İordaniyada Novruz bayramı qeyd edilib

post-img

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Səfirlikdən AZƏRTACA-a bildiriblər ki, Türkiyə və Qazaxıstan səfirləri və diplomatlarının, İordaniyada daimi və müvəqqəti yaşayan soydaşlarımız və ailə üzvlərinin iştirakı ilə keçirilən bayram tədbirini açan səfir Eldar Səlimov qonaqları Novruz bayramı münasibətilə təbrik edib, onlara ruzi-bərəkət, xoşbəxtlik və əmin-amanlıq arzu edib.

Ümummilli Lider Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi zaman xalqımız tərəfindən Novruzun geniş şəkildə qeyd olunmasına imkan yaratdığını xatırladan səfir qürur hissi ilə qeyd edib ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun rəşadəti sayəsində baharın gəlişinin rəmzi olan bu gözəl bayram üçüncü ildir ki, Qələbə ovqatı ilə qarşılanır.

Azərbaycan diplomatı Novruz bayramının ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu, milli-mədəni irsimizin təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu bayramın UNESCO-nun Ümumdünya İrs Siyahısına salındığını, 2010-cu ildə isə dövlətimizin təşəbbüsü və Novruzu qeyd edən digər ölkələrin dəstəyi ilə 21 mart tarixinin BMT-nin 64-cü sessiyasında Beynəlxalq Novruz Günü elan edildiyini vurğulayıb.

Sonra tədbirdə Azərbaycan milli musiqiləri səslənib, qonaqlara ləziz təamlar təklif edilib.

 

Son xəbərlər