Xocavənddə əsgərlərə yüksək tibbi xidmət göstərilir

post-img

Son illərdə Azərbaycanda ölkə rəhbərliyinin diqqət və qayğısı ilə ordu quruculuğu sahəsində şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, Azərbaycan Ordusunun maddi-texniki təminatı gündən-günə gücləndirilir, möhkəmləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. 

Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı ərəfəsində Müdafiə Na­zirliyinin Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalın­da olduq. 250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Burada qərargah, birmərtəbəli patoloji anatomi­ya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxa­nası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaş­dırma işləri aparılıb, abadlıq işləri görü­lüb, asfalt örtüyü salınıb. 

Hərbi hospitalda üçmərtəbəli müa­licə-diaqnostika korpusu da tikilib. Kor­pusda qan bankı, laboratoriyalar, müa­licə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimat­lar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafi­yası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb. Dünyanın inkişaf etmiş ölkələrində istehsal edilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuş pala­talarda hərbi qulluqçulara yüksək səviy­yədə səhiyyə xidməti göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. 

Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz tə­minatı üçün UPS sistemi, ehtiyat gene­rator qurğusu, su, istilik və digər kommu­nikasiya sistemləri ilə də təmin olunub. Həmçinin, təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hos­pitalın ərazisində helikopter meydançası salınıb. Bundan başqa, ağır xəstələri təcili və qısa müddətdə digər müalicə müəssisələrinə çatdırmaq üçün də hos­pitalın helikopterindən istifadə etmək mümkün olacaq. 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 2022-ci il iyulun 10-da Xocavənd rayonundakı bu hərbi hospitalın açılışın­da olub. Burada yaradılan şəraitlə tanış olub, müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşüb. Z.Həsənov hərbi hospitalın ərazisində tibbi personal və onların ailə üzvləri üçün hazırlanmış yaşayış binalarının açılış mərasimində iştirak edib. 

Müdafiə naziri yeni istifadəyə veril­miş, hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət ikimərtəbəli binaların kommuni­kasiya xətləri və mərkəzləşdirilmiş istilik sisteminə baxış keçirib. Müasir standart­lara cavab verən tam təmirli mənzillərdə mebel və lazımi avadanlıqlar quraşdırılıb. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb. 

Hərbi hospitalın rəisi, tibb xidməti pol­kovniki İlqar Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində əraziləri­mizin erməni işğalından azad olunma­sından sonra Ali Baş Komandan İlham Əliyevin qayğısı ilə azad olunmuş böl­gələrdə yeni hərbi hissələr, hərbi obyekt­lər inşa edilib və bu proses davam etdi­rilir: “O cümlədən, Xocavənd rayonunda bu hospital müasir standartlara uyğun yenidən quruldu. Hospitalda yaralı və xəstə hərbi qulluqçulara ixtisaslaşdırılmış tibbi personal tərəfindən lazımi yardım göstərilir. Burada cərrahiyyə, terapiya, dəri-zöhrəvi xəstəlikləri, infeksiya, müa­yinə, kardiologiya bölməmiz, müalicə və müayinə üçün ultrasəs, fizioterapiya, en­doskopiya və digər kabinetlərimiz, labo­ratoriyamız var.

Həkimlərimizin ixtisas hazırlığı yük­sək səviyyədədir. Buna görə də rəh­bərliyin hospital qarşısında qoyduğu tapşırığı qüsursuz yerinə yetirə bilirik. Həkimlərimiz hospitalda olan texnologi­yalar sayəsində endoskopik, qastrosko­pik, kolonoskop müayinə və əməliyyat­lar, KT, rəqəmsal rentgen müayinələri apara bilirlər. Laboratoriyamızdakı ava­danlıqların yüksək imkanları sayəsində xəstəliklərin diferensiyasını apara bilirik. Xəstələrin müalicə olunduğu reanima­siyamız ən müasir avadanlıqla təchiz olunub”. 

Hospitalın cərrahiyə bölməsinin rəisi, polkovnik-leytenant M.Tağıyev bildirdi ki, hospitalda istənilən xarakterli əməliyyat­lar icra olunur. Hansı xəstələrin vəziyyəti ki, çox ağırdır, onlar əvvəl burada əməliy­yat olunur. Əgər müayinə və müalicə pro­sesləri mərkəzi hospitalda getməlidirsə, onda Bakıya göndərilir. Amma bu, çox az hallarda olur: “Çünki burada istənilən xəstənin əməliyyatı, sonrakı müalicəsi, diaqnostikası üçün bütün lazımi avadan­lıqlarımız və şəraitimiz var. Bu vaxta kimi 7-8 ağır xəstə göndərmişik. Onlardan 3-ü helikopter ilə təcili göndərilib”. 

Hospitalda xidmət keçən tibb işçisi İlhamə Bəylərova 2020-ci ilin payızında torpaqlarımız işğaldan azad olunandan sonra əvvəlcə Cəbrayıl rayonunda ça­lışıb. İndi isə Xocavənddə xidmət edir. O, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirərək dedi ki, dövlət başçımızın düşünülmüş güclü siyasəti nəticəsində doğma torpaqlarımıza ayaq basmışıq, burada xidmət edirik: “Labo­ratoriyamız müasir tibbi avadanlıqlarla, aparatlarla təmin olunub. Burada heç bir gecikmə olmadan vaxtı-vaxtında bütün müayinələr aparılır. Biz də hər zaman Ordumuzun və əsgərlərimizin qulluğunda durmağa hazırıq.”

Hospitalda qasıq nahiyəsindəki yır­tıqdan əməliyyat olunmuş Cahandar Eminli ona göstərilən qayğıdan, şərait­dən məmnunluğunu bildirdi, vəziyyətinin yaxşı olduğunu dedi. 

Baş çavuş Sevda Yusifova 2002-ci ildən hərbi xidmətdədir. O, Azərbaycan Ordusunda xidmət etməyin olduqca şərəfli hiss olduğunu dilə gətirdi: “30 il idi ki, torpaqlarımız işğal altında idi. Biz bu doğma yerlərin həsrətini çəkirdik. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında Qarabağ azad olundu. Torpaqla­rımızın azadlığı uğrunda şəhid olmuş bü­tün qardaşlarımızın ruhu qarşısında baş əyir, onları böyüdən analarımızın əllərin­dən öpürəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət göstərirəm”. 

 

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Bakı–Xocavənd–Bakı



Sosial həyat