Dünən Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Rusiyadan, Albaniyadan, Belarusdan, Bolqarıstandan, Gürcüstandan, Qırğızıstandan, İndoneziyadan, Macarıstandan, Serbiyadan və Tailanddan nümayəndə heyətləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül və əklil qoyublar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüblər.
Konfransı açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Dövlətimizin başçısına Konstitusiya Məhkəməsinin kollektivi və konfrans iştirakçıları adından dərin təşəkkürünü və minnətdarlığını bildirən F.Abdullayev qeyd edib ki, Prezidentin bu sahədə görülən işlərə verdiyi qiymət yüksək etimad təzahürüdür.
Daha sonra F.Abdullayev qeyd edib ki, bu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Prezidentin sərəncamı ilə ulu öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması dahi şəxsiyyətin əziz xatirəsinə əbədi ehtiramın bariz nümunəsidir.
Sədr Heydər Əliyevin müəllifliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil ölkəmizin ilk Konstitusiyasının qəbulu üzərində dayandı. O, referendum yolu ilə qəbul edilmiş Əsas Qanunumuzun ölkəmizdə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açdığını vurğulayıb. F.Abdullayev bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, sənəddə təsbit olunmuş hüquq və azadlıqların dövlət tərəfindən müdafiəsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb.
Sədr Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışaraq qeyd edib ki, qurum insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı missiyasını həyata keçirərkən, ilk növbədə Konstitusiyanın müddəalarını rəhbər tutur. F.Abdullayev onu da bildirib ki, rəhbərlik etdiyi ədalət məqamı 25 il ərzində 545 qərar və 160 qərardad qəbul edib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini vermiş həmin sənədlərdə Əsas Qanunun aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər əksini tapıb.
Konstitusiya Məhkəməsi ötən müddətdə hüquq və azadlıqların müdafiəsi üzrə işini daim təkmilləşdirib, beynəlxalq təcrübəni, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və ona dair Protokolları tətbiq etməyə çalışıb. Həmçinin, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirib.
Tədbirdə iştirak edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Heydər Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov təbrik nitqləri ilə çıxış ediblər.
Daha sonra konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliliyi”, Albaniya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə”, Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Pavlina Panova “Ənənə və tərəqqi arasında tarazlıq”, Qırğız Respublikası Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev “Konstitusiya nəzarəti orqanının məhkəmə fəallığının qanunvericiliyin inkişafına təsiri”, İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Anvar Usman “İndoneziyada qanunvericiliyin inkişafına töhfə verilməsində insan hüquqlarının və qanunun aliliyinin rolu”, Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədri Mirza Uluqbek Abdusalomov “Özbəkistanda konstitusiya islahatı və konstitusiya nəzarətinin inkişafının yeni mərhələsi”, Belarus Respublikası Konstitusiya Məhkəməsinin hakimi xanım Alla Bodak “Konstitusiya nəzarəti: qanunvericiliyin konstitusiyalaşdırılması”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev “Rusiya Federasiyası qanunvericiliyinin konstitusiya əsaslarının formalaşdırılmasında Konstitusiya Məhkəməsinin iştirakı”, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov “Əmək məzuniyyətlərinin hüquqi tənzimlənməsi: mövcud boşluqlar və onların konstitusiya normalarının şərhi vasitəsilə aradan qaldırılması” və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov “Konstitusiya nəzarəti orqanlarının təcrübəsində qanunların konstitusiyaya uyğun təfsiri” mövzularında çıxış edərək təmsil etdikləri ölkələrdə konstitusiya ədalət mühakiməsi sahəsində mövcud təcrübəni təqdim ediblər. Məruzə və çıxışlardan sonra müzakirələr və geniş fikir mübadiləsi aparılıb.