Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. İməciliklərdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin titanik quruculuq fəaliyyətində ölkənin yaşıl örtüyünün qorunması və yeni yaşıllıqların salınması önəmli yer tutub. Buna görə də ulu öndərin 100 illiyinə ən layiqli töhfələrdən biri də yaşıl zolaqların genişləndirilməsidir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar ərazidə keçirilən iməcilikdə iştirak ediblər. Aksiya zamanı 1500 badam tingi və 600 üzüm kolu əkilib.
Həmin gün muxtar respublikada könüllü ağacəkmə aksiyasında 19 mindən artıq sakin iştirak edib, 40 min meyvə və meşə tingi əkilib.
Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”