Qərb ixrac marşrutu – 27
1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalanarkən ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycan neftinin şaxələndirilmiş boru kəmərləri ilə nəqli ideyasını irəli sürmüş və bu təklif saziş iştirakçıları tərəfindən də razılıqla qarşılanmışdı. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbər komitəsi dövlətimizin başçısının bu sahədə irəli sürdüyü təklifləri nəzərə alaraq 1995-ci il oktyabrın 9-da ilkin neftin ixracı üçün Rusiya ərazisindən Novorossiysk və Gürcüstan ərazisi ilə Supsa limanlarına iki neft kəmərinin tikilməsi haqqında qərar qəbul edib. Bununla da sözügedən kəmərlərin çəkilişi ilə bağlı danışıqlar intensivləşib.
1996-cı il martın 8-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında neftin Gürcüstan ərazisindən nəql olunmasına dair hökumətlərarası saziş imzalanıb. Həmin ilin dekabr ayında ABƏŞ Bakı–Supsa (Qərb ixrac boru kəməri) kəmərinin inşası üçün müsabiqə elan edib. ABŞ, İtaliya, Avstraliya, Türkiyə, Fransa, Böyük Britaniya, Azərbaycan və digər ölkələrin şirkətlərindən daxil olan təklifləri öyrənən ABƏŞ 1997-ci ilin aprelində Bakı-Supsa boru kəmərinin Azərbaycan hissəsini “Tekfen-Azfen” Azərbaycan–Türkiyə birgə müəssisəsinə, Gürcüstan hissəsini isə Avstraliyanın “Makkonnell Douell midl ist” şirkətinə həvalə edib.
Layihəyə əsasən, Azərbaycan ərazisində – Səngəçal terminalından Gürcüstan sərhədinədək 421 kilometr uzunluğunda mövcud boru kəməri bərpa olunmalı və 47 kilometr uzunluğunda yeni xətt çəkilməli idi. Gürcüstan ərazisində isə 340 kilometr uzunluğunda boru kəmərinin bərpası, 39 kilometr məsafədə isə yeni hissəsinin çəkilişi nəzərdə tutulurdu.
1998-ci ilin martında başlanan tikinti işləri qrafik əsasında davam etsə də, podratçı şirkətlər tərəfindən kəmərin mövcud hissəsində həyata keçirilən sınaq işləri zamanı vaxtilə çəkilmiş boruların təzyiqə davam gətirmədiyi üzə çıxıb. Buna görə də layihədə edilmiş düzəlişlərə əsasən, əlavə boru xətti çəkilib. Beləliklə, tikinti işləri tamamlandıqdan sonra dekabrın 10-da Bakı-Supsa kəmərinin xam neftlə doldurulmasına başlanılıb. 1999-cu il martın 11-də neft Qara dəniz sahilində inşa olunmuş Supsa terminalına çatıb.
Həmin il aprelin 8-də Supsa limanında ilk neftin tankerlərə yüklənməsinə başlanılıb. Bu münasibətlə aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, eləcə də ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və terminalın rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən xalqımızın ümummilli lideri Heydər Əliyev Bakı-Supsa neft kəmərini Azərbaycanın müstəqil iqtisadi siyasətinin və neft strategiyasının böyük uğuru, ölkənin dünya bazarlarına çıxışını təmin edən vacib Qərb ixrac boru kəməri kimi qiymətləndirərək deyib: “Bu gün biz tarixi bir hadisənin şahidiyik. Bakı-Supsa neft kəmərinin inşasına dair böyük səmərəli iş başa çatdırılmışdır və biz Azərbaycanın Xəzər nefti yüklənmiş ilk tankerinin dünya bazarlarına yola salınmasını təntənəli şəraitdə qeyd edirik. Bu, Gürcüstanın, Azərbaycanın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan neft şirkətlərin birgə səyləri sayəsində mümkün olmuşdur. Bu, 1995-1996-1997-ci illərdə başlanmış səylərimizin məntiqi nəticəsidir. Bu, Azərbaycanda 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsini təmsil edən 11 ən iri neft şirkətləri arasında imzalanmış “Əsrin müqaviləsi”nin praktiki surətdə həyata keçirilməsidir”.
Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirən Bakı-Supsa boru kəməri Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Uzunluğu 833 kilometr olan “qara qızıl” marşrutunun 772 kilometrlik hissəsi 530 millimetrlik yeni polad borularla çəkilib, qalan 55 kilometrlik hissəsi isə əsaslı təmir edilib. Boru kəməri obyektlərinə 3-ü Azərbaycanda və 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstanda), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. Layihə çərçivəsində, həmçinin Supsada ümumi həcmi 1 milyon barel olan 4 iri neft çəni inşa olunub. Kəmərin illik nəqletmə gücü isə 7,2 milyon ton təşkil edir.
İlk vaxtlarda bu kəmərlə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından çıxarılan neft Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına nəql olunub. Xam neft buradan tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınıb. Son illər isə Bakı–Supsa boru kəmərinin fəaliyyətində ən məhsuldar dövr 2021-ci ilə təsadüf edib. Belə ki, həmin il kəmərlə 4,2 milyon ton neft nəql olunub. 2022-ci ilin mayında isə Rusiya–Ukrayna müharibəsi səbəbindən fəaliyyəti dayandırılmış bu kəmər daha sonra spot daşımalar üçün qismən aktivləşdirilib. Ümumilikdə, istismara verildiyi vaxtdan 2025-ci il aprelin 1-dək Qərb ixrac marşrutu ilə 738 milyon barel və ya 100 milyon tona yaxın xam neft nəql edilib.
Bakı-Supsa neft kəməri Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi həyatında mühüm rol oynayıb. Belə ki, regionda investisiya qoyuluşunun artmasında, sosial rifahın yüksəlməsində və siyasi sabitliyin təmin olunmasında Qərb ixrac marşrutu xüsusi əhəmiyyət daşıyıb. Eyni zamanda, Şimal marşrutu ilə müqayisədə daşınma tariflərinin xeyli aşağı olması Qərb ixrac boru kəmərinin rəqabət qabiliyyətini xeyli artırıb. Bu baxımdan neft ixracında sözügedən kəmərdən istifadə edilməsi həm xarici şirkətlər, həm də Azərbaycan üçün iqtisadi baxımdan sərfəli olub.
Azərbaycan neftinin Qərb istiqamətinə nəqlini həyata keçirən Bakı–Supsa kəmərinin işində fasilə davam etsə də, sözügedən ixrac marşrutu bu gün də öz aktuallığını qoruyub saxlayır. Hazırda ölkəmiz Bakı-Supsa kəməri ilə neft ixrac etmir. Bununla belə, kəmərin fəaliyyəti tam dondurulmayıb. Neft nəqli üçün tam hazır vəziyyətdə olan bu kəmərdən istənilən vaxt istifadə edilə bilər. Elə 2023-cü ilin fevralında kəmərin fəaliyyətinin qısa müddətə bərpa edilməsi də bunu təsdiq edir. Fevralın 6-da qardaş Türkiyə Respublikasının ərazisində baş vermiş zəlzələ səbəbindən bu ölkənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı müvəqqəti olaraq bağlandığından “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft Qərb ixrac marşrutu ilə Supsa terminalına nəql olunub. Həmin vaxt Supsa limanından Azərbaycan nefti yüklənmiş bir neçə tanker dünya bazarına göndərilib. Yeri gəlmişkən, dəniz qonşumuz, ölkəmizlə tranzit neft ixracı sahəsində fəal əməkdaşlıq edən Qazaxıstan adıçəkilən kəmərlə ildə 3 milyon tonadək neft nəql etməyi planlaşdırır.
Yeri gəlmişkən, 1996-cı il martın 8-də Gürcüstanın Beynəlxalq Neft Korporasiyası və neft şirkətləri arasında Bakı-Supsa kəmərinin ölkə ərazisindən keçən hissəsinin tikintisi və istismarı barədə imzalanmış sazişin müddəti bu il aprelin 24-də başa çatır. Bu məqsədlə Bakı-Supsa neft kəmərinin Gürcüstandan keçən hissəsinin istismar müddəti ilə bağlı qanunvericilik təşəbbüsü hazırlanıb.
Layihə parlamentin İqtisadi siyasət komitəsinin iclasında təqdim olunub və dəstək qazanıb. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladzenin sözlərinə görə, məsələ ilə bağlı xarici neft şirkətləri və boru kəmərinin operator şirkəti ilə razılıq əldə olunub. Buna uyğun olaraq 2026-cı il iyunun 8-dək boru kəmərinin istismarı ilə bağlı bütün xərclər onlar tərəfindən maliyyələşdiriləcək.
Mirbağır YAQUBZADƏ
XQ

