Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında ölkəmizdə səfərdə olan Malayziyanın Birləşmiş Malay Milli Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə YAP Sədrinin müavini-mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Malayziyanın Azərbaycan üçün dost ölkə olduğunu deyib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan YAP Sədrinin müavini Azərbaycanla Malayziya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Malayziyanın Cohor ştatının naziri, UMNO Gənclər Birliyinin rəis müavini Mohd Hairi Bin Mad Shah təmsil etdiyi təşkilatın Yeni Azərbaycan Partiyası ilə çoxşaxəli əlaqələrin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib. O, YAP-ın gənclər siyasəti sahəsində təcrübəsinin onlarda xüsusi maraq doğurduğunu və bu istiqamətdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının böyük önəm daşıdığını vurğulayıb.
“Xalq qəzeti”