Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

post-img

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanların rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Bakı Konqres Mərkəzi”ndə keçirilən xatirə gecəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olunub.

Xatirə gecəsində çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır.

O bildirib ki, sözlərinə görə, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur: “Mən ilk növbədə akademik Zərifə Əliyevanın bir alim kimi gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətini vurğulamaq istərdim. O, elmdə heç vaxt asan yol axtarmırdı, keçilməmiş yollarla gedir, yeni cığırlar salırdı, öz elmi araşdırmalarını praktik əhəmiyyət daşıyan aktual mövzulara həsr edirdi”.

“Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır”, - deyə səhiyyə naziri vurğulayıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında bildirib ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir: “Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Zərifə xanım Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim həkim kimi yeni bir nümunə ortaya qoyub”.

Xatirə gecəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, Zərifə Əliyevanın əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.

Görkəmli alimlə bağlı xoş xatirələrini bölüşən Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğuladı ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Onun sözlərinə görə, ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-1969-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib.

Xatirə gecəsində çıxış edən 1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva qeyd edib ki, Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb: “Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara”.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Son xəbərlər