Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 28-də Pekinə rəsmi səfərə gəlib. O, yola düşməzdən əvvəl “Sinxua” agentliyinə müsahibəsində bildirib ki, Çin lideri Ci Sinpin ilə şəxsi görüşünü böyük səbirsizliklə gözləyir.
A.Lukaşenko rəsmi Pekinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı “Sülh təklifləri”ni yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün dünyada heç bir problem rəsmi Pekinin iştirakı olmadan həll edilə bilməz.
Səfər zamanı iqtisadi, ticari və humanitar sahələrdə bir sıra mühüm sənədlərin imzalanacağı gözlənilir. BelTA agentliyi qeyd edib ki, Lukaşenkonun Pekində həmçinin Çinin bir çox iri korporasiyalarının rəhbərləri də görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, Belarus lideri Çinə bu vaxta qədər 12 dəfə səfər edib. Səfər martın 2-də başa çatacaq.
Hazırladı: M.HACIXANLI, “Xalq qəzeti”