Heydər Əliyev dərsləri

post-img

(əvvəli

https://xalqqazeti.az/sosial-heyat/131774-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131345-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/siyaset/131524-heyder-eliyev-dersleri)

“Mənim özüm 30 il bundan əvvəlki yorğanda yatıram”

Ölkə İqtisadiyyatındakı vəziyyətə həsr olun­muş müşavirələrin birində Heydər Əliyev ”İstehlak səbəti” barədə məsələnin müzakirəsi zamanı tək­liflərdən birinə belə münasibət bildirmişdi. 

Vahid Axundov nəyi isə əsas tutaraq hesab­ladığı 37 min manatlıq "istehlak səbəti"ndən söz saldı. O, buraya 500 adda şey daxil etmişdir. Bu ki, lap padşah yaşayışı olur! Yaxud hər adama gündə bir kiloqram ağartı məhsulları nəzərdə tu­tur. Lap yaxşı vaxtlarda belə, burada oturanların hansı biri gündə bu qədər ağartı yeyib? Onun təklif etdiyi "istehlak səbəti"ndə hisə verilmiş kol­basa da nəzərdə tutulmuşdur. “Durğunluq döv­rü” adlandırılan keçmiş illərdə mağazalarda belə kolbasa yox idi. İndi isə bu ağır dövrümüzdə belə kolbasa yemək istəyirsən? Axı, bu sənin heç bo­ğazından da keçməz. Əgər sən onu yesən, sonra gəlib boğazından yapışacaqlar ki, camaatın çörək almağa pulu yoxdur, sən isə bu cür kolbasa ye­yirsən. Yaxud sən deyirsən ki, hər adam ildə bir dənə yorğan almalıdır. Mənim özüm 30 il bundan əvvəlki yorğanda yatıram. Axı kim ildə bir yorğan alır? Eləcə də balış. Onun da yalnız üzünü dəyiş­dirirlər. Hətta, müstəqil respublikamız gələcəkdə zəngin yaşayanda da belə şeylərin mümkünlü­yünə şəxsən mən inanmıram. Əgər hansısa mil­yonçular bunu edəcəklərsə, deyə bilmərəm. Şü­bhəsiz ki, biz əhalini təmin etməliyik, ancaq, bu, imkan daxilində olmalıdır. 

“Mən Sovetlər İttifaqının dağılmasını istəmişəm”

ABŞ-a səfəri zamanı jurnalistlər Heydər Əli­yevin SSRİ-nin dağılmasına münasibəti ilə ma­raqlanmışdılar. Ulu öndər ABŞ-da çıxan “Hyüston xronikal” qəzetinə müsahibəsində bu barədə da­nışmışdır. 

Sual: Cənab Prezident, Siz Sovet İttifaqının rəhbərlərindən biri olmusunuz. İndi isə Azərbay­canın rəhbərisiniz. Xahiş edirəm, deyəsiniz: Azər­baycan xalqı Sovet İttifaqının dağılmasından fay­da götürəcəkmi?

Cavab: Mütləq! Biz Sovetlər İttifaqının tərki­bində olarkən Azərbaycan xalqı öz sərvətlərinin sahibi deyildi. Azərbaycanda neft istehsalının 200 illik tarixi var. 1920-ci ildə Sovetlər İttifaqı ya­ranan zaman bu böyük ölkənin neftə tələbatının təxminən 90 faizini Azərbaycan ödəyirdi. Ancaq biz bu neftdən özümüz istədiyimiz kimi istifadə edə bilmirdik. Hasil edilən neftin hamısı Sovetlər İttifaqının tələbatının ödənilməsinə sərf olunurdu. Respublikamızın digər təbii sərvətləri, potensi­al imkanları da SSRİ-nin tələbatının ödənilmə­sinə sərf edilirdi. Amma indi biz müstəqil dövlə­tik. Bu müstəqillik Azərbaycan xalqı üçün bütün sahələrdə tarixi əhəmiyyət daşıyır. Yeri gəlmişkən deyim ki, iş təkcə bu təbii sərvətlərdən istifadə edilməsi ilə bitmir. Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyə­ti maddi əhəmiyyətindən daha da çoxdur. Sovet­lər İttifaqının vaxtilə rəhbər şəxslərindən biri kimi deyə bilərəm ki, mən Sovetlər İttifaqının dağılma­sını istəmişəm və Azərbaycanın dövlət müstəqil­liyi əldə etməsinin arzusunda olmuşam. İndi biz buna nail olmuşuq. Bu, bizim üçün tarixi hadisədir. 

“Ölkələri dinə görə bölmək cinayətdir”

Rusiyanın Ermənistanı Cənubi Qafqazda ye­ganə müttəfiqi hesab etməsini ulu öndər müəyyən dərəcədə din amili ilə əlaqələndirmişdi. 

Aris Qazinyan (Ermənistan): Cənab Prezident, bilmək istərdim, rəsmi Bakı Ermənistan Respubli­kasına necə baxır? Mən burada eşitdim və gör­düm ki, Sizin müşaviriniz – hörmətli cənab Qulu­zadə də, əslində, qeyd etdi ki, erməni milli şüuru Moskvanın təsiri altında formalaşır. Bilmək istər­dim, rəsmi Bakı Ermənistanı Rusiyanın Qafqazda əlaltısı hesab edirmi?

