıvan Bölməsi Həmkarlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin–120” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu haqda “Xalq” qəzetinə bölmənin mətbuat xidmətindən məlumat verilib. 

Konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev çıxış edərək XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələlərindən bəhs edərək “Molla Nəsrəddin” jurnalının yaranması, inkişafı və yayılması haqqında məlumat verib. Qeyd olunub ki, jurnal, ümumilikdə, 748 nömrə ilə nəşr edilib və milli ictimai fikrin formalaşmasında mühüm rol oynayıb. Karikaturaların ideya-tərbiyəvi əhəmiyyəti vurğulanıb, müəllifin “Ölülər”, “Usta Zeynal”, “Poçt qutusu”, “Qurbanəli bəy” kimi əsərlərindən nümunələr təqdim edilib. Ümummilli lider Heydər Əliyevin “Ölülər” əsəri haqqında söylədiyi fikirlər iştirakçıların diqqətinə çatdırılıb.

Plenar iclasda həmçinin AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Molla Nəsrəddin” jurnalı və əlifba islahatı problemi” mövzusunda məruzə edib. O, Cəlil Məmmədquluzadənin 1920-ci ilə qədərki fəaliyyəti və sonrakı dövrdə jurnalın tarixi inkişaf mərhələləri barədə məlumat verərək bildirib ki, “Molla Nəsrəddin” jurnalı 25 il fəaliyyət göstərib. Əbülfəz Quliyev, həmçinin “Yeni yol” qəzetinin fəaliyyətinə də toxunub.

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov çıxışında Cəlil Məmmədquluzadənin XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ictimai həyatında oynadığı rolu vurğulayıb, “Molla Nəsrəddin” jurnalının ictimai-siyasi və mədəni mühitə təsirindən danışıb.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov isə jurnalın dünya mətbuat tarixində xüsusi yer tutduğunu bildirib, onun Təbrizdə nəşr olunan nömrələri və Mirzəli Möcüzün yaradıcılığı haqqında fikirlərini bölüşüb.

Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib.

I və II bölmə iclaslarında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Azərbaycanda ictimai-ədəbi düşüncənin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu”, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Molla Nəsrəddin” jurnalında ana dilinin saflığının qorunması məsələləri”, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər Emilya Əliyeva “Cəlil Məmmədquluzadə və Azərbaycan jurnalistikası”, Eldar Əliyev “Azərbaycan tələbələrinin mədəni həyatında “Molla Nəsrəddin” jurnalının rolu”, Zəfər Kərimov “Molla Nəsrəddin” jurnalının Təbriz fəaliyyəti dövrü (1921-ci il)” və Ramil Niftəliyev “Molla Nəsrəddin” jurnalının təhsis olunmasının səbəbləri və ilk sayı haqqında”, həmin şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov “Cəlil Məmmədquluzadə və dövrün ictimai-siyasi mühiti”, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mirnazim Cəfərov “Molla Nəsrəddin” beynəlxalq aləmdə”, AMEA Naxçıvan Bölməsi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Molla Nəsrəddin” jurnalının janr, ideya və üslub xüsusiyyətləri”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Molla Nəsrəddin” şeir məktəbinin yaranması və inkişafı məsələləri”, həmin institutun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova isə “Azərbaycan satirik qrafikasının inkişaf zirvəsi – “Molla Nəsrəddin” məktəbi” mövzularında məruzə ediblər.

Bölmə iclaslarından sonra məruzəçilərə sertifikatlar təqdim olunub, mövzular ətrafında müzakirələr aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Səbuhi HƏSƏNOV

 

 

 

 













Sosial həyat