Bolqarıstanda ingilis dilində nəşr olunan “The Sofia Globe” qəzetində Cənubi Qafqaz bölgəsində baş verən hadisələrlə bağlı maraqlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, bir sıra dövlətlərdə və post-sovet ölkələrində Kremlin separatizmi dəstəkləyən nüfuzlu müttəfiqləri var. Onların siyasəti Avropa İttifaqının mövqeyinə ziddir. Məqalədə buna misal olaraq, bir hissəsi hələ də Kremlə sadiq erməni separatçılarının nəzarəti altında olan Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizmini açıq şəkildə dəstəkləyən Fransa prezidenti Emmanuel Makronun adı xüsusi vurğulanır. Eyni zamanda, Makron açıq şəkildə etiraf edir ki, Avropa İttifaqının (Aİ) heç bir dövləti onun Cənubi Qafqazla bağlı mövqeyini dəstəkləmir.
Görəsən səbəb nədir? Çünki onun yürütdüyü siyasət ən çox Aİ-nin özünün mövqeyinə ziddir. Onun yanaşması quruma arxadan zərbə vurmaqdır.
Bolqarıstan nəşri qeyd edir ki, E.Makronun Marsel bəyanatı (Fransa prezidentinin iyunun 27-də Marsel şəhərində erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər nəzərdə tutulur-S.H.) Avropanın qalan hissəsi onun mövqeyini bölüşməsə də, Fransa prezidentinin Qarabağda Rusiyayönümlü separatizmi dəstəklədiyini aydın şəkildə nümayiş etdirir.
“The Sofia Globe” xatırladır ki, Makron Marseldə Fransanın erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan Prezidentinə hətta Ermənistanın baş nazirindən də çox təzyiq etdiyini bildirib.
Yeri gəlmişkən, Makronun dövlət başçısına yaraşmayan, diplomatik etiket qaydasına uyğun olmayan bu iddiası cavabsız qalmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidentinin növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqətə əsaslanmayan fikirlərinin qəbuledilməz olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təzyiq göstərdiyi barədə iddiaları Makronun təxəyyülünün məhsuludur: “Azərbaycan Respublikasının Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib”.
***
Qeyd edək ki, Fransa liderinin daha bir sarsaq iddiası var. O, təkəbbürlə “Qarabağla bağlı dəqiq mövqeyə malik olan yeganə şəxs mənəm”, – deyib. Makron “Qarabağla bağlı qətiyyətini” qeyd edərək, Fransanın erməni diasporu rəhbərlərini “Qarabağ probleminin ədalətli həlli üçün səylərini davam etdirəcəyinə” əmin edib və xatırladıb ki, Fransa ilk dəfə öz hərbi attaşesini Ermənistandakı səfirliyinə göndərib. Bundan sonra o, çoxmənalı söz işlədib: “Biz əlimizdən gələni edəcəyik!”
Az öncə E.Makronun Cənubi Qafqaz siyasətinin Aİ-nin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş siyasətinə tamamilə zidd olduğunu qeyd etdik. Buradan belə çıxır ki, Fransa tarixən müttəfiq olduğu İran və Rusiya ilə üçtərəfli ittifaq yaradır. “Əgər Fransanın mövqeyi nə ABŞ-a, nə Aİ-yə, nə də Ukraynaya sərfəli deyilsə, o zaman Makron, əslində, kimi dəstəkləyir?” sualı yaranır. Cavab isə aydındır: Fransa prezidentinin siyasətindən əsas faydalananlar Rusiya və İrandır.
Onu da bildirək ki, bu yaxınlarda ABŞ-ın həftəlik “Newsweek” qəzetində analitik hesabat dərc olunmuşdu. Hesabatda qeyd edilirdi ki, Moskva Bakıya təsir etmək məqsədilə Qarabağda erməni separatçılarından istifadə etməyi planlaşdırır. O Qarabağ ki, onu hətta Ermənistanın baş naziri də Azərbaycanın suveren ərazisi kimi tanıyıb. “Newsweek”in müəllifi yazır: “Bundan əlavə, dünyanın aparıcı media subyektlərində dərc olunan çoxsaylı ictimai bəyanatları və analitik qiymətləndirmələri təhlil edərək belə qənaətə gəlmək olar ki, Fransa, İran və Rusiya Cənubi Qafqazda Azərbaycan və İsrailə qarşı səylərini birləşdirməyə qərar veriblər”.
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti isə may ayında yazmışdı ki, prezident Makronun Cənubi Qafqazdakı siyasəti Moskva və Tehranın regional maraqlarına xidmət edir. Buna görə də Vaşinqton və Brüsselin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq səylərinə ziddir. Məqalə müəllifinin fikrincə, E.Makron erməni diasporunun radikal ünsürlərinin girovu olub. Qəribədir ki, səsvermə hüququna malik olan erməni əsilli Fransa vətəndaşlarının ümumi sayı təxminən 600 min nəfərdir. Yəni, erməni əsilli seçicilər Fransada seçicilərin ümumi sayının yalnız bir faizini təşkil edir. Məqalədə qeyd olunur ki, bununla belə Avropanın aparıcı dövlətlərindən birinin, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkənin prezidenti erməni radikallarının təsiri altındadır.
