Xalq etirazları yeni forma alır

post-img

Son günlərdə Tehran rejimi ölkəni bürümüş etiraz aksiyalarının susdurulduğunu iddia etsə də, etirazlar yeni formalarda davam edir. Fevralın 19-da Təbrizin bir neçə məhəlləsinin divarlarına Tehran rejiminə və onun repressiyalarına qarşı etiraz şüarları yazılıb. Şüarlarda əsasən “Şüarlarımızı divarlardan silə bilərsiniz, qan izlərini yox”, “Ölüm olsun Xameneiyə”, “Ölüm olsun diktatora” və başqa bu kimi fikirlər əks olunub. Məlumatı Gunaz.TV verib.


Məlumdur ki, İranda həbsdə olan etirazçılara münasibətdə  qəddar rəftar edilir. Dünən bununla əlaqədar Güney Azərbaycanın Qəzvin şəhərindən olan fəal Məhəmməd Əbülhəsəni həbsxanada aclıq aksiyasına başlayıb. O, hüquqlarının pozulması, həbsxana nəzarətçiləri tərəfindən döyülməsi və məhbusların cinayətlərinin təsnifatlandırılmamasına görə bu üsula əl atdığını bildirib.


Məhəmməd Əbülhəsəni fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, ağır şəkildə döyülərək Qəzvin həbsxanasına aparılıb. Tehran İnqilab Məhkəməsi güneyli mədəni fəala qarşı “hökumət əleyhinə təbliğat” ittihamı irəli sürərək, barəsində 4 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.


İranın hakim rejiminə qarşı etiraz aksiyaları ölkədən xaricdə də davam etməkdədir. Fevralın ­20-də Belçikanın paytaxtı Brüsseldə Avropada yaşayan müxalif dünyagörüşlü ­iranlıların geniş ­etiraz aksiyası keçirilib. ­Nümayiş Avropa Parlamentinin bir neçə nümayəndəsi və iranlı siyasi mühacirlərin çağırışı əsasında baş tutub.


Nümayişçilər Tehran rejiminin repressiyalarına etiraz edib və SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınmasını tələb ediblər. Aksiyaya Avropanın bir şox ölkələrindən Brüsselə toplaşan mühacir iranlılar və Avropa insan haqları müdafiəçiləri qoşulub.


Eyni zamanda, Güney Azərbaycanın milli fəalları hakimiyyətin repressiyalarından çəkinmədən 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçiriblər. Şəbistər şəhərində baş tutmuş tədbirdə Azərbaycan dilinin İrandakı durumu, mədəni fəaliyyətlər müzakirə olunub, Azərbaycan mahnıları ifa edilib. 


Parsabad şəhərində də oxşar aksiya keçirilib və mədəni fəallar uşaqlara Azərbaycan dilində nəşr edilmiş kitablar paylayıblar.


Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Son xəbərlər