XİN: Ermənistanın hərbi təxribatları regional sülhü təhdid edir

post-img

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, Ermənis­tanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənis­tanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şə­kildə təhdid edir.

Ermənistanın bu əməlləri ciddi for­mada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanmalıdır.

Ermənistanın təxribatlarının qarşı­sını almaq məqsədilə Azərbaycanın Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək.

“Bir daha bəyan edirik ki, Ermənis­tanın törətdiyi təxribatlara görə məsu­liyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, – deyə XİN-in açıqlamasında bildirilib.

“Xalq qəzeti”

Son xəbərlər