Dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Əvvəlcə təkbətək görüş keçirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüşdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, habelə Roma Katolik Kilsəsi ilə QMİ arasında münasibətlər yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Papa II İohann Pavel Azərbaycana səfər edib, ölkəmizdə azsaylı katolik icması üçün kilsə inşa olunub.
Diqqətə çatdırılıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin Vatikana səfərləri xüsusi rol oynayıb. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Vatikanda və ölkəmizdə Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşləri, Heydər Əliyev Fondunun xətti ilə Vatikanda reallaşdırılan layihələr misilsiz tarixi əhəmiyyətə malikdir.
Şeyxülislam etnik və dini müxtəliflik multikultural Azərbaycanın milli sərvəti olduğunu deyib. Bildirilib ki, Azərbaycan bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirib.
Sonra çıxış edən Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ölkələrimiz arasında çox gözəl əlaqələrin mövcud olduğunu deyib. Humanitar məsələlərdə hər iki ölkə eyni məqsədinin olduğunu qeyd edən kardinal bildirib: “Ötən il əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdik. Azərbaycan multikultural ölkə kimi parlayır. Azərbaycana daim sülh arzu edirəm”.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

