1-ci Bakı Beynəlxalq “Challenge”in açılış mərasimi olub

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gimnastika hamı üçün” növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” turnirinə start verilib. “Gimnastika hamı üçün” növü üzrə keçirilən turnir çərçivəsində baş tutan yürüş, komandaların çıxışları, ustad dərsləri, əyləncə dolu proqramlar şəhərimizin sakinləri və qonaqlarını valeh edir, insanlara xoş ovqat və əsl bayram əhval-ruhiyyəsi bəxş edir. Yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxsin məşğul ola bildiyi bu idman növü onu izləyənləri heyran etməyə bilməz. 

Tamaşaçılar əvvəlcə turnir iştirakçılarının “Dəniz mall” ticarət mər­kəzinin yaxınlığından başlayıb Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydanda başa çatan yürüşünü izləyiblər. 

Daha sonra “Gimnastika hamı üçün” növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” turnirinin təntənəli açılış mərasimi baş tutub. 

Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş et­dirilib. Sonra Avropa Gimnastikasının “Gimnastika hamı üçün” Texniki Ko­mitəsinin prezidenti Xlif Torgeysdottir və Azərbaycan milli komandasının “Gimnastika hamı üçün” növü üzrə baş məşqçisi, Avropa Gimnastikasının “Gimnastika hamı üçün” Texniki Ko­mitəsinin üzvü Ruslan Eyvazov çıxış ediblər. Qeyd edilib ki, “Gimnasti­ka hamı üçün” növü üzrə beynəlxalq “Challenge”ə Azərbaycan, Gürcüstan və Litvanı təmsil edən 46 komandadan 500-ə yaxın idmançı qatılıb. 

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra “Challenge” iştirakçılarının çıxışları başlayıb. Festi­valın keçirildiyi meydanda çoxsaylı ta­maşaçı kütləsi komandaların çıxışları­na böyük maraqla tamaşa ediblər. 

Azərbaycan Gimnastika Federa­siyasının baş katibi Nurlana Məm­mədzadə jurnalistlərə açıqlamasında turnirdə Bakı idmançıları ilə yanaşı, Azərbaycanın 20 rayonundan nü­mayəndələrin də iştirak etdiklərini bil­dirib. O, iştirakçılar arasında “Qızıl Yaş” kateqoriyasının nümayəndələrinin ol­masını təqdirəlayiq hal sayıb. 

Baş katib bildirib ki, Azərbaycan Gimnastika Federasiyası gimnastikanın 9 növünü inkişaf etdirir ki, onlardan biri də “Gimnastika hamı üçün”dür.

“Keçən il Bakıda “Gimnastika hamı üçün” növü üzrə milli festival keçiri­lib. Bu il isə Azərbaycan komandaları ilə yanaşı, Gürcüstan və Litva nü­mayəndələrinin çıxış etdiyi beynəlxalq tədbirə ev sahibliyi edirik”, – deyə o əla­və edib. 

Qeyd edək ki, “Gimnastika hamı üçün” üzrə 1-ci Bakı Beynəlxalq “Challenge” iyunun 18-dək davam edəcək. 

L.AZAD, “Xalq qəzeti”

Son xəbərlər