Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla mübarizə mərkəzinin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində “İslam Dövləti” (İŞİD) terror təşkilatının bir neçə üzvü həbs edilib.
Bu barədə Gürcüstan DTX-nin məlumatında bildirilir ki, antiterror əməliyyatı eyni vaxtda 4 yerdə keçirilib və İŞİD üzvü olmaqda şübhəli bilinən 6 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Məlum olub ki, “İslam Dövləti” terror təşkilatı və onun tabeliyindəki qruplar bir neçə ölkədə müxtəlif terror fəaliyyətləri planlaşdırıblar.
İstintaq tədbirləri nəticəsində terror təşkilatının rəmzləri, elektron məlumat daşıyan qurğular, döyüş sursatı, partlayıcı maddələr və istintaq üçün vacib olan müxtəlif sübutlar aşkar edilib.
“Xalq qəzeti”