Hayların Ağ evə ikitərəfli “hücumu”

post-img

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən ABŞ-a səfərə gedib. Onun Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər rəsmilərlə görüşləri planlaşdırılıb. Hayastan mediasının məlumatında qeyd olunur ki, Vaşinqtonda ikitərəfli münasibətlər müzakirə ediləcək. Qriqoryanın Ermənistan və Azərbaycanın XİN başçılarının Vaşinqton danışıqlarından sonra Birləşmiş Ştatlara səfərində əsas məqsədin iki ölkə arasında sülh sazişinin müzakirəsi olduğunu söyləmək olar. Xatırladaq ki, müqəddəs Qurban bayramına təsadüf edən Arlinqton dialoqunun masasına sərhədin delimitasiyası, qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması və erməni əhalisinin təhlükəsizliyi məsələləri qoyulmuşdu. 

Prinsip etibarilə Arlinqton dialoqu təklif olunan sülh sazişinə hiss oluna­caq heç nə əlavə etmədi. Hərçənd gö­rüşün yekunlarına dair həm Azərbay­can XİN, həm də ABŞ tərəfi bəyan etdi ki, tərəflər müqavilə layihəsinin məqsə­dini anlamaqda tərəqqiyə nail olublar və əlavə bəndlər barədə razılaşma var. Dövlət katibi Antoni Blinken jurnalistlər qarşısında səmimi şəkildə bildirdi ki, ən çətin məsələlər hələ həllini tapmayıb. Əslində, bu açıqlaması ilə Ağ ev rəs­misi İrəvanın sülh müqaviləsini imzala­mağa və bötüvlükdə, bölgədə sabitliyin bərpasına hazır olmadığını təsdiqləmiş oldu. 

* * * 

Hay mediasının Qriqoryanın oke­anın o tayına səfərinin gündəliyi ilə bağlı təfsilata varmaması düşünməyə əsas verir ki, Vaşinqtonda yüksək çinli diplomatla görüşün mövzusu Ermə­nistan-ABŞ qarşılıqlı əlaqələrin pers­pektivi deyil, Ermənistan–Azərbaycan problemi olacaq. Ona da şübhə yeri yoxdur ki, Qriqoryan Ağ evi növbəti dəfə İrəvanın ona “mütləq sadiqliyinə” və Cənubi Qafqaz regionunda istisna­sız olaraq, Birləşmiş Ştatların maraq­larını irəli aparmaq üçün “ağlagəlməz səylərə” baş vuracağına inandırmağa çalışacaq. Yəqin bu növ ermənisayaq jestlərdən sonra İrəvan Ermənistan–Azərbaycan gündəliyinin mübahisə do­ğuran məqamlarında Ağ evin ermənilə­rin tərəfində duracağına böyük ümidlər bəsləyir. 

Ermənistan Təhlükəsizlik Şurasının katibinin Ağ evdəki görüşlərinin gündə­liyinə sevimli “Qarabağ ermənilərinin təhlükəsizliyi” məsələsini də salmağa çalışacağına şühbə yeri yoxdur. Bu zaman Qriqoryanın cənab Sallivanın diqqətinə Qarabağ ermənilərinin “blo­kadaya salındığını”, məhrumiyətlərə düçür olduğunu çatdıracağı da şək­sizdir. Vaşinqton görüşündə, həmçinin NATO-nun hərbi proqramlarının geniş­lənməsi məsələsinin müzakirə oluna­cağı da istisna edilmir. 

