Ortaq maraqlar Bakı ilə Brüsseli daha da yaxınlaşdırır

post-img

Siyasi dialoq iqtisadi layihələrə meydan açır

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr qarşılıqlı maraqlar və ortaq dəyərlər əsasında formalaşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqun intensivləşməsi qarşılıqlı etimadın artmasına müsbət təsir göstərir. Eyni zamanda, Azərbaycan və Aİ arasında həyata keçirilən birgə layihələr əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Humanitar və mədəni sahələrdə əlaqələrin inkişafı ölkəmizlə “qoca qitə” arasında yaxınlaşmanı gücləndirir. Bütün bu amillər Azərbaycan–Aİ münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyini göstərir.

Bu baxımdan Aİ-nin hazırkı siyasi isteblişmenti ilə dövlətimizin başçısının son bir il ərzində keçirilmiş görüşlərinin xronologiyasına nəzər salmaq yerinə düşər. Çünki görüşlərin intensivliyi əlaqələrin də yüksək səviyyədə olduğuna dəlalət edir. Beləliklə, Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. 20 gün sonra – mayın 16-da Azərbaycan Prezidentinin Tiranada Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. Dövlətimizin başçısı 2025-ci il sentyabrın 18-də Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Oktyabrın 2-də Prezident İlham Əliyevin Kopenhagendə A.Koşta və Ursula Fon der Lyayen ilə görüşü baş tutub.

2026-cı il fevralın 14-də Prezident İlham Əliyev Münxendə Kaya Kallasla görüşüb. Martın 11-də Aİ Şurasının Prezidenti A.Koşta Bakıya gəlib. Paytaxtımızda keçirilən yüksək səviyyəli təkbətək görüşdən sonra A.Koşta və Prezident İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər. Birgə bəyanatın ilk cümləsində prezidentlərin Azərbaycan–Aİ tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksək səviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə etdikləri qeyd olunub. Bildirilib ki, bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir. Eyni zamanda, ötən müddət ərzində tərəflər arasında baş tutan telefon danışıqları, Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 16-da Aİ-nin ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul etməsi də nəzərdən qaçmamalıdır.

Bütün bu görüşlər, qarşılıqlı səfərlər göstərir ki, Azərbaycanla Aİ arasında münasibətlər ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir. Bu dinamika tərəflərin strateji tərəfdaşlığa verdiyi önəmin aydın göstəricisidir və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün əlverişli zəmin yaradır. Eyni zamanda, yüksək səviyyəli təmasların intensivliyi qarşılıqlı etimadın möhkəmlənməsinə və ortaq maraqların daha effektiv şəkildə reallaşdırılmasına xidmət edir. Beləliklə, Azərbaycan–Aİ əlaqələrinin yaxın perspektivdə daha da dərinləşəcəyi və çoxtərəfli əməkdaşlıq platformasında yeni uğurların əldə olunacağı gözlənilir.

* * *

Bu müstəvidən yanaşdıqda Prezident İlham Əliyevin 2026-cı il mayın 5-də Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi xüsusi önəm daşıyır. Söhbət zamanı digər məsələlərlə yanaşı, Azərbaycan–Ermənistan sülh prosesinə toxunulub, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib. Mayın 4-də İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin VIII zirvə top-

lantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.

Sözsüz ki, bu görüş regionda formalaşmaqda olan yeni reallıqlar fonunda xüsusi məna kəsb edir və tərəflər arasında siyasi dialoqun dərinliyini bir daha göstərir. Avropa ilə münasibətlərin yalnız enerji və iqtisadi sahələrlə məhdudlaşmadığı, təhlükəsizlik və sabitlik məsələlərinə də sirayət etdiyi açıq görünür. Bu mənada, sülh prosesi ətrafında aparılan fikir mübadiləsi təsadüfi deyil, əksinə, tərəflərin ortaq maraqlarının kəsişdiyi əsas nöqtələrdən birini təşkil edir.

