“Xalqın istəmədiyi hökumətin dəyəri yoxdur”

post-img

Ötən cümələrdən birində İranda Zahidan camaatı sözə bənd imiş kimi küçələrə axışıb. Bu dəfə onlar cümə imamı Moləvi Əbdulhəmidin tənqidi xütbəsinə biganə qalmayıblar. Küçələrə çıxan camaat dərhal şüarlar səsləndiriblər. 


Bəs, Moləvi Əbdülhəmidin hansı sözləri onları bu qədər duyğulandırıb ki, xütbədən sonra etiraza çıxıb, şüarlar səsləndiriblər. Gəlin, cümə imamının namaz xütbələrində vurğuladığı kəlamlar ilə tanış olaq: “Məhbusa təzyiq etmək haramdır. Məhbusu alçaltmaq, təhqir etmək olmaz. Hər bir insana hörmət edilməlidir. Bütün insanların ləyaqəti var. Din bunları demir”.
Moləvi Əbdülhəmid məxsusi deyib: “Məhkum təhqir edilməməlidir. Məcburi etiraf məhbusun hüququnun pozulmasıdır. Bu, İslamın və dinin dediyi bir şey deyil”.
İslam Respublikasının tənqidçilər ilə davranış təcrübəsinə toxunan Əbdülhəmid deyib: “Tənqidçiləri həbs etməyin. Tənqid ölkənin dərmanıdır. Ən böyük problem tənqid qapılarının bağlı olmasıdır. Yazıçılar, jurnalistlər öz problemlərini ifadə etməkdə sərbəst olmalıdırlar”.
Zahidanın sünni cümə imamı daha sonra bildirib: “Xalq hökuməti istəmirsə, o hökumətin dəyəri yoxdur. Hökumətin dəyəri xalqa xidmət etmək və məzlumun haqqını almaqdır". Cənab Əbdülhəmid Zahidanda “Qanlı cümə”nin 300 yaralısı ilə keçirdiyi görüşünə də toxunub: “Bəzilərinin gözü yoxdur, ayaqları kəsilib. Onurğa beyni qırılıb. Bu hərəkətləri törədənlər mühakimə olunmalıdır”.
Cümə namazından sonra Zahidan əhalisi küçəyə çıxıb və İslam Respublikası hökuməti, Rəhbər, İnqilab Keşikçiləri və Bəsic əleyhinə şüarlar səsləndiriblər. Bu etirazlar hökumətin sərt repressiyalarına və Zahidanda ciddi təhlükəsizlik mühitinə baxmayaraq davam edib.

 


Rəhman GƏNCƏLİ

Siyasət