Yeri gəlmişkən, hələ bu ilin aprelin­də Hayastanın müdafiə nazirliyi məlu­mat yaymışdı ki, 2023-cü ildə erməni hərbçiləri Pentaqonun Avropanın əra­zisində planlaşdırılmış iki təlimində iştirak edəcəklər. Fəqət bundan az sonra Armen Qriqoryan bu faktı “Sivil­net” TV-sinə şərh edərkən Moskvanı inandırmağa çalışırdı ki, Ermənistanın ABŞ Quru Qoşunları Komandanlığı­nın Avropada keçiriləcək təlimlərində iştirakı heç də ölkənin xarici siyasət vektorunun dəyişməsi mənasına gəl­mir. Bu zaman o, Ermənistanın KTMT üzvü olmaqla yanaşı, bu üzvlüyün di­gər ölkələrlə münasibətlərini inkişaf et­dirməyi məhdudlaşdırmadığını nəzərə çatdırmışdı. Buna baxmayaraq, cari ilin yanvarında baş nazir Nikol Paşinyan açıq şəkildə bildirmişdi ki, Ermənistan 2023-cü ildə KTMT-nin təlimlərinin öz ərazisində keçirilməsini məqsədəuy­ğun saymır. Böyük ehtimalla İrəvan artıq o zaman xarici siyasət müstəvi­sində prioritetlərinin dəyişmə konturla­rını ABŞ və Qərbin xeyrinə müəyyən­ləşdirmişdi. Bəzi ekspertlərin fikrincə, Qriqoryanın Vaşinqton səfərində Er­mənistanın KTMT-dən mümkün çıx­ması variantının da müzakirə ediləcəyi istisna olunmur. 

İndiki məqamda hər şey masa üzərindədir. Sülh danışıqlarının Rusi­ya, ABŞ və Avropa treklərində Cənu­bi Qafqaz regionu uğrunda getdikcə güclənən sərt rəqabət özünün strateji mərhələsinə qədəm qoymaq ərəfəsin­dədir. Bəli, vasitəçi-moderatorlardan hər biri öz məqsədinə nail olmağa ça­lışır. Amma özlərinin də etiraf etdikləri kimi, sülh danışıqları prosesində Bakı üçün prinsipial əhəmiyyət kəsb edən tərəqqidən danışmaq hələ tezdir. 

* * * 

Bu arada ABŞ-ın erməni Apostol, Katolik və Yevangelist kilsələrinin dini liderləri Birləşmiş Ştatların Prezidenti Co Baydenə müraciət ünvanlamışlar. Müraciətlərində “Arsaxın Azərbayca­nın tərkibində qalması ona ölüm hök­münü çıxarmağa bərabərdir”, – yazan “müqəddəs atalar” ABŞ Prezidenti­ni inandırmağa çalışırlar ki, bu ölkə (Azərbaycan-müəl.) “ermənilərin qə­dim vətənində yerli əhalini açıq-aşkar etnik təmizləməyə məruz qoymaq istə­yir”. 

ABŞ-ın “Ay Data” komissiyasının saytında dərc olunmuş müraciətdə daha sonra deyilir: “Demokratik Ar­saxı diktator Azərbaycana tabe et­dirməyə yönəlik istənilən nizamlama prosesi Müqəddəs torpaqda yaşayan 120 min erməninin (?) məhv edilməsi deməkdir”. Məktub-müraciətin müəl­lifləri, həmçinin Ağ evi Azərbaycana hərbi yardımı dayandırmağa, ameri­kalıları “soyqırımı zorakılığında” heç vaxt həmiştirakçı olmamağa çağırıblar. Erməni kilsələrinin liderləri ümid etdik­lərini bildiriblər ki, ABŞ rəhbərliyi ilkin xristianlığın beşiyi sayılan Arsaxın (?) öz müqəddaratını təyinetmə hüququna (?) hörmət edən demokratik sülhün qu­rulmasına yardım göstərəcək. 

Alban kilsələrini Qriqorian xaçları ilə “bəzəyib” özününküləşdirən hayla­rın katolikosu Amerikadakı erməni di­asporuna arxalanaraq, “müqəddəs tor­paqda” 120 min soydaşının yaşaması barədə ağ yalanı əbasından utanma­dan supergücün liderinin gözünə üfü­rür. 

Armen Qriqoryanın səfərinin, ermə­ni din xadimlərinin Co Baydenə mü­raciətinin eyni məqsədə xidmət etdiyi məlumdur. İrəvan sülh danışıqlarının indiki mərhələsində əlində olan bütün imkanları işə salıb və arzu etdiyinə çat­maqdan ötrü hər şeyə getməyə hazır olduğunu gizlətmir də. Bəs bu qədər vaxt və enerji sərf etməyin sonda bir səmərəsinin olmayacağını, Bakının şərtləri ilə razılaşacağını necə, ağlına gətiribmi? 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət