Dünyanın qəbul etdiyi dahi şəxsiyyət

post-img

Tarixdə həmişəyaşar liderlər var. Onlar öz böyüklüyü, təkrarolunmazlığı, xalqına və dövlətinə xidmətləri ilə seçilən nadir insanlardır. Belə şəxsiyyətlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin qəbul etdiyi simalara çevrilirlər. Almanların Bismarkı, türklərin Atatürkü, ingilislərin Çörçilli, amerikalıların Ruzvelti, fransızların de Qollu, çinlilərin Den Syao Pini... Azərbaycan xalqının Heydər Əliyevi belə şəxsiyyətlərdəndir. 

Müharibəni səngərdən diplomatiya cəbhəsinə keçir­məyə, “Əsrin müqaviləsi”ni imzalatmağa, dağıdılmış, viran qoyulmuş, talan olunmuş Azərbaycanın sabit inki­şaf xətti, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə irəliləməsini təmin etməyə, vaxtilə ölkənin beynəlxalq imicinə vurulmuş ləkələri fəal surətdə təmizləməyə yalnız və yalnız ümummilli liderin gücü çatardı. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millə­tinə bağlılığı ilə ölkəsinin müstəqilliyini nəinki qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verdi.

Ulu öndər Heydər Əliyevin siyasi bioqrafiyası, döv­lətçilik taleyi, idarəetmə məktəbi haqqında hələ onun sağlığında çoxsaylı sənədli filmlər çəkilib, nəşrlər işıq üzü görüb, məqalələr yazılıb. Lakin tarix sübut edir ki, li­derlərin həyat və fəaliyyəti təkcə onların sağlığında deyil, yüz illər sonra da öyrənilir, tədqiq olunur. Bu baxımdan müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev şəxsiy­yətinə tarixçi, filosof, siyasətçi və politoloqların marağı təbiidir. Çünki Heydər Əliyev bu qoca dünyanın özünə bir dərs verib getdi: siyasət, diplomatiya, natiqlik, cəsarət, mərdlik dərsi. Ən başlıcası isə özündən sonra silinməz iz qoyub getmək dərsi! Heydər Əliyev tarixi yazmırdı, onu yaradır və öz qüdrətli çiyinlərində irəli aparırdı. O, me­marlıqdan mühazirə oxumurdu, memarlığın ən gözəl nü­munələrini yaradıb öz xalqına, gələcək nəsillərə ərməğan edirdi! Bu memarlıq abidələrinin ən möhtəşəmi həmişə var olacaq müstəqil Azərbaycan dövlətidir.

Mən ümummilli lider Heydər Əliyevi 1993-cü ildən 1996-cı ilədək çoxsaylı xarici səfərlərdə müşayiət etmiş, həmin səfərlərə həsr olunmuş 20-dən çox sənədli televizi­ya filminin ssenarisini yazmış, onun keçirdiyi müşavirə, yığıncaq və toplantılarla bağlı 2000-dən çox reportaj və şərh hazırlamışam. Mətbuat səhifələrində Heydər Əliye­vin daxili və xarici siyasəti, dövlət quruculuğu məsələlə­rinə həsr olunmuş yüzlərlə məqalənin müəllifiyəm. Lakin dərk edirəm ki, Heydər Əliyev nəhəng bir ümmandır, onu öyrənmək üçün daha dərinlərə baş vurmaq lazımdır. Odur ki, qeydlərimi ümummilli liderin siyasəti, idarəetməsi və şəxsiyyəti barədə bəzi qənaətlərim və xatirələrimi təqdim edirəm. 

