Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 43-cü sessiyası davam edir.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov su resurslarından səmərəli istifadə mövzusunda sessiyada çıxış edib. Nazir bildirib ki, planetdə torpaq və su resurslarının davamlı təzyiqə məruz qalmasının əsas səbəbi kənd təsərrüfatı fəaliyyətidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da su ehtiyatlarının məhdudluğu, su itkisi, fermerlərin sudan səmərəli istifadə etməməsi aqrar fəaliyyətdə çətinliklər yaradır. Ölkənin su ehtiyatlarının böyük bir hissəsinin Azərbaycandan kənarda formalaşdığını deyən nazir, məhdud su ehtiyatlarından daha səmərəli istifadə etməyin vacibliyini önə çəkib.
FAO-nun torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində təşəbbüslərinin dəstəkləndiyini vurğulayan nazir Azərbaycanın bu təşəbbüslərə böyük həvəslə qoşulduğunu, bu cür çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığa hazır olduğunu bildirib.
Məcnun Məmmədov FAO-nun 43-cü sessiyası çərçivəsində qurumun yenidən sədri seçilmiş Qu Donqyu ilə də görüşüb. Nazir ölkəmizin FAO ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına öz töhfəsini verdiyini bildirib.
Həmçinin İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Ari Ditçerlə də görüş keçirilib. Tərəflər Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərinə toxunub, İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”