İran rejimi Azərbaycan siyasətində terrora da əl atdı

post-img

Vətən müharibəsində ölkəmizin qazandığı hərbi-siyasi qələbə, Azərbaycanın regionda artan gücü və üstün mövqeyi, görünür, düşmən dairələrin sırasında qonşu İrandakı molla rejimini də kədərləndirdi. Çünki, Qarabağ zəfərimiz illərdən bəri regionda qurulan, arxayın şəkildə yürüdülən mənfur siyasi düzəni pozdu, bədxahlarımızın gələcəyə yönəlik məkrli planlarını alt-üst etdi.


Yanvar ayının 27-si səhər saatlarında ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilən məlum terror hücumu da bu çirkin siyasətin davamı, dərin keçmişə söykənən, lakin “dostluq və qardaşlıq” pərdəsi arxasında gizlənən düşmənçilik mövqeyinin yeni və kəskin ifadəsi kimi özünü aşkar formada nümayiş etdirdi. Səfirliyimizə qarşı törədilən bu hücum Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən kəskin etiraza səbəb oldu. 
Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi ilk andan hadisəni terror adlandırmaqla bu qanlı olaya qəti və dəyişməz mövqeyini bildirdi. Ölkəmizin İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırılmasına, səfirlik əməkdaşlarının, eləcə də onların ailə üzvlərinin təxliyəsinə qərar verildi. Həyata keçirilmiş bu tədbirlər Azərbaycanın İran hökumətinə olan güvən və etimadının bitdiyinin aydın göstəricisi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə qarşı törədilən silahlı hücumla bağlı rəsmi “Twitter“ hesabında paylaşım edərək törədilmiş terror aktını şiddətlə qınadığını, günahkarların cəzalandırılmasını tələb etdi: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”
Bu rəsmi münasibət qarşı tərəfin cinayəti ört-basdır etmək, onu məişət səviyyəsinə endirmək səylərinə cavab olaraq, hadisənin sırf terror aktı olduğuna dair ən ali səviyyədə verilən ­layiqli qiymət idi.
Dünya ölkələri, beynəlxalq qurumlar, hətta BMT səviyyəsində də İran hakimiyyətinin diplomatik və hüquqi kontekstdə cavabdehliyinin dərindən dərk edilməsi məqsədilə bu çirkin hadisəyə düzgün siyasi qiymət verildi, şiddətlə qınandı.
18 aprel 1961-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, eyni zamanda, diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən etmək məqsədi ilə qəbul edilmiş ali beynəlxalq hüquqi sənəd (giriş hissə və 53 maddədən ibarət) olan Vyana Konvensiyasına əsasən hər bir dövlətin digər dövlətdə olan səfirliyi həmin dövlətin ərazisi hesab edildiyindən toxunulmazdır və hər bir dövlət onun mühafizəsinə, təhlükəsizliyinə hüquqi məsuliyyət daşıyır.
Belə ki, “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndində deyilir: “Nümayəndəliyi hər cür hücumlardan və zərərlərdən qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidi”. Lakin görünür, müasir dünya sivilizasiyasından özünü təcrid edən, hələ də saxta dini-siyasi ideoloji əsasda mağara üsul-idarəsi ilə ölkəni idarə edən ibtidai düşüncə tərzli fars rejimi üçün bu kimi beynəlxalq hüquqi öhdəliklər yetərli sayılmır.
Qeyd edək ki, İrandan fərqli sivil və demokratik dövlət olaraq respublikamızda məlum dövlətin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən digər xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri, onların hər bir əməkdaşının təhlükəsizliyi beynəlxalq öhdəliklər və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə, yüksək səviyyədə təmin olunur. Eyni zamanda, Azərbaycan tərəfi olaraq bizlər hər zaman öz mövqeyimizi aşkar şəkildə ifadə etmişik – bütün dövlətlərlə qarşılıqlı hörmət və ehtirama əsaslanan əməkdaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək. Bu bizim açıq və aydın dövlət siyasətimizdir. Bu siyasət ölkəmizin qonşu ölkələr ilə də bağlı sabit və dəyişməz mövqeyidir.
Biz haqlı tərəf olaraq qarşı tərəfdən də sözdə deyil, əməldə də üzərinə götürdüyü öhdəlikləri icra etməsini gözləyirik. Bu bizim təbii və qanuni haqqımızdır. Ancaq indiki situasiyada İran tərəfinin bu silahlı faciənin qarşısını almaması və ya almaq istəməməsi fonunda gözləntimiz ondan ibarətdir ki, qarşı tərəf bu qanlı terror hadisəsini törədən şəxs və onun arxasında duran, onu himayə edən qüvvələrin, cinayətin təşkilatçılarının müəyyən edilməsi və məsulİyyətə cəlb olunması istiqamətində çox ciddi araşdırmalar aparsın, əməli tədbirlər görsün.