Milli maraqlar, qətiyyət və prinsipiallıq

“Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxardı” qənaətinin alternativi yoxdur. O, xarici ölkələrə səfərləri zamanı bütün görüşlərində ilk olaraq Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini, Ermənistanın təcavüzünü və ölkəmiz üçün ağır nəticələ­rini, beynəlxalq seperatizmin və terrorçuluğun bəşəriyyət üçün təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabilinə çatdı­rır və fikrini “Əgər dünya ədalətlidirsə, təcavüzkarı və tə­cavüzə məruz qalanı fərqləndirməlidir” kredosu üzərində qururdu. Onun üçün tərəf-müqabilin prezident, baş nazir, yaxud da adi bir jurnalist olması fərq etmirdi. Heydər Əli­yev həmsöhbətinə yorulmaq bilmədən, bəzən eyni fikri dəfələrlə təkrar etmək məcburiyyətində qalaraq Azərbay­can reallığını çatdırırdı. Və nəinki çatdırırdı, qarşıdakını buna inandırırdı. Onun üçün böyük və kiçik auditoriya anlayışı yox idi. Onun üçün daha bir nəfərin (olsun dövlət xadimi, yaxud əcnəbi bir diplomat və ya xarici iş adamı) Azərbaycan haqqında həqiqətləri bilməsi önəmli idi. Bu səbəbdən də danışıqlar zamanı vaxtının böyük əksəriy­yətini ölkəmizin ətrafında yaradılmış informasiya blo­kadasını yarmağa, dünyanın kor olmuş gözlərini açmağa sərf edirdi. Bir çox hallarda müəllim şagirdinə dərs izah edirmiş kimi xəritədə Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş torpaqları göstərir, bu problemlə bağlı ona verilən təkrar sualları cavablandırmaqdan yorulmurdu.

Siyasi polemika zamanı o, heç vaxt müdafiədə oyna­mırdı. Məsələn, 1994-ci ilin sentyabrında ABŞ-a səfəri zamanı senator Şelbi ilə görüşdü. Onun “biz demirik ki, ABŞ zorakılıq edənlərə qarşı ciddi münasibət göstərsin, biz ədalətli münasibət istəyirik. Bəli, Amerikada ermə­nilər çoxdur. Prezident Klinton dedi ki, burada bir milyon erməni yaşayır. 260 milyon əhalisi olan bir ölkəyə bir mil­yon adam necə təsir göstərə bilər? Onlar ABŞ-ın adından danışa bilməzlər”. Bu fikirlər qətiyyətli dövlət başçısının ABŞ administrasiyasına, Konqresinə və Senatına ünvan­lanmış açıq və ədalətli tənqidi idi, özü də düz Amerikanın göbəyində.

Heydər Əliyev həlledici anlarda həlledici məqamla­rı elə incəliklə seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə elə çatdırırdı ki, bunu yal­nız O edə bilərdi. 1996-cı il iyunun 13-də ABŞ-ın Azər­baycandakı səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı müdafiə aktı”­na edilmiş 907-ci düzəlişə diqqət çəkərək dedi: “Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədələtsizlik etmək isə ol­maz. Sizin vasitənizlə Azərbaycanın adından Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm”. ABŞ səfiri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi.

Qarabağ münaqişəsi

Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ədalət­li həlli üçün Azərbaycanın imkanları ilə yanaşı, özünün xarizmasını da ortaya qoyur, danışıqlar zamanı bu iki qüvvəni sinxron şəkildə çox məharətlə birləşdirirdi. O, İslam dünyasında yüksək səviyyədə qəbul olunan lider idi. 1994-cü ildə Mərakeşdə keçirilən İslam Konfransı Təşkilatının Zirvə toplantısında bu təşkilata üzv ölkələrin Ermənistanı təcavüzkar dövlət kimi yekdilliklə tanımaları da məhz onun şəxsiyyəti ilə bağlı idi. İslam dünyası Hey­dər Əliyevi kommunist rejimində belə öz dinini qoruyub saxlayan böyük siyasət adamı kimi qəbul edirdi. Şübhə­siz, bu məsələdə onun sabiq SSRİ-nin rəhbərlərindən biri kimi vaxtilə İslam dövlətlərinin liderləri ilə qurduğu əlaqələr müstəqil Azərbaycanın problemlərini çözmək üçün kara gəlirdi.