Rəsmi Bakının son illərdə irəli sürdüyü təşəbbüslər göstərir ki, ölkəmiz regionda uzunmüddətli sabitliyin təmin olunmasında maraqlıdır və bunu yalnız bəyanat səviyyəsində deyil, praktik addımlarla sübut etməyə çalışır. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya olunması, kommunikasiyaların açılması və qarşılıqlı etimadın bərpası istiqamətində atılan addımlar bu siyasətin əsas tərkib hissəsidir. Bu yanaşma regionun gələcəyi ilə bağlı daha praqmatik və nəticəyönümlü baxışın formalaşdığını göstərir.

Avropa tərəfinin bu prosesə artan diqqəti isə onu deməyə əsas verir ki, Cənubi Qafqaz artıq təkcə coğrafi məkan deyil, həm də geosiyasi əhəmiyyət kəsb edən platformaya çevrilib. Qarşılıqlı təmasların intensivləşməsi tərəflər arasında anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir. Bu isə öz növbəsində həm regional, həm də daha geniş miqyasda sabitlik üçün yeni imkanlar yaradır.

Görüş zamanı Bakı ilə İrəvan arasında iqtisadi-ticari münasibətlərin yaradılmasına, bu çərçivədə Azərbaycanın Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığını bildirməsinə dair verilən mesaj regionda yeni mərhələnin başlanğıcına işarə kimi qiymətləndirilə bilər. Xüsusilə tranzit yüklərlə bağlı məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması praktik və siyasi baxımdan əhəmiyyətli addımdır. Bu qərar göstərir ki, rəsmi Bakı münasibətlərin normallaşmasına yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi mexanizmlər vasitəsilə də töhfə verməyə çalışır.

Belə addımlar qarşı tərəf üçün də müəyyən siqnal rolunu oynayır və əməkdaşlıq üçün real imkanların mövcud olduğunu nümayiş etdirir. İqtisadi əlaqələrin qurulması uzunmüddətli sülhün ən möhkəm dayaqlarından biri hesab olunur, çünki qarşılıqlı maraqların yaranması gərginliyin azalmasına xidmət edir. Tranzit imkanlarının genişlənməsi isə regionun ümumi logistika xəritəsində yeni marşrutların formalaşmasına gətirib çıxara bilər.

Digər tərəfdən, bu qərar Azərbaycanın daha geniş regional inteqrasiya baxışının tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Açıq və praqmatik yanaşma iqtisadi aktivliyin artmasına, ticarət dövriyyəsinin genişlənməsinə və nəqliyyat əlaqələrinin canlanmasına zəmin yaradır. Nəticə etibarilə, bu kimi addımlar yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir.

Mayın 4-də İrəvanda keçirilən “ASB” zirvə görüşündə Azərbaycan Prezidentinin videobağlantı vasitəsilə iştirakı isə regionun siyasi tarixində yeni səhifə kimi qiymətləndirilə bilər. Bu addım uzun illər qarşıdurma ilə yadda qalan münasibətlər fonunda dialoqa açıq yanaşmanın göstəricisidir. Fiziki iştirakın olmamasına baxmayaraq, belə formatın seçilməsi həm siyasi həssaslıqları nəzərə almağa, həm də prosesdən kənarda qalmamağa xidmət edir. Bu iştirak, eyni zamanda, Azərbaycanın regional gündəlikdə aktiv rol oynadığını və çoxtərəfli platformalarda mövqeyini qoruduğunu nümayiş etdirir. Verilən mesaj ondan ibarətdir ki, sülhə aparan yol təkcə ikitərəfli danışıqlardan deyil, daha geniş siyasi mühitdə aparılan müzakirələrdən də keçir. Bu baxımdan hadisə gələcək təmaslar üçün yeni imkanlar açan əlamətdar addım kimi yadda qalır.

Səxavət HƏMİD
XQ

Siyasət