Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyəsətinin formalaşmasında və inkişafında rolu

post-img

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi. 

Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir. 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır. 

Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur.

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi.

1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi.

Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qoyurdu: “Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi artıq dirçəlib, formalaşıb, öz gücünü toplayıb və həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət təhlükəsizliyini təmin etməyə, qorumağa qadirdir. Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük vəzifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və prezident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir.

Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər görməlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapdalanmasın, heç kəskin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”.

Onun təhlükəsizlik və eləcə də hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi.

Bundan başqa, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanunsuz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və s. istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı.

Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə edildi. Onun təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zamanda, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

MTN-in əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində 1994-1997-ci illərdə Azərbaycan Respublikası əleyhinə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin qarşısı əsasən alınmış, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 213 ölkə vətəndaşı aşkarlanmış, onlardan 27 nəfəri casusluq fəaliyyətinə görə məhkum olunmuş, 186 nəfər isə profilaktik iş aparılmaqla cinayət yolundan çəkindirilmiş, 13 əcnəbi casus ifşa edilmişdir. Respublikada 3 dəfə vətəndaş müharibəsi təhlükəsi sovuşdurulmuş, 7 dövlət çevrilişi cəhdinin qarşısı alınmış, 5 cəhd hazırlıq mərhələsində lokallaşdırılmış, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir.

Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. MTN Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışmışdır.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əliyevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azərbaycanda daxili təhlükəsizliyin təminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasına nail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır.

Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır ki, bu da nəticə etibarı ilə ölkədə ictimai-siyasi sabitliyin pozulması ilə daxili təhlükəsizliyin təminatı üçün ciddi təhdid təşkil edir».

Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil dövlətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun müharibədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məşğul olmağa başladı.

Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terrorçuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azərbaycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.

Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niyyətlərini gizlətməyən təcavüzkar Ermənistanın, o cümlədən bəzi dövlətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliyyətləri Azərbaycanın təhlükəsizlik orqanlarını düşünülmüş və qabaqlayıcı addımlar atmağa sövq edir. Heydər Əliyevin rəhbərliyi altında MTN əməkdaşlarının gərgin əməyi, öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönəldilmiş bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında alınmış və müvafiq tədbirlər görülmüşdür. Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir.

Cəsarətlə demək olar ki, məhz Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokratik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya edir, qloballaşmaya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. MTN-in dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur.

Ölkədə sabitlik təmin olunduqdan sonra Milli Təhlükəsizlik Nazirliyində işlər öz məcrasına düşdükcə onun təşəkkülü ilə bağlı lazımi hüquqi sənədlər də imzalanırdı. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman (1 fevral 1999-cu il), «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (4 avqust 1999-cu il, 24 avqust 2002-ci il), «Terrorizmə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (30 avqust 1999-cu il), «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (11 noyabr 1999-cu il və 24 avqust 2002-ci il) və sair hüquqi sənədlərin qəbul edilməsi MTN-in fəaliyyətinin istiqamətlənməsində, hüquqi bazanın yaradılmasında əvəzsiz rol oynadı.

Bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət  sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənədlərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir.

Müasir dönəmdə qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.

Cəlil Xəlilov,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor 

Son xəbərlər