Əsrimizin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi (CQD) dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəmərindən(TAP) ibarətdir.
CQD-nin 2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı həmin dəhlizin sisteminə vurulub. Beləliklə, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. Həmin il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan isə hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.
Ötən il CQD vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan memoranduma əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bütün bunlar isə Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədini gerçəkləşdirib.
TAP ilə indiyə qədər qaz tədarükü 25 milyard kubmetr həddinə çatıb. Bu barədə məlumat yayan TAP konsorsiumunun açıqlamasında deyilir: “TAP kommersiya əməliyyatına başladığı vaxtdan etibarən təhlükəsiz şəkildə Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qaz tədarük edib. Təhlükəsiz enerji ötürücüsü olan TAP-ın Avropanın enerji təhlükəsizliyini artırmaq məqsədilə mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycan TAP vasitəsilə Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-də başlayıb. Boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr təşkil edir. Hidrogen və digər bərpa olunan qazların yeni həcmlərini, həmçinin TAP vasitəsilə nəql etməklə uzunmüddətli dayanıqlılığa imkan yaratmaq mümkündür.
Onu da xatırladaq ki, cari ilin aprelində Avropanın Azərbaycan qazının idxalına xərcləri təxminən 490 milyon avroya çatıb. Həmin vaxt ölkəmiz Avropaya 1,047 milyard kubmetr təbii qaz tədarük edib, ixracdan 488 milyon 241 min 329 avro gəlir əldə olunub.
Azərbaycanın Energetika Nazirliyi bildirir ki, bu ilin yanvar-aprel ayları ərzində respublikamız Avropaya ümumilikdə 3,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da qaz ixracının illik müqayisədə 10,5 faiz artdığını göstərir.
Bu dövrdə Azərbaycan Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edib. CQD-nin bir hissəsi olan TANAP ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql olunub.
Ölkəmizdən Avropaya qaz tədarükü başlayan vaxtdan indiyədək ixrac coğrafiyası da getdikcə genişlənir. Məsələn, Rumıniya qaz idxalında Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu sahədə ölkənin “ROMGAZ” şirkəti səmərəli fəaliyyət göstərir. Yeri gəlmişkən, “ROMGAZ” Rumıniyanın ən böyük qaz istehsalçısı olmaqla bərabər, həm də “mavi yanacaq” bazarında ən mühüm tədarükçülərdən biridir.
Qaz ixracında respublikamızla əməkdaşlığa xüsusi önəm verən ölkələrdən biri də İtaliyadır. Aİ-nin Statistika İdarəsi “Eurostat”ın məlumatına əsasən, cari ilin aprelində Azərbaycan İtaliyaya 814 milyon 775 min kubmetr təbii qaz ixrac edib, mart ayında isə bu göstərici 473 milyon kubmetr olub. Beləliklə, qaz ixracı apreldə mart ayı ilə müqayisədə 1,7 dəfə artıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında ölkəmiz Avropaya ümumilikdə 3,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da illik hesablamada 10,5 faiz çoxdur.
Respublikamız Bolqarıstanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Bu ölkə 2022-ci il oktyabrın 1-də istismara verilmiş Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülüyü ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetrə çatır.
Azərbaycan Türkiyəyə qaz ixracını da daim diqqətdə saxlayıb. Qardaş ölkənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun məlumatına görə, 2023-cü ilin aprel ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,73 faiz – 733,92 milyon kubmetrdən 893,36 milyon kubmetrədək artırıb.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli enerji strategiyası sayəsində Azərbaycan bu gün Avropanın enerji resurslarının etibarlı təchizatçısına çevrilib. Avropa İttifaqı ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını inamla möhkəmləndirir və genişləndirir, eyni zamanda, bu istiqamətdə bütün layihələri dəstəkləyir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr kimi, Aİ-yə qaz nəqlinin genişləndirilməsi də artıq reallığa çevrilib. Xüsusilə, son bir il ərzində kəskin enerji böhranı və qaz təchizatı mənbələrinin və marşrutlarının real şaxələndirilməsi zərurəti fonunda Avropa İttifaqı ölkələri tərəfindən dəfələrlə Azərbaycandan qaz tədarükünün artırılmasında və ya ona çıxış əldə etməkdə maraqlı olduqları bildirilib. Son illər Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinin ən yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərləri reallaşıb və bu səfərlər zamanı əsas diqqət Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinə yönəldilib.
Avropa İttifaqının artıq 5 ölkəsi Azərbaycanın “mavi yanacağ”ının tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və onun reallaşdırılmasına uğurla başlanılıb. Bu layihənin tam gerçəkləşdirilməsi nəticəsində respublikamızdan Avropaya əlavə həcmdə təbii qazın nəqli nəzərdə tutulub. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub.
Əslində, həmin layihə 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair imzalanmış anlaşma memorandumunun praktiki icrasıdır.
Azərbaycan hər zaman qaz tədarükünü artırmağa və Avropaya böhrandan çıxmağa kömək etməyə hazır olduğunu bildirib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan telekanallarına müsahibəsində də növbəti illərdə Avropaya qaz ixracının ən azı iki dəfə artırılmasının planlaşdırıldığını deyib.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”