Heydər Əliyev: Bilirsiz, siz çox kəskin ifadələr işlədirsiniz. Nə eşitmisiniz, eşitmisiniz. Mən bura­da nəsə deyə bilmərəm, bunu özümə rəva gör­mürəm. Ancaq fakt faktlığında qalır, Rusiyanın Ermənistanda silahlı qüvvələri, hərbi bazaları var. Ermənistanda sərhəd xidmətini əsasən Rusiya sərhədçiləri çəkirlər, amma təbii ki, Ermənistan sərhədçilərinin iştirakı ilə. Bu fakt özlüyündə onu göstərir ki, ölkənin suverenliyi müəyyən dərəcədə pozulmuşdur. Əlbəttə, bu, ölkənin öz işidir, buna yol verə də bilər, verməyə də. Məsələn, Moskvada da bəziləri deyirlər ki, bilirsinizmi, Ermənistan Cə­nubi Qafqazda bizim yeganə dayağımız və müttə­fiqimizdir. Əlbəttə, bizə o da toxunur ki, məsələn, bəzən kimsə deyir ki, bu, xristian ölkəsidir. Başa düşürsünüzmü, XX əsrin sonunda ölkələri dinə görə bölmək, sadəcə olaraq, cinayətdir. Təəssüf ki, biz Rusiyada bu cür səslər eşidirik. Ermənis­tanın xristian ölkə olmasının məsələyə dəxli yox­dur. Amma nə olsun, belə bəyan edirlər, özü də yüksək vəzifəli adamlar bəyan edirlər. Xalq xristi­anlığa etiqad edir. Doğrudur. Azərbaycanda xalq müsəlmanlığa etiqad edir. Doğrudur. Axı bunu biz yaratmamışıq. Əcdadlarımız hələ çox-çox əsrlər əvvəl bu cür din qəbul etmişlər. İndi buna görə biz bir-birimizlə düşmənçilik etməli, inamsızlıq göstər­məli, yaxud hesab etməliyik ki, görürsünüz, Mos­kva Ermənistanı xristian, Azərbaycanı isə müsəl­man ölkəsi adlandırır?

“ATƏT, Minsk qrupu nəyə lazımdır?”

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə hər görüşlərdə və eləcə də digər təbirlərdə ümummilli lider həmsədr ölkələrin, digər beynəxalq təşkilat­ların münaqişəni ədalətli nizamlamaq əvəzinə, qeyri-normal mövqeyinə sərt münasibət göstər­mişdi. Bu mənada ATƏT-in Minsk qrupunun həm­sədrləri Rudolf Perina (ABŞ), Nikolay Qribkov (Rusiya), Üq Perne (Fransa), Rusiya Federasiya­sinin xarici işlər nazirinin müavini Vyaçeslav Trub­nikov və onlari müşayiət edən nümayəndə heyəti ilə görüşü misal gətirmək olar. Ulu öndər həmin görüşdə demişdir:

– İradım köhnə dostumuz Qribkova aiddir. O, Ermənistanda bəyan edir ki, Dağlıq Qarabağ da­nışıqların tamhüquqlu subyekti kimi, orada iştirak etməlidir. Ona görə də Qukasyan (qondarma Dağ­lıq Qarabağ respublikasınınn”prezidenti”- F.S.) hər gün deyir ki, Dağlıq Qarabağ danışıqlarda bilavasitə iştirak etməyincə, məsələ həll olunma­yacaq. Axı Qukasyanın bunu hər gün deməsi sirr deyildir. Bu məsələ mən buraya gəldiyim vaxtdan müzakirə olunur və yaxşı tanıdığınız Kazimirov da bu məsələ ilə məşğul olmuşdur. Onlar Moskvada görüşürdülər və biz Dağlıq Qarabağın danışıqla­rın bərabərhüquqlu iştirakçısı olması ilə heç vaxt razılaşmırdıq. Çünki biz onu tanımırıq, bizim mü­haribəmiz Ermənistanladır. Əgər Ermənistan kə­nara çəkilsə, biz beynəlxalq təşkilatlarda, sizin iş­tirakınızla, Dağlıq Qarabağa dair mühüm qərarlar qəbul edərik. Ermənistan isə bu qərarların qaba­ğını kəsir... Qoy Ermənistan kənara çəkilsin, onda biz də Dağlıq Qarabağla birbaşa danışıqlar apa­raq və qoy Ermənistan beynəlxalq təşkilatlarda bu işə qarışmasın. Amma bu belə deyildir. İndi Ermə­nistan, əslində, Dağlıq Qarabağı de-fakto özünə birləşdirmişdir. Axı, bu faktdır, orada prezident se­çir. Mən bilmirəm, onlar orada görüşürlər, yoxsa yox, lakin Dağlıq Qarabağ Ermənistanın himayəsi altındadır. Buna görə də mən xahiş edirəm belə şeylərdən uzaq olun. Bundan başqa, bizi, icti­maiyyətimizi belə bir fakt da qıcıqlandırmışdır ki, həmsədrlər Qukasyanı prezident seçilməsi müna­sibətilə təbrik etmişlər. Axı Birləşmiş Ştatlar bəyan etmişdir ki, onlar bunu tanımırlar, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Rusiya da belə bəyanat vermişdir. O, qeyri-qanuni seçilmiş prezi­dentdir, ümumiyyətlə, bu, qanunsuz işdir. Əgər siz onu prezident seçilməsi münasibətilə təbrik edir­sinizsə, deməli, onun prezident olmasını təsdiq edirsiniz. Mən bunu qeyri-normal hesab edirəm .

(ardı var)

 

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat