Azərbaycanın işğaldan azad olunan ərazilərində keçmiş məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri regionun sürətli dirçəlişinə təkan verir. Bununla bağlı 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” yalnız infrastrukturun bərpasını deyil, həm də dayanıqlı yaşayışın təmin olunmasını hədəfləyir. Sənəd çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, əhalinin mərhələli şəkildə köçürülməsi və normal həyat şəraitinin yaradılması hökumətin əsas prioritetləri kimi mühüm önəm daşıyır.
İndiyədək I Dövlət Proqramı ilə nəzərdə tutulan məskunlaşma əsasən Zəngilan, Laçın, Füzuli və Tərtər rayonlarının bir neçə yaşayış məntəqəsində həyata keçirilib. 2022-ci ilin avqustunda Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın rəmzinə çevrilib. Burada “ağıllı kənd” konsepsiyası tətbiq edilərək müasir infrastruktur, “yaşıl” enerji və dayanıqlı kənd təsərrüfatı modelləri qurulub. Daha sonra Laçın şəhəri, Füzuli və Tərtərin Talış kəndi məskunlaşdırılıb.
Qeyd edək ki, 2024-cü ilin sonuna qədər 2 mindən çox ailə artıq doğma yurdlarına qayıdıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 10 mindən artıq sakinin məskunlaşması başa çatıb. Bu göstəricinin yaxın illərdə daha da artacağı proqnozlaşdırılıb. Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 mindən çox insanın bu bölgələrə qayıtması nəzərdə tutulub.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilir. Şəhər və kəndlərdə yollar çəkilir, elektrik, su və qaz xətləri yenilənir, internet və rabitə şəbəkələri qurulur. Hazırda bölgənin müxtəlif ərazilərində 30-dan artıq məktəb, 20-dən çox səhiyyə müəssisəsi və bir neçə sənaye parkı tikilir.
Bu obyektlərin həm yerli əhaliyə xidmət göstərəcəyi, həm də iqtisadi fəallığı artıracağı bildirilir. Xüsusilə “Araz Vadisi İqtisadi Zonası” və “Ağdam Sənaye Parkı” kimi layihələr bölgədə dayanıqlı iqtisadi inkişafı sürətləndirir. Yeri gəlmişkən, adları çəkilən sənaye parklarında, ümumilikdə, 400-dən artıq müəssisə səmərəli fəaliyyət göstərir. Ağdam Sənaye Parkında istehsal olunan məhsulların ixracı uğurla həyata keçirilir. Bu sənaye obyektlərində müvafiq Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə bərabər, güzəştli kredit mexanizminə də xüsusi üstünlük verilir.
İşğaldan azad edilən ərazilərdə “yaşıl” enerjinin reallaşdırılmasına da xüsusi önəm verilib. Prezident İlham Əliyevin 2021-ci il 3 may tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi diqqətdə saxlanılıb. Sözügedən sənədin icrasını gerçəkləşdirmək məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə prioritet istiqamətləri özündə daşıyan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib.
“Yaşıl” enerji zonasının yaradılması çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin reallaşdırılması, “yaşıl” texnologiyaların tətbiqi, bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi layihələrin gerçəkləşdirilməsinə mühüm önəm verilib. Bütün bunların nəticəsidir ki, ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometrlik 110 kv-luq, 262 kilometrlik 330 kv-luq elektrik verilişi xətləri çəkilib, 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.
Ümumilikdə işğaldan azad edilən ərazilərin “yaşıl” enerji potensialı (günəş, külək və su) 10 min meqavat gücündə qiymətləndirilir. Qarabağın dağlıq sahələrində isə külək enerjisinin potensialı 300-500 meqavat kimi dəyərləndirilir.
Onu da qeyd edək ki, Vətən müharibəsi tarixi qələbəmizlə başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dünyanın ən modern yol infrastrukturunun yaradılmasına başlanılıb. Həmin vaxtdan indiyədək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, eləcə də dövlətimizin başçısının imzaladığı sərəncamlar əsasında icra olunan layihələrin sayı 44-ə, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometrə çatdırılıb. Ötən illər ərzində 7 yolun tikintisi yekunlaşdırılıb.
Hazırda tikintisi həyata keçirilən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, 6 şəhərin (Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, eləcə də 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.
Dövlət Proqramına uyğun olaraq, Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçın şəhərlərinin daxili yollarının tikintisi də uğurla həyata keçirilir. Bundan əlavə, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, Cəbrayılın Horovlu, Ağdamın Kəngərli, Qubadlının Mahrızlı, Zilanlı, Zəngilanın Cahangirbəyli, Xocalının Malıbəyli və Suqovuşan – Sərsəng su anbarı – Qozlukörpü – Kəlbəcər avtomobil yolunun 24-cü kilometrliyindən ayrılan Umudlu kəndinə gedən magistral, eləcə də 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli– Füzuli – Şuşa avtomobil yolunun tikintisi yekunlaşdırılır. Xatırladaq ki, mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Hazırda layihə üzrə son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur.
Lakin qarşıda böyük çağırışlar da var. Minalardan təmizlənmə prosesi sürətlə getsə də, bu, hələ də iri həcmli tikinti və köç proseslərinə maneə yaradır. Bəzi yaşayış məntəqələrinin infrastruktur təminatı hələlik ilkin mərhələdədir. Buna baxmayaraq, dövlət səviyyəsində görülən tədbirlər, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və yerli resursların səfərbərliyi bu prosesin planlı şəkildə sürətlə davam etdiyini göstərir.
Böyük Qayıdış təkcə bir köç proqramı deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin qətiyyətlə öz ərazilərinə həyat qaytarmasının simvoludur. Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan hər ev, çəkilən hər yol və dogma yurda qovuşan hər bir insan bu dönüşün canlı sübutudur.