İran dənizdə hərəkətdə olan gəmiləri vuran və səsdən 8 dəfə iti uçan “hipersəsli ballistik raket” yaratdığını elan edib. Bu barədə İran SQ Baş Qərargahının başçısı general Məhəmməd Bakıri bildirib. Məlumatı “Anadolu” verib.
ABŞ və İsrail isə İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlaqəli tədbirləri gücləndirmək barədə razılaşıblar. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, İsrailin strateji planlaşdırma naziri Rona Dermer və İsrail Milli Təhlükəsizlik Şurasının başçısı Tsaxi Xaneqbinin iştirakı ilə Vaşinqtonda keçirilmiş ABŞ-İsrail strateji məsləhət qrupunun iclasının nəticələri ilə bağlı bəyanatda bildirilir ki, vəzifəli şəxslər İranın nüvə proqramındakı tərəqqini böyük narahatlıqla təhlil edərək, təhlükəsizlik sahəsində çoxillik tərəfdaşlığın möhkəmləndirilməsi üzrə ümumi məqsədlərini təsdiq ediblər.
Tərəflər həm də ABŞ və İsrail ordularının birgə təliminin nəticələri, gələcəkdə təhlükəsizliyin və İsrailin Yaxın Şərq regionuna siyasi inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı məslələri müzakirə ediblər.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