Ümummilli lider Dağlıq Qarabağ münaqişəsinin həlli naminə Azərbaycanın real müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi məsələsinin ikinci plana çəkilməsinə heç vaxt yol vermirdi. Onun üçün yarımmüstəqillik anlayışı yox idi. Bu səbəbdən də zaman-zaman münaqişənin həl­li ilə bağlı bəzi dairələr tərəfindən edilən Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqa zidd təklifləri qə­tiyyətlə rədd edirdi. Yaxşı yadımdadır. 1995-ci ilin mayın­da Rusiya Federasiya Şurasının sədri Vladimir Şumeyko Bakıya səfər etmişdi. Milli Məclisdə Rəsul Quliyevlə gö­rüşündən sonra mənə eksklüziv müsahibə verən Şumey­ko dedi: “Dağlıq Qarabağ və Laçın istisna olmaqla digər rayonlarınızı istəyirsinizsə, gedin bu gün götürün”. Daha sonra Şumeykonu qəbul edən prezident Heydər Əliyev çox aydın və qətiyyətli formada bu fikirləri söylədi: “Biz kimdənsə pay istəmirik. İstəmirik ki, az və ya çox versin­lər. Bəziləri təklif edir ki, Dağlıq Qarabağ və Laçın istisna olmaqla Ermənistan işğal olunmuş digər rayonları qaytara bilər. Mən qətiyyətlə bu fikirləri rədd edirəm. Azərbayca­nın ərazi bütövlüyü tam halda bərpa olunmalıdır və olu­nacaq”. Prezident bu fikirləri söyləyərkən təxminən iki-üç saat əvvəl mənə müsahibə verən Şumeykonun üzünə baxdım. Çaşqın və bir az da hürkək bir görkəm almışdı.

Prezident İlham Əliyev də eynilə ümummilli liderin mövqeyindən prinsipiallıq və ardıcıllıqla çıxış edir. O, dünyaya bəyan edir: “Bir daha demək istəyirəm ki, Azər­baycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu ol­mamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm bey­nəlxalq hüquq normalarına, həm də tarixi ədalət və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənista­nın işğalçı qüvvələri çıxarılmalıdır”.

Ümummilli lider böyük dövlətlərin başçıları ilə dia­loq zamanı onların üzərinə xüsusi məsuliyyət düşdüyünü qətiyyətlə vurğulayırdı. İstər ABŞ və Rusiyada, istərsə də Fransa və İngiltərədə keçirdiyi yüksək səviyyəli görüşlər zamanı bu fikri xüsusi vurğulayırdı: “Siz öz iqtisadi, ma­liyyə və hərbi imkanlarınızdan istifadə edərək yer üzünün hər bir guşəsində sülhün və sabitliyin bərqərar olmasına öz töhfənizi verməlisiniz”.

Heyrətləndirmək istedadı

1994-cü ildə prezident Heydər Əliyev Fransaya səfər etmişdi. Diplomatik korpusun nümayəndələri qarşısında çıxış edirdi. Söz alanlardan biri Azərbaycan rəhbərinə belə bir sual verdi: “Cənab Prezident, siz keçmiş sove­toloqsunuz. Necə bilirsiniz, MDB-nin taleyi necə ola­caq?” Prezident zəndlə onun üzünə baxdı və üzünə bir qədər yumor hissi verərək “Ovanesov, siz hələ də keçmiş SSRİ və onun üzərində qurulan müstəqil ölkələrin taleyi ilə maraqlanırsınız? Axı mən sizi 1983-cü ildə Kremldə qəbul edərkən SSRİ-nin taleyi ilə bağlı fikirlərimi çox ay­dın söyləmişdim. Deyəsən, yaddaşınız zəifləyib. Mən isə sizi yaxşı xatırlayıram. Bizim düz 30 dəqiqə dialoqumuz oldu” – dedi. Bu sözlərdən sonra erməni Ovanesov stola çökdü. Zaldakılar Prezident Heydər Əliyevin hafizəsinə heyran qaldılar.

1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanının kralı Fəht Əbdül Əziz əl-Səudun dəvəti ilə onun ölkəsinə səfər edən liderimiz böyük hörmət və izzətlə qarşılandı. Kral məhz Heydər Əliyevin İslam dininə olan münasibətini, bağlılığını yüksək qiymətləndirərək müqəddəs Kəbə­nin qapılarının onun üzünə açılmasına icazə verdi. Belə icazələr tarixdə barmaqla sayıla bilər. Bu, Heydər Əliyevə olan xüsusi diqqət və Allah-Təalanın onun taleyinə yazdı­ğı müqəddəs bir əməl idi. Kəbəni ziyarət zamanı namaz mərasimi isə nümayəndə heyətini müşayiət edən ərəb şeyxini, sözün əsl mənasında, çaşdırmışdı. Prezident Hey­dər Əliyev həmin mərasimdə bütün rituallara dəqiqliklə əməl etməklə ətrafdakıları heyrətləndirmişdi.

