Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq. Yenə də deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağını təqdim edərkən səsləndirdiyi fikirlərdən
Elə bir gün olmur ki, Müdafiə Nazirliyinin yaydığı məlumatlarda “Görülən adekvat tədbirlərlə düşmənin təxribatının qarşısı alınıb” kimi cümlələrinə rast gəlməyək. Fikrimcə, bu təxribatlar düşmənin Azərbaycana qarşı hansısa hərbi əməliyyatlar apara biləcəyinin göstəricisi və ya Ermənistan rəhbərliyinin istəyi deyil. Bu, sadəcə, vəziyyətin yaxınlı – uzaqlı kənar ölkələrdən körüklənməsinin nəticəsidir. Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib ki, müharibənin bitməsinin tərəfdarıdır.
Rəsmi İrəvan açıq şəkildə etiraf etməyə özündə güc tapmasa da, hamıya məlumdur ki, kimlərsə müharibənin və münaqişənin bitməsini qətiyyən istəmirlər və hətta buna imkan vermirlər. Fakt göz qabağındadır ki, bu gün Ermənistan alətə çevrilib. Hətta deyərdik ki, heç zaman olmadığı kimi. Yaxın qonşularımız da bu bölgədəki maraqlıarını İrəvanın əli ilə reallaşdırmaq istəyirlər, Fransa başda olmaqla, bəzi Avropa ölkələri də həmçinin.
Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirməsi göz qabağındadır. Görünür, bu da Cənubi Qafqaza sülhün gəlməsini istəməyən qüvvələri dəhşətli dərəcədə qıcıqlandırır və onlar hər vəchlə baş nazir Nikol Paşinyanın administrasiyasını dinc oturmağa qoymurlar. Ona görə də Azərbaycan tərəfi həm ordunun daha da güclənməsi istiqamətində mühüm addımlar atır, həm də siyasi-diplomatik fəaliyyətimiz heç zaman olmadığı qədər qətiyyətlidir.
Dövlət başçımız artıq öz konkret mesajlarını təkcə Ermənistan rəhbərliyinə deyil, onların himayədarlarına da ünvanlayır. Cənab Prezidentin “Ermənistan sülh istəmirsə, bizə də lazım deyil”, “Sərhədlərin delimitasiyası biz necə istəyriksə, o şəkildə aparılacaq”, “Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq!” – kimi xəbərdarlıqdan artıq hamı öz payını götürür.
Cənubi Qafqazda marağı olan bütün siyasi dairələrin hər birinə gün kimi aydındır ki, İlham Əliyev həmin mesajları təkcə Ermənistan rəhbərliyinə göndərmir. Çünki biz həmin rəhbərliyin “gücünü” də görmüşük, sözünü də. Cəsarəti yatmış şəhəri bombalamağa, xəstələri, qocaları, uşaqları qətlə yetirməyə çatır. Sözündə isə heç bir gün də “duruş gətirə bilmir” və ona görə də beynəlxalq aləmdə artıq İrəvana inanan, demək olar ki, qalmayıb.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında dedi ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün, təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.
Bu məqamda xatırladım ki, Ermənistan mətbuatı cənab Prezidentin bu fikirlərini olduğu kimi öz oxucusuna təqdim etmişdir. Əslində, işğalçı ölkənin ideoloqları Azərbaycanın dövlət başçısının söylədiklərini paylaşmaqla, kimdənsə küsmək, incimək və ya qorxunu dilə gətirmək məqsədi daşımırlar. Onlar, sadəcə olaraq erməni xalqını başa salmağa çalışırlar ki, artıq başqa yol yoxdur.
Başqa bir məqam. Azərbaycanın xarici siyasəti və uğurlu diplomatiyası İkinci Qarabağ müharibəsi günlərində “bütün varlığı ilə” Ermənistanı müdafiə edən ölkələrin hər birinin mövqeyində çox ciddi dəyişikliklər etmişdir. Rusiya geridə qalan iki il yarımda ancaq Zəngəzur dəhlizinin və digər nəqliyyat-kommunikasiya vasitələrinin açılmasını dəstəkləməklə kifayətlənir. Amma vaxt var idi ki, Azərbaycanın tələb etdiyi sərhədlərin delimitasiya və demarkasiyasını, eləcə də sülh müqaviləsi məsələlərini qeyri-müəyyən vaxtadək təxirə salmaq istəyirdi. İndi isə bəyan edirlər ki, Azərbaycanla Ermənistan arasındakı bütün məsələlərin həllində iştirak edəcək və regiona sülhün gətirilməsinə çalışacaq.
Fransa Prezidenti açıq şəklidə etiraf etdi ki, Azərbaycan rəhbərliyinə Ermənistanın baş nazirindən də çox təzyiqlər etməyə çalışsa da, heç nə alınmadı. Yəni, İlham Əliyevin istənilən platformada nümayiş etdirdiyi qətiyyət ermənilərin əlini Parisdən də üzür. “Həftə səkkiz, mən doqquz” Azərbaycan əleyhinə bəyanatlar verən, haqq işimizə kölgə salmaq istəyən Tehran isə artıq xeyli “toxtayıb”. İndi onun amiranə bəyanatlarını, demək olar ki, eşitmirik. Bəli, İran açıq bədxahlığı artıq kənara qoyub. İndi həmin üç paytaxt sadəcə Qarabağda yaşayan erməniləri “mübarizəyə ruhlandırmaqla” kifayətlənir.
Bütün bunları hamıdan yaxşı bilən Prezident İlham Əliyev xatırladır ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, sözünü açıq deyir və müstəqil siyasət aparır: “Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən dedim ki, bu sözlər kifayət deyil, daha dəqiq sözlər deyilməlidir və keçən ay artıq bir daha rəsmən nəinki ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınıb, hətta Azərbaycan ərazisinin parametrləri də qeyd olunub. Yəni, bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks-təqdirdə, sülh olmayacaq”.
Bəli, Azərbaycan son iki il yarım ərzində ordusunu kifayət qədər gücləndirmişdir. Yəni, kimin və ya kimlərinsə fitvası ilə törədilən epizodik təxribatlarla bizi təhdid etmək qətiyyən mümkün deyil. Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan və onun arxasında dayanan xarici qüvvələr bu amilləri başa düşmürlərsə, onda günah onların boynunda qalacaq.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”