Lakin məlum qanlı hadisədən xeyli müddət keçməsinə baxmayaraq, İran tərəfinin baş vermiş aşkar terror aktına müəyyən məişət zəmini motivi yükləmək səyləri, istintaqın gedişi ilə bağlı Azərbaycan tərəfinə heç bir informasiya verməməsi, terrorçunun psixi pozğunluqlardan əziyyət çəkmiş zavallı şəxs kimi psixoloji dispanserə yatırması, hələ də dövlət səviyyəsində ölkəmizdən üzr istəməməsi və digər bu kimi faktlar məlum hadisənin bilərəkdən və düşünülmüş şəkildə həyata keçirildiyini, dövlət səviyyəsində qanlı terror hadisəsinin dəstəkləndiyini, himayə olunduğunu təsdiq edir.
Ümumilikdə isə son zamanlar İranda ölkəmizə qarşı qərəzli və düşmən ritorikasının sərtləşməsi, Azərbaycanla sərhəddə Araz çayı boyunca keçirilən təxribat xarakterli hərbi təlimlər rejimin ölkəmizə qarşı yürütdüyü anti-Azərbaycan siyasətinin əsl mahiyyətini əyani şəkildə nümayiş etdirir. Bu mənada ölkəmizə qarşı davam edən təhdidlər fonunda törədilən məqsədli xain terror hücumu onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirməyə xidmət etmiş oldu.
Xatırladaq ki, yalnız Tehrandakı səfirliyimizə deyil, Londondakı Azərbaycan səfirliyinə qarşı törədilən təxribatın da arxasında məhz eyni qüvvələr dayanır. Eyni zamanda, ölkəmizdə dünyəvi dövlətçiliyimizə qarşı din pərdəsi altında daxili sabitliyi pozmaq, iğtişaşlar törətmək məqsədilə xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi formalaşdırmaq cəhdlərinin də şahidi oluruq.
Lakin İran tərəfi anlamalıdır ki, regionun sabitlik adasına çevrilən Azərbaycanda mövcud vəziyyəti dəyişmək, öz məkrli planlarını reallaşdırmaq cəhdləri baş tutmayacaqdır. Çünki bu gün ölkəmizdə xalq-iqtidar birliyi, Azərbaycan xalqının müdrikliyi, ali siyasi iradə və düzgün idarəetmə sistemi bu sahədə maraqlı qüvvələrin bütün mənfur planlarını al-üst edəcəkdir. 
Uzun illərdir Arazın o tayında yaşayan 40 milyona yaxın cənublu soydaşımız şovinist molla rejimi tərəfindən sistematik olaraq təzyiqlərə məruz qalır, doğma ana dillərində təhsil almaq imkanından məhrum edilir, milli kimliklərinin unutdurulmasına, assimilyasiyaya uğramasına çalışılır. Öz təbii haqqlarını, milli hüquqlarını tələb edənlər isə qəddar rejim tərəfindən həbs olunur və ya edam edilir, ailələri, yaxınları isə mütəmadi təqib və təzyiqlərə, qeyri-insani qadağalara məruz qalırlar. Hazırda İranın siyasi rejiminin əzablarına düçar olmuş, baş götürüb dünyanın müxtəlif ölkələrinə pənah aparmış minlərlə mühacir cənublu soydaşımız vardır.
Azərbaycan hər zaman beynəlxalq müstəvidə dünya azərbaycanlılarının, xüsusilə cənublu soydaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ən ali səviyyədə dəyişməz münasibət sərgiləmiş, onların müdafiəsinə qalxmışdır. Prezident İlham Əliyev 11 noyabr 2022-ci il tarixdə Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı zamanı açıq şəkildə bildirmişdir: “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.”
Otuz ilə yaxın davam etmiş işğal dövründə haqsızlığa göz yuman, tarixi-mədəni abidələrimizin məhv edilməsinə, müqəddəs məkanlarımızın təhqir edilməsinə, məscidlərin tövlə kimi istifadəsinə susqunluq nümayiş etdirən riyakar İran rejimi, nədənsə, indiki dövrdə daha aktiv şəkildə davranır, ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığından dəm vurur.
Geosiyasi dəyişikliklərin qəbul-edilməzliyi bəhanəsi ilə Zəngəzur dəhlizini Turan yolu adlandırmaqla, əslində, indiki rejim türk dövlətləri arasında genişlənməkdə olan qardaşlıq münasibətlərinin inkişafı fonunda böyük Türk birliyindən doğan qorxusunu aşkar şəkildə büruzə verir. Lakin terrorçu zehni ilə hərəkət edən molla rejimi anlamalıdır ki, bu qısqanclıq hisslərindən yaranan düşmənçilik mövqeyi onun daha çətin və çıxılmaz hallarla üzləşməsinə gətirib çıxaracaqdır.

 


Coşqun MƏMMƏDOV, 
AMEA Rəyasət Heyətinin elmi katibi

 





Siyasət