Heydər Əliyev İslam dininin də kamil bilicilərindən idi. Kəbə ziyarətindən sonra Məkkə valisi Maacid Əbdül Əziz əl-Səudla görüş zamanı islami dəyərlərdən, müqəd­dəs Məkkə və Mədinənin tarixindən geniş söhbət açan Prezident Heydər Əliyev belə bir fikir də söylədi: “Bəzi məlumatlara görə, Kəbənin özülü Misirdən gələn qaçqın­lar tərəfindən qoyulub”. Heydər Əliyevin İslam dini, Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti, islamın mövcud durumu və perspektivi haqqındakı fikirləri Mək­kə valisini gerçəkdən təəccübləndirdi. O, “cənab Prezi­dent, sizin islama bu qədər bağlılığınız, dinimiz haqqında zəngin biliyiniz bizə imkan verir ki, sizi Məkkənin fəxri vətəndaşı elan edək. Siz buna layiqsiniz. Müqəddəs şəhə­rimizin qapısı həmişə üzünüzə açıqdır” – dedi.

Tarixi çıxış

1995-ci ilin mayında Azərbaycan rəhbərinin Bolqarıs­tana səfəri zamanı həmin ölkənin parlament üzvləri qarşı­sında çıxışı nəzərdə tutulmuşdu. O vaxt kommunist reji­mindən sıyrılmış Bolqarıstanın prezidenti demokrat Jelyü Jelev idi. O, öz çıxışında Bolqarıstan kommunistlərinin başçısı Todor Jivkovun ölkədə yaratdığı böhranlı vəziy­yətdən, SSRİ-nin onun ölkəsini də 15 müttəfiq respubli­kadan biri kimi öz tərkibinə qatmaq cəhdindən də söhbət açdı. Sonra söz Azərbaycan Prezidentinə verildi. Çıxışını Azərbaycanın müstəqilliyi və onun qorunub saxlanması üzərində quran Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, onun həlli ilə bağlı gö­rülən işlər haqqında ətraflı məlumat verdi. Beynəlxalq separatizm və terrorizm haqqında, onun bəşəriyyətə vur­duğu ziyanla əlaqədar fikirlərini açıqladı. Keçmiş Sovet İttifaqındakı vəziyyətlə bağlı da müəyyən tarixi məqam­lara aydınlıq gətirərək qəfil tərəf-müqabilini naqolay və­ziyyətə saldı. O dedi: “Bolqarıstan prezidenti Jelyü Jelev öz çıxışında bildirdi ki, keçmiş SSRİ rəhbərliyi bu ölkəni 15 müttəfiq respublikadan biri kimi öz tərkibinə qatmaq cəhdlərində bulunurdu. Mən bu məsələyə aydınlıq gətir­mək istəyirəm. Əslində tam tərsinədir. Ölkənizin sabiq rəhbəri Todor Jivkov dəfələrlə Sov. İKP MK-nın Siyasi Bürosuna müraciət edirdi ki, Bolqarıstanı 16-cı müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə qatsınlar. De­yim ki, Siyasi Büroda bu məsələyə birmənalı münasibət yox idi. Lakin hər halda məsələ qapalı müzakirəyə çıxarıl­dı. Mən – Heydər Əliyev çıxış edərək bildirdim ki, Todor Jivkovun bu təklifinə müsbət cavab vermək məqsədəuy­ğun deyil. Çünki beynəlxalq aləmdə düzgün qarşılanmaz və s. Onu da deyim ki, mənim bu təklifimi Siyasi Büro üzvlərindən müdafiə edənlər oldu. Jivkovun təklifi qəbul olunmadı. Xatirimdədir, sonralar bu məsələ gündəliyə bir də çıxarıldı. Yenə də eyni cür münasibət oldu. İcazə verin qürurla bildirim ki, o vaxt Bolqarıstanın SSRİ-nin tərkibinə qatılmamasının əsas səbəbkarlarından biri qarşı­nızdadır”. Daha sonra zarafatla əlavə etdi: “Bəlkə o vaxt atdığım addım üçün indi mənə minnətdarlıq edəsiniz”?! Bolqarıstan parlamentinin sədri yekun sözündə Prezident Heydər Əliyevə dərin məzmunlu çıxışı və o vaxt atdığı addım üçün təşəkkür etdi: “Cənab Prezident, siz tarixi çıxış etdiniz. Bolqarıstanın taleyi ilə bağlı bizə məlum ol­mayanı da söylədiyinizə görə çox sağ olun”.

(ardı var) 

 

Səyyad AĞBABALI,
yazıçı-publisist

Sosial həyat