Kəlbəcər hərbi hospitalında hər cür şərait yaradılıb

post-img

17 iyun – tibb işçilərinin peşə bayramı günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Bu gün Azərbaycan səhiyyəsi özü­nün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğı­sı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Sevindirici hal budur ki, 3 il öncə Vətən müharibə­sində qazandığımız parlaq qələbəmiz­lə yenidən öz sahibinə qayıdan doğma torpaqlarımızda da iri və müasir səhiyyə müəssisələri açılmaqdadır. 

Səhiyyə sisteminin inkişafı, bu sahə­nin maddi-texniki bazasının, kadr poten­sialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində­dir. Bu yaxınlarda Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak etmişdi. Kəlbəcər kimi mürəkkəb relyefə malik olan, ən strateji regionlar­dan sayılan bir ərazidə belə bir hospitalın açılması bütövlükdə Azərbaycan Ordu­sunun ucqarlarda da fəaliyyətinin davam­lılıq və sağlamlıq təminatı baxımından ol­duqca mühüm addım idi. 

Bu günlərdə Müdafiə Nazirliyinin təş­kilatçılığı ilə bir qrup jurnalistin Kəlbəcər rayonunu ərazisində yeni istifadəyə veril­miş hərbi hospitala 1 günlük səfəri ger­çəkləşdi. Səfərdə qəzetimizin əməkdaşı da iştirak etdi. 

Qeyd edək ki, hərbi hospital kifayət qədər böyük, təxminən 3,6 hektar ərazi­də salınıb. Sülh dövrü üçün 180 çarpa­yılıq nəzərdə tutulan bu hərbi hospitalda döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Hospi­talı müşahidə edərkən yeni müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş otaqlarla tanış olduq. Bu, bəlkə də Cə­nubi Qafqazda ən müasir hərbi hospital­lardan biridir desək, yanılmarıq. Hərbi hospitalın rəisi tibb xidməti polkovniki Hüseyin Əliyev bildirdi ki, 25 ildir hərbi xidmətdədir və artıq 5-ci hospitaldır ki, ora rəhbərlik edir. Baş həkimin sözlərinə görə, hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə kor­pusu, yoluxucu xəstəliklər və dəri xəstə­likləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, ca­maşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana fəaliyyət göstə­rir. Bir sözlə, orada tibbin bugünkü tələb­lərinə cavab verən şöbələri var. Müasir avadanlıqlarla təmin olunmuş bu hospital bəlkə də respublikada yeganə xəstəxa­nadır ki, istənilən palatada mərkəzləşdi­rilmiş oksigen stansiyası mövcuddur və hər bir palataya oksigen paneli qoyulub. Yəni istənilən palatanı reanimasiya və ya əməliyyat otağı etmək mümkündür. Bura­da ağır əməliyyatlar aparıla bilər, beyin, qarın boşluğu və s. 

Şübhəsiz ki, bu yaradılan şəraitə görə biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Burada ixti­saslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. 

Hazırda hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şə­rait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobio­loji analizlərin aparılması mümkündür.

Müşahidələrimiz bunu deməyə əsas verir ki, Kəlbəcər hərbi hospitalında Azər­baycan əsgərinin, hərbçisinin sağlamlığı­nı qorumaq üçün hər cür şərait var. Yəni, ucqar region olmasına baxmayaraq, istə­nilən ani hadisə üçün bütün tələblərə ca­vab verir. Bura həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əmə­liyyatların fasiləsizliyi üçün UPS, mərkəz­ləşdirilmiş su, istilik və digər kommunikasi­ya sistemləri ilə tam təchiz olunub.

Bundan əlavə, hərbi hospitalın avto­mobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobilləri də mü­şahidə etdik. Hərbi hospitalın ətrafındakı ərazidə yaşıllaşdırma və abadlıq işləri də çox yüksək səviyyədədir. 

Beləliklə, hərbi hospitaldan yüksək təəsüratlarla ayrıldıq. Ən ağır əməliy­yatların aparıla biləcəyi belə bir tibb obyektinin ölkənin ucqarında, düşmənlə sərhəd bölgədə ərsəyə gətirilməsi ortaya çıxan istənilən problemə qarşı da adek­vatlıq baxımından vacib əhəmiyyət da­şıyır. Belə bir tibb mərkəzi həm istənilən fövqaladə, həm də hərbi vəziyyətdə öz vacibliyini hər zaman göstərə bilmə po­tensialına malikdir.

Müşahidələrimiz əminliklə bunu deməyə əsas verir ki, bu gün ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Onu da əlavə edək ki, bu kimi hərbi-tibbi mərkəzlərin sürətlə tikilərək is­tifadəyə verilməsi həm də Azərbaycanın qüdrətinin də əyani təzahürü kimi qiymət­ləndirilməlidir. 

 

Anar ƏLİ,
“Xalq qəzeti”

Bakı–Kəlbəcər–Bakı



Sosial həyat