Laçında rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir.
“Azərişıq” ASC-nin məlumatına əsasən, rayon mərkəzindəki evlərə, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisindəki bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Məlumatda deyilir ki, bu gün Laçın şəhərində məskunlaşan vətəndaşlar fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Hazırda Minkənd, “6-cı rayon” adlanan ərazi və Ağbulaq istiqamətində 40 kilometr uzunluğunda yeni elektrik xəttinin çəkilişi davam etdirilir.
Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində isə xətlər çəkilib. 110/35/10 kv-luq Laçın yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt də çəkilir ki, bunun sayəsində rayonun istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin, Laçınla Kəlbəcərin elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.
“Xalq qəzeti”