Göründüyü kimi, E.Makronun təzadlı siyasəti artıq Aİ üçün də başağrısına çevrilib. Bunun da səbəbi onun öz sahəsinin adamı olmaması, təcrübəsizliyi və böyük siyasətdə naşılığıdır. Biz Makronun həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə dəfələrlə verdiyi anti-Azərbaycan bəyanatlarını unutmamışıq. O, nə müharibə dövründə öz məqsədinə nail ola bilib, nə də ondan sonrakı dönəmdə. Emmanuel Makronun bundan sonrakı təşəbbüslərinin də uğursuz olacağı bəri başdan bəllidir.
Yeganə HACIYEVA,
politoloq
– Fransa siyasətinin əsasında hər zaman münaqişələrdə iştirak edərək onlardan faydalanmaq dayanır. Nümunə kimi Parisin BMT Təhlükəsizlik Şurasında Afrika ölkələrində sülhyaratma missiyasında iştirakını göstərmək olar. Guya, bununla həmin regionda sülh yaratmaq istəyib. Nəticədə orada münaqişələr daha da kəskinləşib, Fransa isə Afrika ölkələrinin təbii resurslarını mənimsəyib. Bununla Fransa həm də BMT-ni gözdən salıb. Bu, Fransa dövlətinin şakəridir. Bunun tarixi əsrlər öncəyə gedir. Xatırladım ki, İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası ilə ən sıx əməkdaşlıq edən Avropa hakimiyyətlərindən biri də elə Fransa idi.
Bildiyiniz kimi, Makron iqtisadi istebleşmentdən gəlib. Onun yanaşması ümumilikdə harada gəlir varsa, orada olmaqdır. Makronun daxildəki erməni diasporu üzərindən Qarabağdakı erməniləri dəstəkləmək istiqamətində fikirləri, əslində, Fransanın vəziyyətdən istifadə edib Cənubi Qafqaza daxil olmaq cəhdidir. Bu illər ərzində Aİ-nin Cənubi Qafqaz maraqları ilə Fransanın maraqları fərqlənib. Paris Aİ ölkələrinin maraqlarının əleyhinə proseslərə cəlb edilib və həmişə sabotajla məşğul olub. Nəticədə ATƏT-in Minsk qrupunda 28 ilə yaxın, həm də Aİ-nin nümayəndəsi kimi, çıxış etməli olduğu halda, fransız diplomatlar yalnız öz dövlətlərinin maraqlarını güdüblər. Bu siyasət Fransanın bütün hakimiyyətləri dövründə yürüdülüb.
Makron isə bu işləri daha qaba, kobud və səriştəsiz formada icra edir. Onun siyasi idarəçilik təcrübəsi yoxdur. Çox böyük səhvlər buraxır. Fransanın düşdüyü vəziyyət bunun sübutudur. Onu da qeyd etmək lazımdır ki, Makron təkcə Qarabağda Rusiyanın maraqları naminə separatçılarla işbirliyində deyil, həm də Ukraynada Rusiyanın nəfinə Aİ-nin mövqeyini sabotaj edənlərdəndir. Xatırladım ki, İrpen və Buça qətliamları baş verən zaman Makron cəmi bir dəfə açıqlama vermişdi. Demişdi ki, Aİ və Beynəlxalq Ədalət Məhkəməsi bu prosesləri izləməlidir, amma burada bizim əsas məqsədimiz Rusiyanın simasını qorumaq olmalıdır. Əlbəttə, bu yanaşma qüsurlu idi və Aİ ölkələri tərəfindən qəbul edilmədi.
Hazırda Aİ-nin 27 ölkəsindən 10-u Azərbaycandan enerji resursları nəql edir. Onlar ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Avropa Komissiyası Azərbaycanı əsas vacib enerji tərəfdaşı elan edib. Ancaq Makron Avropa Komissiyasının güvənli tərəfdaşının milli məsələsindən istifadə edərək Aİ-nin enerji təhlükəsizliyini zərbə altında qoyur. Bu da üçüncü ölkələrın xeyrinə edilir. Makronun siyasi öhdəlikləri var. Onun karyerasının müəyyən mərhələsində Rusiya biznes dairələrinin, “Qazprom”un iştirakı var. Bunlar real məlumatlardır və zaman-zaman mediada yayılıb. Ancaq dünyanın transmilli media qurumları bu gün Fransada faktiki mövcud olan irqçilik, dini ayrı-seçkilik və dözümsüzlük əsasında baş verən iğtişaşları işıqlandırmadığı kimi, Makronun bioqrafiyasındakı bu qaranlıq məqamların da üstündən keçməyə üstünlük verirlər.
Səxavət HƏMİD,
“Xalq qəzeti”