Milli Məclisin Sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində paytaxt Manamada ASEAN Parlamentlərarası Assambleyanın baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanıb və ötən il Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması diqqətə çatdırılıb. Qeyd olunub ki, parlamentlərin təşkilata müşahidəçi statusu almaq üçün müraciətinə 2-3 il ərzində baxılır, amma Azərbaycanın müraciətinə dərhal müsbət cavab verilib.
S.Qafarova, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi deyib ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər qanunverici təşkilatla fəal əlaqə qurmaqda maraqlıdır. O, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərin beynəlxalq birlik tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.
ASEAN Parlamentlərarası Assam-bleyanın baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirərək, həmçinin ölkəmizin hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atdığı addımların geniş beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunduğunu bildirib.
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb.
***
Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı assambleyasında “Dinc birgəyaşayışın və inklüziv cəmiyyətlərin təşviqi: dözümsüzlüklə mübarizə” mövzusunda çıxış edən Azərbaycan Parlamentinin Sədri S.Qafarova müasir qlobal çağırışlar kontekstində assambleyada müzakirə olunan mövzunun müstəsna əhəmiyyətini vurğulayıb. O, dünyada radikalizmin, ksenofobiyanın, irqçiliyin, islamofobiyanın, ayrı-seçkiliyin və nifrətin artmasını keçmişdə multikulturalizm ideyalarının qəbul edilməməsi və bəzi siyasi liderlərin onu uğursuzluq kimi qələmə verməsi ilə əlaqələndirib və dünyanın daha bölünmüş, dözümsüz və qeyri-sabit hala gəlməsinin onların səhv etməsinin daha bir sübutu olduğunu deyib.
S.Qafarova Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı müddətdə törətdiyi vəhşilikdən, Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri məhv etməsindən, Azərbaycanın 2020-ci ilin noyabrında öz gücü ilə qazandığı tarixi Qələbədən, hazırda həmin ərazidə aparılan genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işlərindən söhbət açıb. Parlamentin Sədri , həmçinin Ermənistanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırmasından, regionda gərginlik yaratmasından da danışıb.
Alen Simonyan cavabını aldı
Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 146-cı assambleyasında erməni xislətinə sadiq qalaraq, Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Milli Məclisin Sədri Sahibə Qafarova Simonyanın yalanlarını ifşa edib. O, çıxışında deyib ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə -yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub: “Ermənistan beynəlxalq ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını davam etdirir. O deyib ki, Ermənistan parlamenti sədrinin səsləndirdiyi fikirlər saxtakarlığın və qarayaxmanın növbəti təzahürüdür”.
Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən Sahibə xanım bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb.
Ermənistan parlamenti sədrinin Laçın yolunun, guya, “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən S.Qafarova diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.
Milli Məclisin Sədri Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”