Rusiya ilə Qərb arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı münasibətlər hər keçən gün daha da gərginləşir. Ukrayna Prezidenti Rusiyanın genişmiqyaslı hücumlarının artıq başlandığını bəyan edib. Qərbin Kiyevə yardımları artır və bu sıraya ən müasir tanklar, texnikalar daxildir.
Bu günlərdə Fransa ilk AMX-10RC tanklarını Ukraynaya təhvil verib. “Forces Operations” nəşri məlumat yayıb ki, Ukraynadan olan hərbçilər də bununla bağlı təlimi başa vurublar. Bir qədər əvvəl isə Almaniya Kansleri Olaf Şolts Ukraynaya "Leopard" tanklarının çatdırılmasına icazə verib. ABŞ və Böyük Britaniya da Kiyevə ağır texnikaların göndəriləcəyi barədə vədlər veriblər.
Rusiya da Qərbə qarşı addımlarını sərtləşdirməkdədir. Bir tərəfdən, Ukraynaya qarşı təzyiqlər güclənir, digər tərəfdən, Qərb istiqamətində Rusiyanın ən müasir silahları işə düşməkdədir. Dünən yayılmış məlumata görə, Rusiyanın hipersəsli nüvə raketləri ilə silahlanmış “Admiral Qorşkov” hərbi gəmisi saatda 7000 mil sürətlə ABŞ istiqamərində üzməkdədir və tezliklə zərbə məsafəsinə çatacaq. Böyük Britaniyanın “The Sun” nəşri bildirib ki, “gəmi Atlantik okeanının neytral sularında, effektiv yaylım atəşi məsafəsində radarlarda qeydə alınıb”. Ancaq RF Müdafiə Nazirliyi buna münasibət bildirməyib.
Məlumata görə, Rusiya gəmisinin əsas silahı nüvə başlıqları daşıya bilən “qarşısı alınmaz” hipersəsli “Sirkon” raketləridir. Onların atəş məsafəsi 1000 kilometr təşkil edir. Rusiya KİV-in yazdığına görə, gəmi ABŞ istiqamətində imic missiyası ilə hərəkət edir. O, Dünya okeanının strateji əhəmiyyətli rayonlarında RF bayrağını nümayiş etdirəcək.
Yaranmış gərgin vəziyyətlə bağlı fevralın 20-21-də Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti gözlənilir. Rusiyanın Xarici İşlər Nazirliyi də bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrini rus ordusunun hərəkəti ilə bağlı kəşfiyyat məlumatları ilə təmin edən, Rusiya qüvvələrinə qarşı zərbələrdə istifadə edilən Qərb kosmik stansiyaları Rusiya ordusu üçün qanuni hərbi hədəfdir.
Artıq Rusiyanın görkəmli ictimai xadimlərinin də Qərbə qarşı qəti addımlar atmaqla bağlı çağırışları səslənir. Bu günlərdə tanınmış politoloq Sergey Markov bildirib: “Əlbəttə, Xarici İşlər Nazirliyi bütün bunları çox yumşaq dedi. Amma əsas məsələ başqadır - Rusiyanın sözlərinə heç kim əhəmiyyət vermir. Buna görə yalnız birbaşa fəaliyyət vacibdir. “Rusiyanın qırmızı xətləri” özünü məhz hərəkətsizliyə görə gözdən salıb. Ancaq Silahlı Qüvvələrimiz Ukrayna raketlərini rus ordusuna yönəltməyə kömək edən peyki vursa, onda VSU (Ukrayna Silahlı Qüvvələri) VAU olacaq”.
Markov onu da qeyd edib ki, artıq Rusiyada hərbi vəziyyət tətbiq edilməsinin vaxtı çatıb. Fevralın 22-də Rusiya Dövlət Duması və Federasiya Şurasının bununla bağlı fövqəladə iclası keçirəcək: “Ölkə parlamentinin hər iki palatasının fövqəladə iclası dövlət başçısı Vladimir Putinin Federal Məclisə müraciətindən sonrakı günə təyin edilib. Görünür ki, prezidentin mesajında yeni qanunların təcili qəbulunu tələb edəcək təkliflər var”.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”